Bir müddət əvvəl “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanuna dəyişiklik edilib. Qanuna görə, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilməsi nəzərdə tutulur.
Qanunda edilən dəyişikliklərdən sonra bələdiyyələrin birləşdirilməsi prosesi başlayıbmı?
Mövzu ilə bağlı Modern.az-ın suallarını Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov cavablandırıb.
Komitə sədrinin sözlərinə görə, qanun qüvvəyə minəndən sonra bir sıra məsələlərlə bağlı işlərə başlanıb:
“Hazırda lazımi məsələlər aidiyyəti qurumlarla aparılır. İndi ölkədə görülməsi nəzərdə tutulan işlər çoxdur. Həm işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri, vətəndaşların köçürülməsi, həm də ardıcıl beynəlxalq konfransların keçirilməsi, COP29-a hazırlıq arasında bu məsələyə də təbii ki, vaxt ayrılır. Hesab edirik ki, edilməsi nəzərdə tutulan dəyişiklikləri yeni bələdiyyə seçkilərinə qədər çatdıra biləcəyik”.
O vurğulayıb ki, Qanunun məqsədi faəliyyətsiz bələdiyyələrin aradan qaldırılmasıdır:
“60 nəfər yaşayan ərazidə bir bələdiyyə var. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda bələdiyyələrin sayı 35-40% azalacaq".