Axtarış...

Bələdiyyələr nə zaman səlahiyyət sahibinə çevriləcək? - GƏLİŞMƏ

Bələdiyyələr nə zaman səlahiyyət sahibinə çevriləcək? - GƏLİŞMƏHazırda adı olub özü, fəaliyyəti olmayan qurumlardan biri də el arasında “JEK” adlandırılan Mənzil İstismar Sahələridir (MİS).

Qeyd edək ki, sovetdən qalma bu qurumun səlahiyyətlərini əslində yerli bələdiyyələr həyata keçirməlidir. Lakin illərdir bu mövzu müzakirə olunsa da, “JEK”lər hələ fəaliyyət göstəməkdədir. İşi-gücü vətəndaşlara arayış verməkdən ibarət olan “JEK”lərdən narazılıq get-gedə artır. Müəyyən ərazilərdə mənzillərin istisamarına, küçə və həyətlərin təmizliyinə cavabdeh olan qurum işinin öhdəsindən gələ bilmir, sakinləri narazı salır.

Son illərə qədər həyətlərdə zibillərin daşınması da “JEK”lərin öhdəsində idi. Lakin bu qurum işini görə bilmir, zibil vaxtında daşınmır, həyətlərdə çirkab dizə çıxırdı. Bəzən “JEK” işçiləri gecə saatlarında zibilə od vurub yandırırdı. Nəticədə ətraf mühitə zərər dəyir, ekologiya korlanır, zibil qablarının yanındakı yaşıllıq məhv olurdu. Lakin zibilin daşınması “Təmiz Şəhər” ASC-yə tapşırıldıqdan sonra vəziyyət dəyişdi. Bu qurum qısa vaxt ərzində problemi birdəfəlik həll etdi. İndi həyətlərdəki zibil vaxtında daşınır, üfunət iyi ətrafa yayılmır, Bakı bu problemdən müəyyən qədər azad olub. Hesab olunur ki, “JEK”lər ləğv olunarsa, səlahiyyətləri bələdiyyələrə verilərsə, bu problem də birdəfəlik həll olunar.

Xatırladaq ki, “JEK”lər Prezident sərəncamı ilə de-fakto ləğv edilib. Belə ki, ölkə Prezidentinin 2018-ci il 30 noyabr tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən, mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək. Sovet dövründə və ondan əvvəl tikilmiş binalarda mənzil xidmətlərinin tarifləri Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarı əsasında müəyyənləşirdi. Həmin qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik edir. Dəyişiklik nəticəsində özəl mənzillər üçün bu tarif ləğv olunur və xidmət haqqının müəyyənləşdirilməsi əhalinin öz üzərinə buraxılır.

Bəs “JEK”lər niyə hələ də mövcuddur?

Bunun bir neçə obyektiv və subyektiv səbəbləri var. “JEK”lərin var olmasında maraqlı olan ilk növbədə yerli icra hakimiyyətləridir. Bu qurumlar binalarda mənzil-tikinti koorperativlərinin yaranmasında maraqlı deyil. Bu gün əsasən, yeni hündürmərtəbələrdə mənzil-tikinti koorperativlərinə rast gəlirik. Qeyd edək ki, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Bu birlik yaradıldığı andan etibarən “JEK”lərin funksiyalarını itirmiş hesab olunur. Belə təcrübədən artıq az da olsa, istifadə olunub. Belə ki, Binəqədi və Sumqayıt ərazisində yerləşən binaların bəzilərində tətbiq olunan bu təcrübə müstəqil ekspertlər tərəfindən də müsbət qarşılandı. Belə bir təcrübənin olduğu halda, “JEK”lərin fəaliyyətdə qalması isə həm büdcəyə əlavə yükdür, həm də qanunsuzdur. “JEK”lər isə fəaliyyətlərini davam etdirmək üçün binalarda yaşayan vətəndaşlardan həmin mənzillərin idarə olunması adı altında “xahiş məktubu” alırlar. “Xahiş məktubları”nda qeyd olunur ki, sakinlər binanı idarə edə bilmədiklərini qeyd edərək, “JEK”lərin hələlik fəaliyyətini davam etdirməsini istəyir. Məhz həmin məktubların sayəsində “JEK”lər hələ də fəaliyyətlərini davam etdirir, baxmayaraq ki, “JEK”lərin mənzil pulu yığması da qanunsuzdur. Yuxarıda da qeyd olunan sərəncamla bu hüquq onlardan alınıb. Amma hələ də “JEK”lər mənzillərdən qanunsuz pul yığımını davam etdirir. Bunun təsdiq edəcək faktlar da var. Məsələn, Suraxanı rayonu Hövsan qəsəbəsində 103, 104 saylı “JEK”-lərdən mənzil pulu yığılması ilə bağlı demək olar ki, hər gün şikayətlər daxil olur. İddia olunur ki, sözügedən “JEK”lər ev pulu ödəməyən mənzil sahiblərinə yaşayış yerindən arayış verməkdən imtina edir, bu yolla sakinlərə təzyiq göstərməyə çalışır.

Problemdən çıxış yolu kimi isə “JEK”lərin tamamilə ləğv olunması təklif olunur. “JEK”lər hazırda binaların və məhəllələrin təmizliyinə cavabdehdirlər. Amma mərkəz də daxil olmaqla, bir çox küçələrin təmizlənmədiyinə gündəlik həyatımızda da şahid oluruq. Ümumiyyətlə, “JEK”lərin iş əmsalı çox aşağı hesab olunur. Təklif olunur ki, sözügedən xidmətlər və hətta mənzil pulunun yığılması yerli bələdiyyələrin səlahiyyətinə verilsin. Bu, həm ərazilərin inkişafına, həm də bələdiyyənin büdcəsinin formalaşmasına imkan verəcək. Hazırda bələdiyyələr də səlahiyyətsiz qurum hesab olunur. Bələdiyyələrin büdcələri azdır, gəlir imkanları isə demək olar ki, yox səviyyəsindədir. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bu ilin dekabr ayında ölkə üzrə bələdiyyə seçkiləri keçiriləcək. Təklif olunur ki, seçkilərə qədər bu sahədə islahatlar aparılmalı və 2020-ci ilə qədər “JEK”lər tamamilə ləğv olunaraq, səlahiyyətləri seçkili qurum olan bələdiyyələrə verilməlidir. Bu, həm də vətəndaşların tələb və şikayətlərini etmək üçün vahid ünvanın olması deməkdir. Ekspertlər hesab edir ki, vətəndaş səs verdiyi insandan ona xidmət göstərməsini tələb edəcək. Göstərilən xidmət vətəndaşın ürəyincə olmayacaqsa, o, zaman növbəti dəfə səsini başqa namizədə verəcək. Bu da bələdiyyələrin iş əmsalını yüksəldəcək.
Cebhe.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz