Axtarış...

Tovuzun iki kəndinin BİR DƏRDİ VAR... - GİLEY

Tovuzun iki kəndinin BİR DƏRDİ VAR... - GİLEY


Tovuzun ucqar dağ kəndlərində bir neçə inzibati ərazi dairəsini və onlarla kəndi birləşdirən yollar keçilməz vəziyyətdədir.

Bu yol Tovuzun Çeşməli və Həsənli inzibati ərazi dairələrini ətraf kəndlər və Gədəbəy rayonu ilə birləşdirir.

Millitv.az -ın Belediyye.net-ə istinadən məlumatına görə burada mənzil başına çatmaq üçün piyada getsən sağlamlığından olacaq, avtomobillə getsən büdcənə əməlli-başlı ziyan vuracaqsan. Yolun bu vəziyyətdə olması kəndliləri təngə gətirib.

Bu kəndlərə yolların bərbad halına görə nə təcili yardım, nə yanğın söndürən nə də digər operativ xidmət avtomobilləri gələ bilmir. İllərdir çəkilən yol cəmi bir dəfə təmir edilib. Ona da təmir demək olarsa. Sakinlərin şəxsi imkanları hesabına dəfələrlə çuxurlar doldurulsa da yenə də dağlardan gələn sel yolu bərbat hala salır. Sakinlər bildirir ki, burada yolun dağılmaması üçün sel sularının keçidlərində drenajların quraşdırılması vacibdir. Ondan sonra yola asfalt örtüyünün çəkilməsi haqda düşünmək olar.

Sakinlər deyirlər ki, istismar müddətini illər əvvəl başa vuran körpünün qəzalı vəziyyətdə olması nə vaxtsa bədbəxt hadisəyə gətirib çıxaracaq. Həsənli, Sarıdamlı və Məşədivəlilər kəndinin sakinlərinin isə ümumiyyətlə yolu yoxdur. Onlar mənzil başına çatmaq üçün çaydan keçirlər. Çayda suyun səviyyəsi artan zaman kəndlərin ətraf ərazilərlə əlaqəsi kəsilir. Belə olan halda kəndə gediş-gəliş tamamilə iflic olur. Hər gün yüzlərlə sakini istifadə etdiyi bu yoldan hər kəs əziyyət çəkir. Daha çox əziyyət çəkənlər isə rayon mərkəzindən və uzaq kəndlərdən uzun yol qət edib işə gələn müəllimlərdir Məcburiyyət qarşısında qalan müəllimlər vaxtlarını yollarda keçirirlər. Bu səbəbdən işə gecikirlər.

Bəs aidiyyatı qrumlar mövcud vəziyyətdən çıxış yolunu nədə görür? Sualımıza Cavab olaraq Tovuz rayon İcra Hakimiyyətindən bildirildi ki, yolların bərpası ilə bağlı Nazirlər Kabinetinə investisiya layihəsi təqdim edilib və yararsız kənd yolları bu layihədə göstərilib. İndi Nazirlər Kabinetinin qərarı gözlənilir.

Bu xöşbəxt hadisənin nə zaman baş verəcəyini isə heç kim bilmir.

Text-to-Speech

DİNLƏ






Şərh yaz