Axtarış...

Tovuzda “sirat körpüsü”: camaat “Allah-Allah”la üstündən keçir - NARAZILIQ VAR...

Tovuzda “sirat körpüsü”: camaat “Allah-Allah”la üstündən keçir - NARAZILIQ VAR...


Tovuz rayonunun Qəribli kəndində yerləşən və kəndin iki hissəsini bir-biri ilə birləşdirən körpü qəzalı vəziyyətdədir. Düz 40 il əvvəl Zəyəm çayının üzərində inşa edilən körpünün dayaqlarını sel suları yuduğundan bir tərəfi əyilib.

Körpünün istifadə üçün yararsız olması bədbəxt hadisələrə şərait yaradır. Sakinlərin AYNA-ya dediklərinə görə, zəif külək əsəndə, yaxud yağış, qar yağanda həm piyadaların, də həm avtomobillərin hərəkəti təhlükəyə düşür.

Kənd sakini Afiq Musayev bir neçə dəfə sel sularının körpüyə ziyan vurduğunu, lakin heç vaxt əsslı təmir olunmadığını söyləyir: “Sel bir neçə dəfə yuyub. Hər dəfəsində əhali özü yığılıb əl gəzdirir ki, yaxşı-pis, istifadə edmək mümkün olsun. İndi dayaqlarının biri əyilib. Özümüz qaldırıcı qurğu ilə qoyub qaldırmışıq. Amma beton dayaqların altını su yuduğudan tam düzəltmək mümkün olmayıb”.

“Körpünün üzü dəmir listlərdən ibarətdir. Bir çox yerləri deformasiya olub. Qışda donur. Maşın da keçəndə az qalır yanı üstə əyilib aşa. Hazırda min nəfər kənd sakini bu körpüdən istifadə edir. Hamının istəyi odur ki, etibarlı bir körpümüz olsun”, - deyə həmsöhbətimiz bildirir.

Digər sakin Etibar Ələkbərovun sözlərinə görə, 1983-cü ildə - körpü olmayan vaxt atasını sel aparıb: “Ondan sonra bir hamilə gəlin, yanında da bir uşağı sel apardı. Cəsədləri bir həftə sonra tapıldı. Bir neçə belə bədbəxt hadisədən sonra - 1984-cü ildə körpü salındı”.

“İndi körpü qəzalı vəziyyətdədir. Keçən il səyyar görüşə gələndə icra başçısına vəziyyəti dedik. Dedilər ki, körpü nəzarətdədir, ya əsaslı təmir ediləcək, ya da yeni körpü salınacaq. Üstündən bir il yarım keçib, amma hələ də bir xəbər yoxdur”, - deyə sakin danışır.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Mübariz Məmmədov AYNA-ya açıqlamasında qeyd etdi ki, məsələdən xəbərdardırlar: “Körpünün vəziyəti barədə xəbərimiz var. Bu səbəbdən onun bərpasını iki ildir Regionların Sosial-İqtisadi İnkişafı Proqramına salınması üçün təqdim etmişik. Bu il də tədbirlər planında göstərmişik. Yəqin ki, dövlət tədbirləri icra edildikcə bu körpünün də inşası, yaxud təmiri həyata keçiriləcək.

Belə. Hələlik sakinlərə qeyri-müəyyən vaxtadək qəzalı körpünün üzərində hərəkət edərkən canlarını qorumaq qalır…



Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz