Axtarış...

Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? - AKTUAL

Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? - AKTUAL

Bir çox ölkələrdə bələdiyyələr geniş imkanlara malikdirlər.

Belə ki, bələdiyyələr hətta onlara verilmiş səlahiyyətlərdən istifadə edərək vətəndaşlara daha yaxşı xidmət göstərmək üçün sosial evlərin tikintisini də həyata keçirir.

Buna örnək olaraq qardaş Türkiyyəni nümunə gətirmək olar. Türkiyyədə bələdiyyələrin səlahiyyətinin geniş olması onlara ərazi üzrə müxtəlif layihələrin icrasına kömək edir. Ölkəmizdə vəziyyət fərqlidir.

Buna səbəb bələdiyyələrin dövlət büdcəsinin maddi dəstəyinə ehtiyac duyması və digər problemlərdir.

Maraqlıdır, ölkəmizdə bələdiyyələrin sosial layihələr icra etməməsinə səbəb təkcə bunlardır?

Məsələ ilə bağlı bələdiyyə eksperti Vüqar Tofiqli “Cebhe.info”-ya açıqlamasında deyib ki, Azərbaycan qanunvericiliyi bələdiyyələrin fəaliyyəti ilə bağlı konkret qadağa qoymur:

“Əksinə, onların fəaliyyəti üçün geniş imkanlar və şərait yaradır. Yəni Azərbaycan qanunvericiliyində bələdiyyə evləri, sosial evlər və hətta uşaq bağçası da tikə bilər. Bələdiyyə əhaliyə, öz seçicilərinə və sakinlərinə bütün xidmətləri göstərə bilər. Bunun üçün hər hansı məhdudiyyət yoxdur. Sadəcə olaraq bu gün Azərbaycan bələdiyyəsinin müəyyən büdcə gəlirləri bu prosesləri etməyə imkan vermir”.

Ekspert vurğulayıb ki, bələdiyyələrin içərisində özünün parkı, müəyyən kiçik bir təsərrüfatı olan və yaxud öz mülkiyyətində olan obyektləri icarəyə verməklə məşğul ola bilənlər də var:

“Amma bu sayca 1600-dən çox bələdiyyənin heç 10 faizini təşkil etmir. Dövlət bu istiqamətdə müəyyən stimullaşdırıcı addımlar atıb, bələdiyyələrə subvensiyaların (Subvensiya istənilən səviyyəli büdcədən yalnız müəyyən məqsədlər üçün ayrılmış və bu məqsədlər üçün xərclənməli olan pul miqdarıdır-red.) verilməsi prosesini bir neçə il bundan qabaq müzakirə edib. İl ərzində 1,5 milyon manata yaxın vəsait ayırıb. Amma o vəsait də müəyyən mənada proseslərin tam şəkildə icrasına imkan vermir”.

Ekspert güman edir ki, bələdiyyələr tərəfindən sosial evlər inşası və onların öz seçicilərinə təhvil verilməsi ancaq bir halda mümkündür:

“Azərbaycanın büdcə gəliri Türkiyədəki, Avropadakı səviyyə ilə uzlaşacaqsa, bu mümkündür. O zaman bu təklifləri vermək olar”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz