Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Tərtər rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatdan sonra aparılan istintaq hərəkətləri bu rayonun icra başçısı Müstəqim Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcək.
Bir neçə gün əvvəl rayonda keçirilən əməliyyatda həbs edilən Tərtər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Kərimov istintaqa ilkin ifadəsində icra başçısının əleyhinə ifadə verib. Bu isə icra başçısı Müstəqim Məmmədovun həbs edilməsi üçün ciddi əsas yaradıb. Xatırladaq ki, Baş Prokurorluğun açıqlamasında Tofiq Kərimovun yerli vətəndaşdan tikintiyə icazə üçün 25 min manat pul aldığı bildirilir. Onun bu vəsaiti icra başçısına verdiyi deyilir. Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Müstəqim Məmmədov artıq özünə vəkil də tutub. Onun bu həftə ərzində istintaqa çağırılacağı gözlənilir.
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vitse-prezidenti, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı bildirib ki, bu problem demək olar ki, əksər şəhərlərdə, rayonlarda mövcuddur:
"Vətəndaşların əksər hissəsi belə problemlərlə üzləşirlər. Qanunda belə bir maddə var ki, 12 metr yüksəkliyinə qədər icazə olmadan insanlar ev tikə bilərlər. İkinci maddədə göstərilir ki, amma evin layihəsi memarlıq idarəsi ilə razılaşdırılmalıdır. Bu ikinci maddə rüşvət üçün şərait yaradır. Bu qanunda deyilir ki, ev üçün mütləq şəkildə memarlıq idarəsi ilə razılaşdırılma olmalıdır. Memarlar proyekti təsdiq etmək üçün rüşvət tələb edirlər ".
M.Zülfüqarlı vurğulayıb ki, ümumiyyətlə icra başçıları ilə bağlı bəzi islahatlar keçirilməlidir. Əksər bölgələrimizdəki icra başçıları özlərini doğrultmurlar. Bunların əsas işi büdcəni mənimsəməkdir. Korrupsiyaya qarşı mübarizə aparmaq üçün onu doğuran səbəbləri aradan qaldırmaq lazımdır.
"Yerlərdə bələdiyyələrin səlahiyyətləri artırılmalıdır, onlara böyük səlahiyyətlər verilməlidir. Həm Prezidentin təyin etdiyi icra başçılar, həm də xalqın seçdiyi bələdiyyələr birgə şəkildə cavabdeh olduqları ərazinin inkişafı üçün çalışmalıdırlar. Əlbəttə belə olan zaman xalq tərəfindən seçilmiş bələdiyyə daha effektiv şəkildə xalqa xidmət edəcək. Məsələn, qardaş Türkiyədə olduğu kimi. Amma bələdiyyələrin səlahiyyətlərinin artırılmasına icra başçıları imkan vermirlər. Bələdiyyələr icra hakimiyyətinin kiçik bir şöbəsinə çevirilmiş olurlar. Bələdiyyələrin müstəqilliyi bərpa olunmalıdır. Müstəqil qrum kimi səlahiyyətləri artırılmalıdır. Bu müstəqillik bərpa olunarsa indiki nöqsanların əksəriyyəti aradan qalxa bilər. Çünkü belə olduğu zaman həm icra hakimiyyətinə yerli nəzarət təmin ediləcək, həm də onlara alternativ struktur fəaliyyət göstərmiş olacaq. Xalq da daha çox işləyən struktura üstünlük verəcək".
“Sherg.az”