Qusar rayonu Köhnə Xudat Kənd sakinləri kəndin yolsuzluq problemindən əziyyət çəkirlər. Onlar bələdiyyə sədrinə və rayon icra hakimiyyətinə müraciət etsələr də, problem dinlənilib, lakin həll olunmayıb.
“Regionnews.az”a öz problemlərini dilə gətirən kənd sakini Adigözəl Əyyubov deyir ki, yollar pis gündədir, palçıq olur məktəblilər əziyyət çəkir:
“Qusar rayonu Köhnə Xudat Bələdiyyə sədri Xəlilova Leyla Fizuli qızı və onun müavini pul silməkdən ötrü bu yolları pis günə salıb. Kəndin dayanacağı var idi, sədr müavini öz həyətinə aparıb. Neçə dəfə demişik, gətirmir, deyir əcəb etmişəm. İcraya da müraciət etmişəm. Baxan yoxdur. Xahiş edirəm bu yollara baxılsın. Uşaqlar məktəbə çətinliklə gedir. Yeni gələn bələdiyyə sədrindən torpaq istəmişəm. Boş əraziləri göstərib burdan yer ayıra biləcəyinin deyirəm, cavab verir ki, bura icra başçısının yerləridir. İcra başçısından, onun müavinindən də xahiş etdim. Nəticə olmadı. Bələdiyyə sədri mənə deyir ki, torpaq hərraca qoyulub, 25 manat ödənilməlidir. Mənim o qədər pulum hardadır, torpaq alıb ev tikim”.
Qeyd edək ki, 7 ildir bələdiyyə sədri kimi çalışan Leyla Xəlilova sakinlərin şikayətinə cavab olaraq bildirib ki, onu bələdiyyə sədri kimi kənd yox, 10000 manat seçib. Sakinlərin dediyinə görə, bələdiyyə sədri hegemonluq edir, kəndli problemini bildirəndə müxtəlif adlarla pul tələb edir.