Nazirlər Kabinetinin açıqladığı hesabata görə, vətəndaşların ən çox şikayəti yerli icra hakimiyyəti orqanları, sosial müdafiə, təhsil, səhiyyə, bələdiyyə, özəl sektor sahələrini əhatə edib. Bu həm də hansı sahələrdə daha çox islahat zərurəti olduğunun göstəricisidir. Nəzarətin artırılmasına və korrupsiya həbslərinə baxmayaraq, icra hakimiyyətləri hələ də ən “yaralı” yer kimi qalır. Bu hesabat həm də sosial narazılığın həssas nöqtələrini göstərir.
Bəs nə etməli? İcra hakimiyyətlərini ləğv etməlimi? Yerində nə yaradılmalı?
Qeyd edək ki, bu yaxınlarda Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliklərinin yaradılması haqqında imzaladığı fərman ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Belə hesab olunur ki, işğaldan azad edilmiş ərazilərdə təsis ediləcək xüsusi nümayəndəliklər icra hakimiyyətlərinin ləğvi prosesinə apara bilər.
Bir sıra ekspertlər və deputatlar isə hesab edir ki, icra hakimiyyətləri ləğv olunmalı və funksiyaları bələdiyyələrə verilməlidir, böyük şəhər bələdiyyələri də yaradılmalıdır.
Təəssüf ki, bizdə qanunda bələdiyyələrə status verilsə də, reallıqda ciddi səlahiyyətləri yoxdur. Dünyanın bir çox ölkələrində isə bələdiyyələrin statusu yüksəkdir. Onların öz məktəbləri, nəqliyyatı var və aid olduqları ərazilərdə əhalinin bütün kommunal ehtiyaclarının - su, qaz, işıq, yol, torpaq və sair məsələlərin təminatı ilə məşğuldurlar. Yığılan vergidən bələdiyyənin büdcəsi təşkil olunur ki, o da əhalinin problemlərinin həlli üçün xərclənir.
İcra hakimiyyətlərinin qalması həm də korrupsiyaya gedən yolun açıq olmasıdır. Məlumdur ki, ölkə başçısı hər il 1-2 dəfə müəyyən rayonlara maliyyə ayırır və bu, birbaşa icra hakimiyyətinin balansına gedir. İcra hakimiyyətinin başçısı bu pulları istədiyi sahəyə yönəldir.
İcra hakimiyyətlərinin ləğvi, həm də korrupsiyanın qarşısını ala bilər.
Deputat Fazil Mustafa hesab edir ki, indi icra hakimiyyətlərinin ləğv olunmasına heç bir lüzum yoxdur. Bütövlükdə daha çox bələdiyyəni gücləndirmək lazımdır: “Bizdə bələdiyyə ölü vəziyyətdədir. Ona görə də indiki şəraitdə icra hakimiyyətlərinin zəiflədilməsi tam idarəsizlik demək olar. Əslində icra hakimiyyətlərinin səlahiyyətləri məhz bələdiyyələrə verilməlidir, çünki bu gün bələdiyyələr formal olaraq sənədə qol çəkirlər, amma real güc icra hakimiyyətlərindədir. Torpaq və başqa məsələlər əslində bələdiyyələrin səlahiyyətindədir. Amma bələdiyyələrin imzası ilə verilən sənədin heç bir dəyəri olmur. Bələdiyyə hüquqsuz qurumdur, onu canlandırmaq lazımdır. Bizdə idarəetmə modeli dünya modelindən fərqli olaraq anlaşılmazdır. Bu boyda Bakı şəhərində bələdiyyə qurumu yoxdur. Xüsusi nümayəndəliklərin yaranması icra hakimiyyətlərinin ləğvinə doğru ilkin addım olsa da, hələ ki bunun gerçəkləşməsi mümkün deyil”.
Deputat Razi Nurullayev isə bildirdi ki, icra hakimiyyətlərindən narazılıq, şübhəsiz, həddindən artıq çoxdur. Amma buna görə ancaq və ancaq həmin strukturları qınamaq da düzgün yanaşma olmazdı: “Məsələ burasındadır, icra hakimiyyətlərindən şikayətlər ona görədir ki, bu qurumlar vətəndaşları qəbul edib şikayətini dinləmək istəmir, yaxud da şikayəti dinləyib həll edə bilmir. Vətəndaşların şikayətlərinin 90 faizini icra hakimiyyətləri həll edə bilmir və edə bilməz. Ona görə ki, şikayətlərin, problemlərin bir çoxu torpaqla, mənzillə, işlə bağlıdır və bütün bu məsələlərin hamısını icra hakimiyyətləri həll etmək gücündə, səlahiyyətində deyil. İcra hakimiyyətinə müraciət edən insanların əksəriyyəti iş istəyir, yardım istəyir. İcra hakimiyyəti də onların heç də hamısını işlə təmin edə bilmədiyi, onlara pul paylaya bilmədiyi üçün ən asan yolu seçir-müraciət edənləri qəbul etmir. Amma hər halda, məncə, müraciət edən vətəndaşların hamısını qəbul edib dinləmək lazımdır. Yerlərdə iş yerləri azdırsa və ya icra başçısının bacarığı çatmayıb rayona sərmayə cəlb eləsin, iş adamlarına rayona yatırım qoymaq üçün şərait yaradılmayıbsa, işləmək üçün müraciət edən sadə insanlar təbii ki, narazı qalacaqlar. İcra hakimiyyətlərindən daha çox narazılıqların kökündə bu amil dayanır.
Nə baş verir-versin, hər şeyin arxasında bir səbəb var. Əslində icra hakimiyyətləri ləğv olunmaqla, yerində birləşmiş vilayət idarəçiliyi və ya daha güclü bələdiyyə idarəetməsinin yaradılması ilə problem tam həll olunmayacaq. Bütövlükdə idarəetmə mexanizminin yenilənməsinə ehtiyac var. Prezidentin sərəncamı ilə konstitusiya dəyişikliklərinə gedilməlidir və bütövlükdə idarəçilik sistemi dəyişilməlidir. Həmçinin qeyri-rəsmi quberniyalar ləğv olunmalıdır, inhisarçılığa, məmur biznesinə son qoyulmalıdır. Nə qədər ki, bütün bunlar həyata keçirilməyib, problemləri həll etmək mümkün deyil".
“Yeni Müsavat”