Axtarış...

“Uşaqlar buradan məktəbə, insanlar evinə gedə bilmirlər” - Xəzər sakinləri GİLEY EDİR


“Xəzər rayonunun Şağan qəsəbəsində avtobusların da keçdiyi yol kanalizasiya xəttinin düzgün işləməməsi nəticəsində pis vəziyyətdədir. Bu ərazidə bizim torpaq sahəmiz var, həmin sahəni isə vaxtaşırı su basır və çox əziyyət çəkirik”.

Bu problemlə üzləşən sakinlərdən biri Kamran Alışzadə “Qafqazinfo”ya bildirib ki, təxminən 100 metri əhatə edən ərazidə son 4 ildir vaxtaşırı subasma halları müşahidə edilir.

Heybətqulu Məmmədbəyli küçəsində yaşanan problem sakinlərin, xüsusilə də məktəblilərin gəlib-gedərkən çətinliklə üzləşməsinə səbəb olur.

Şikayətçinin sözlərinə görə, rəsmi qurumlara müraciət edilsə də, problemin aradan qalxması üçün dövlətin ayrıca pul ayırması lazım olduğu bildirilib.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, həmin ərazidə yığılan yağış sularının kənarlaşdırılması üçün mütəmadi olaraq zəruri tədbirlərin görülməsi təmin olunsa da, bu, yetərli deyil: “Yığılan su Mərdəkan-Buzovna avtomobil yolunun kənarında yerləşən d500 mm olan yağış suyu şəbəkəsinə axıdılır. Lakin suyun səviyyəsinin qalxması səbəbindən mövcud boru qrunt sularının kənarlaşdırılmasına kifayət etmir”.

Açıqlamada deyilir ki, problem perspektiv layihəyə əsasən həll oluna bilər: “Problemin əsaslı həlli layihəyə uyğun olaraq magistral kanalizasiya kollektorunun və toplayıcı şəbəkənin inşası ilə mümkündür”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə gələcəkdə master plana əsasən, həmin ərazidə layihələrin icrasının planlaşdırıldığını qeyd edib: “Şağan qəsəbəsi ərazisində kanalizasiya şəbəkəsinin inşası işlərinin icrası Cəmiyyətin tədbirlər planına uyğun olaraq mərhələlərlə həyata keçiriləcək”.

video burada
My Webpage
Text-to-Speech

DİNLƏ






Şərh yaz