Paytaxt Bakıda əhalini narazı salan problemlərdən biri də ictimai nəqliyyatla bağlıdır.
Bu sahədə problem, xüsusilə də səhər və axşam saatlarında yaşanır. Günün pik saatlarında ictimai nəqliyyatdan istifadə edənlər dayanacaqlarda uzun müddət gözləməli olurlar. Dayanacaqda sərnişin sıxlığı yaranır, avtobus çatışmazlığı və ya interval problemi xidmətin aşağı səviyyədə olduğunu göstərir. Məsələn, saat 18:00-20:00 aralığında “28 May” metrostansiyasının qarşısında yerləşən dayanacaqlarda çox sayda sərnişin 21, 46 nömrəli marşrut avtobuslarını gözləyir.
Bu marşrut üzrə hərəkət edən avtobuslar gec gəldiyindən gözləyən sərnişinlər rahat şəkildə ünvanlarına gedə bilmirlər. Bu cür problemlər digər ərazilərdə də yaşanır. Məsələnin tənzimlənməsinə məsul olan qurum- Bakı Nəqliyyat Agentliyi (BNA) isə yalnız şikayətləri təkzib etməklə məşğul olur. Nəticədə, vəziyyət düzəlmək əvəzinə, getdikcə pisləşir, problemlər üst-üstə yığılır.
"ASAN radio"nun “QəbuldASAN” verilişində qonaq olan Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib ki, qurum parklanma ilə bağlı Avropa təcrübəsini nəzərdən keçirir: “Bakıda parklanma ilə əlaqədar problemlər var. Buna səbəb tikililər, yeni tikililər, pilot layihələrdir. Parklanma ilə bağlı geniş maarifləndirmə işləri aparılıb. Parklanmaya təsir edən və ona aidiyyəti olan nişanlar əvvəllər də olub. Buna görə cərimələr də var idi”. V.Kərimlinin sözlərinə görə, Bakıda 18 min maşınlıq parkinq yerləri, eyni zamanda 25 özəl sektor tərəfindən inşa edilmiş qapalı və açıq məkanlar var.
Göründüyü kimi, BNA-nın sədri yenə Avropa təcrübəsindən danışır, cərimələri yada salır. Maraqlıdır, bəs BNA göstərdiyi xidməti nə zaman Avropa standartlarına uyğunlaşdıracaq?
Ötən ilin iyul ayında Tarif Şurası Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifini 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik etdi. Qiymətlərin bahalaşmasını aidiyyatı qurumlar xidmət keyfiyyətinin yüksəldilməsi ilə əlaqələndirdi. Aylar keçib, nəticə isə yaxşılığa doğru dəyişmir. Qiymətlər bahalaşmadan öncə də, sonra da göstərilən xidmətdə yaxşılığa doğru heç bir dəyişiklik baş vermir. Qiymətlərin bahalığına aidiyyəti qurumların bəhanəsi var: “Avropada daha bahadır”. Amma Avropada qiymətin baha olduğunu əsas gətirənlər göstərdikləri xidməti oradakı xidmətlə müqayisə etmək istəmirlər. Çünki uduzacaqlarını bilirlər.
İctimai nəqliyyatla bağlı Türkiyə təcrübəsinə baxaq. Qardaş ölkədə marşrut xətti bələdiyyələrin sərəncamındadır. Əhaliyə bələdiyyə avtobusları xidmət göstərir. Türkiyədə olan tıxaclarla Azərbaycanda olanı müqayisə etmək belə yersizdir. Türkiyədə avtomobillər saatlarla tıxaclarda qalır. Amma orada ictimai nəqliyyatda bizdəki problemlər demək olar ki, yoxdur. Səbəb isə sadədir. Ərazi üzrə bələdiyyələr ictimai nəqliyyatın gediş-gəlişini təşkil edir, avtobuslar arasında interval problemi yoxdur, layihələr daha çox qazanc əldə etmək üçün hazırlanmır. Məqsəd yalnız əhaliyə yüksək səviyyədə xidmət göstərməkdir. Digər, ən başlıca səbəb isə nəqliyyat sisteminin bir qurumun monopoliyasında olmasıdır. Azərbaycanda bu sahə əvvəllər Nəqliyyat Nazirliyinin inhisarında olub. İndi isə bu sahəyə Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Qurum isə yalnız cərimələri Avropa standartlarına çatdırmaq üçün layihələr hazırlayır. Xidmət səviyyəsinə gəlincə, Avropa standartları yada düşmür. Olmazmı ki, xidməti də Avropa səviyyəsinə çatdırmaq üçün hansısa layihələr, həll yolları düşünülsün? Əgər bunu etmək mümkün deyilsə, yaxud etmək istəyi və imkanı yoxdursa, deməli daha peşəkar xidmət üçün alternativlərə ehtiyac var.
Cebhe.info