Axtarış...

Tərs Yer kəndi elə adı kimi “tərs” yerə düşüb... - GİLEY

Tərs Yer kəndi elə adı kimi “tərs” yerə düşüb... - GİLEY


Gədəbəy rayonunun Tərs Yer kəndi elə adı kimi “tərs” yerə düşüb. Belə ki, sözügedən rayonun Moruxlu inzibati ərazi dairəsinə aid olan kənd həmin dairənin mərkəzindən 80 km uzaqda - Tovuz rayonunun mərkəzinə yaxın bir ərazidə yerləşir. Bu səbəbdən kəndin bütün kommunal infrastrukturu Tovuz rayonuna aid təşkilatlar tərəfindən idarə və təmin olunur. Lakin kənd sakinləri onlara qarşı ögey münasibətdən şikayətçidirlər.
Belə ki, yüzədək evdən ibarət olan Tərs Yerin böyük hissəsində elektrik dirəkləri olsa da, onların üzərində naqillər yoxdur. Kənd sakinləri elektrik xətlərini özlərinin kustar üsulla basdırdıqları, o qədər də yüksək olmayan taxta dirəklər üzərindən aparırlar. Sakinlər bildirirlər ki, yetərli yüksəklikdə olmayan elektrik naqilləri həm sakinlərin həyatı üçün təhlükə yaradır, həm də yüngül küləkdən bir-birinə toxunur, nəticədə qısaqapanma baş verir və kənd işıqsız qalır.

Kənd sakini Gülnaz Nəbiyeva bildirir ki, külək olanda evdən həyətə belə çıxmağa qorxur:
“Bizim problemimiz işıqdır. Yüngül külək olan kimi xətlər hamısı bir-birinə dəydiyindən işqlar sönür. Evimizdə nə televizor qalıb, nə də soyuducu. Alırıq, gətiririk 2-3 ay işləməmiş sıradan çıxırlar. Bir az bərk külək olanda çölə çıxa bilmirik ki, bu saat naqillər qırılıb üstümüzə düşəcək. Neçə dəfə olub ki, qırılıb darvazanın, mal damının üstünə düşüb. Allah saxlayıb ki, indiyə kimi insan tələfatı olmayıb”, - deyə sakin bildirib.
Tərs Yer sakinləri hər küləkdən sonra günlərlə elektriklərin yolunu gözlədiklərini deyirlər. Onların sözlərinə görə, bəzən bu gözləntilər həftələrlə uzanır. Bu səbəbdən sakinlər artıq bir sıra yüngül elektrik işlərini özləri görməyə çalışırlar. Nəticədə heç bir standarta uyğun olmayan, taxta dirəklərə bağlanmış naqillər əl dəyə biləcək qədər yerə yaxın olur, yaxud həyətyanı sahələrdəki tövlələrin və digər tikililərin üzərindən keçir.

Kənd sakini Əyyub Qasımov elektrik enerjisi haqqı vaxtında ödənilməyəndə elektrik verilişinin dayandırıldığından, nasazlıqların isə illərdir aradan qaldırılmadığından gileylənib:
“Xəttlərin hamısını əlimizlə çəkmişik. Naqilləri dartıb möhkəm bağlamağa payaların gücü çatmır, hamısı calaq naqillərdir, alçaqdan gedir deyə az qalır əl dəysin. Məftillərinə kimi özümüz almışıq”.
Qəribədir ki, kəndin bir çox küçəsində beton işıq dirəkləri basdırılsa da, onların üzərində heç bir iş görülməyib. Kənd sakini Cavad Verdiyev bunun səbəbini belə izah edib:

“Beş-altı il əvvəl davamlı olaraq şikayət etdik. Gətirib hərənin evinin üstünə bir beton dirək basdırdılar. Amma üzərinə elektrik naqilləri çəkmədilər. Heç dibinə sement də verilmədi. İndi onların özü əyilib evlərə, damlara təhlükə yaradır. Transformatorumuz da pis gündədir. Nə ayırıcısı, nə bir avtomatı var ki, naqil qırılanda oradan elektrik verilişini dayandırıb naqilləri rahat calaya bilək. Kəndin bütün soyuducuları, nasosları sıradan çıxandan sonra pul yığıb “rubilnik” almışıq. İndi bir elektrik tapa bilmirik ki, onu yerinə bağlayaq”.
Sakinlər məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini bildiriblər. Zirəddin Nəbiyev iki rayonun arasında qaldıqlarını deyib.
“Tovuza şikayət edəndə deyirlər öz rayonunuza şikayət edin, onlar bizə müraciət etsinlər. Biz işıq pulunu Gədəbəyə vermirik ki, ora müraciət edək. Pulunu Tovuza ödəyirik, ona görə də bura deyirik. “Kənd soveti”nə şikayət edirik. Deyir hər yerə bildirmişəm, qaynar xəttə kimi çıxmışam, siyahıya salınıb, göndərəcəklər düzəltməyə. Amma nə gələn olur, nə gedən. Qalmışıq gözləyə-gözləyə,” - deyə sakin bildirib.
Məsələ ilə bağlı Moruxlu kənd inzibati ərazi dairəsinin nümayəndəsi Asim Mustafayev illərdir bu problemin davam etdiyini və əsaslı həllini tapmadığını bildirib:
“Tərs Yer kəndi Gədəbəy ərazisi olsa da, yaxınlığına görə işığını, qazını, suyunu Tovuz rayonu təmin edir. Orada bir problem işıqdadır. Beş-altı ildir gətirib dirəkləri basdırıblar. Amma bu illər ərzində ora xətt çəkdirə bilməmişik. Hər dəfə deyəndə cavab verirlər ki, növbəli şəkildə kabelləşmə gedəcək, onda çəkiləcək, hələ Tovuzun ərazisində işləyirik, qurtaranda Gədəbəy ərazisini təmin edəcəyik. Kiçik problemlərə gəldikdə isə, mənə müraciət edəndə mən öz icra hakimiyyətimizə bildirirəm. Oradan Tovuzun İcra Hakimiyyətinə deyilir. Oradan da Tovuzun işıq idarəsinə tapşırırlar. Məsələ də elə olur həllini tapır, elə olur tapmır. Məcbur olanda "Azərişıq"ın qaynar xətinə zəng edib deyirik. Onda da bir gün keçir, gəlib müvəqqəti calıyırlar,” - deyə İcra Hakimiyyətinin nümayəndəsi açıqlama verib.

Tovuz Elektrik Şəbəkəsinin rəisi İlqar Hüseynov Tovuz rayon Elektrik Şəbəkəsinə yeni təyin olunduğunu, sözügedən problemin yerində araşdırılacağını bildirib. Əsaslı yenidənqurmaya gəlincə isə, bunun mərhələli şəkildə baş verəcəyini deyib:
“Hazırda Tovuzun 6 kəndində əsaslı yenidənqurma işləri davam edir. Elektrik infrastrukturu tam yenilənir. Mərhələli şəkildə Tərs Yer kəndinin də elektrik sistemi tam yeniləcək”.
Görünən odur ki, Tərs Yer sakinləri hələ bir müddət də gözləməli olacaqlar. O günü görmək üçün isə külək əsəndə əl-ayaqlarına dolaşan elektrik naqillərindən canlarını qorumalıdırlar. //sputnik.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz