Masallı rayonunun Təklə kənd sakinləri uzun illərdən bəri yığılıb qalmış probemlərin həyatlarını getdikcə çətinləşdirdiyini deyirlər.
“Dəfələrlə müraciət etməyimizə baxmayaraq, problemlərimiz həll olunmur. Kəndə giriş üçün əsas yol Viləş çayından gələn qolun üzərindən keçir. Uzun illərdir kənd camaatı bu yoldan ancaq piyada keçidi üçün istifadə edir, çünki avtomobillərin keçidi mümkünsüzdür”, – onların müraciətində deyilir.
Sakinlərdən Həsən Həsənov deyib ki, yolu bərpa etmək üçün edilən müraciətlər nəticəsiz qalıb. Çayın üzərindən keçən körpü kənd sakinlərinin köməyi ilə salınıb və taxta parçalarından ibarətdir. Yol olmadığı üçün təcili yardım, yanğın söndürənlər kəndə daxil ola bilmir. Kənddaxili yollar da bərbad vəziyyətdədir:
“Kənddaxili yollara heç vaxt asfalt örtüyü çəkilməyib. Bir damcı yağış yağan kimi palçıqdan keçilməz olur. 2015-ci və 2022-ci ildə kəndə gələn sel təsərrüfatlara, evlərə, yollara ziyan vurdu. Əhali Fövqəladə Hallar Nazirliyi tərəfindən qayıqlar vasitəsilə kənddən çıxarıldı. Hələ də dəymiş zərər bərpa olunmayıb”.
Kəndlilər deyirlər ki, işıqla bağlı da ciddi problemlər var. 2016-cı ildə kabelləşmə işləri aparılıb. Kəndin cənub hissəsində yerin müəyyən olunmasına baxmayaraq, transformator quraşdırılmayıb. Buna görə də, tez-tez qısaqapanmalar olur, günlərlə işıq verilmir.
Sakinlərin sözlərinə görə, mavi yanacaqla bağlı da problemlə üzləşirlər. Kəndin müəyyən hissəsinə qaz çəkilsə də, bir çoxunun evinə qaz sayğacı quraşdırılmayıb. Qışda istiliklə bağlı problemlər olur. Ağac kəsilməsinə icazə verilmədiyindən kəndlilər çıxılmaz vəziyyətlə üzləşirlər.
Kənd sakinləri arasında Birinci Qarabağ Müharibəsində döyüşən və həlak olanlar çoxdur.
Masallı Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, bu il 2 kilometr yola asfalt döşənib. İcra Hakimiyyətinin xanım əməkdaşı işıq, qaz və sakinlərin başqa şikayətləri ilə bağlı ətraflı öyrənəndən sonra sualı cavablandıracağını desə də, daha sonra telefonlara cavab verməyib. //meydan.tv//