Astara rayon bələdiyyələri “Azərpoçt”un Lənkəran filialından narazıdırlar. Astara rayonunun Hamoşam kənd bələdiyyəsinin sədri Rüfət Əliyev Meydan TV-yə deyir ki, “Azərpoçt” regionallaşandan sonra qurumun Astaradakı filialı bağlanıb. Bələdiyyələrin yeni hesabının açılması üçün isə Lənkəran filialına müraciət edilməlidir:
“Bizə bildirdilər ki, Lənkəran filialında bələdiyyələrin yeni hesabı açılmalıdır. Bələdiyyələrin bütün məlumatları Astara filialında vardı. Bu hesabları Lənkəran filialına dövr etmək üçün bir neçə dəqiqə kifayət idi. Amma “Azərpoçt” bunu etmədi”.
Bələdiyyə sədri deyir ki, aylardır yeni hesab aktivləşdirilməyib:
“Dövlət Vergi Xidmətinə şəhadətnamə-dublikatın alınması üçün ərizə ilə müraciət etdik. Yeni hesablar açdıq. Dörd aydan artıqdır ki, biz bələdiyyələr “Azərpoçt”un yarıtmazlığı ucbatından hesablarımızdan heç bir əməliyyat apara bilmirik. Həm də hesabdan əlavə, keçmiş əməkhaqqı kartları da ləğv olunur. Yeni əmək haqqı kartı da əlavə ödəniş tələb edir. “Azərpoçt” qazanır deyə təkcə Astarada 15 bələdiyyəni iflic edib. Bunun Lerik, Yardımlı, Cəlilabad və digər rayonları da var”.
Ərçivan kəndinin bələdiyyə sədri Mehman Quliyev də Meydan TV-yə eyni problemlərlə üzləşdiklərini deyib:
“Aylardır ki, sistemi aktivləşdirmirlər. Sistem bağlı olduğu üçün dövlət tərəfindən verilən dotasiyanı götürə bilmirik. Belə olan halda da dövlət qurumlarına olan aylıq ödəniş və borclarımızı icra edə bilmirik”.
“Azərpoçt”un Lənkəran filialından Meydan TV-nin zənglərinə cavab verilməyib. “Azərpoçt”un mətbuat xidmətindən Meydan TV-yə məsələnin araşdırılacağı bildirilib. //meydanTV//