Bakının Sabunçu rayonunun Ramana qəsəbəsindəki Şuşa Şəhərciyinin yaxınlığında yaşayan sakinlər yolsuzluqdan əziyyət çəkirlər.
“Report”a açıqlama verən vətəndaşlar paytaxtın mərkəzindən cəmi 10 km məsafədə yerləşən bu ərazidə asfalt örtüyünün olmadığını, bunun onlara böyük problemlər yaratdığını bildiriblər.
Onların sözlərinə görə, yağış yağan kimi istifadə etdikləri yollar bərbad günə düşür. Bu isə vəziyyəti hamı üçün, o cümlədən məktəbə gedib-gələn uşaqlar üçün çətinləşdirir.
Bundan başqa, qəsəbəyə çağırılan Təcili Tibbi Yardım xidmətinin əməkdaşları, eləcə də taksi sürücüləri maşınlarının zərər görməməsi üçün bu əraziyə daxil olmaq istəmirlər, əksər hallarda bundan imtina edirlər. Bu da sakinlər üçün problem deməkdir.
Şikayətçilər söhbət zamanı diqqəti həm də elektrik enerjisi ilə təchizatlarının normal vəziyyətdə olmamasına çəkiblər. Onların sözlərinə görə, bu ərazidə kabelləşmə həyata keçirilmədiyi üçün işıq problemini öz imkanları hesabına, nə cür gəldi həll ediblər. Bu isə sakinlərin həyatı ilə bağlı risk yaradır.
Vətəndaşların dediklərinə münasibət bildirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin(AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, bu yollar əsasən əksəriyyəti torpaq əsaslı və çınqıl örtüklüdür: “Buna görə vətəndaşların gediş-gəlişində müəyyən problemlər yaranır. Ümumlikdə qeyd edim ki, Ramana qəsəbəsində təmirə ehtiyacı olan bir sıra ərazilər var. Bununla bağlı, biz həmin əraziləri təmir edilməsi vacib ərazilərin siyahısına daxil etmişik. Maliyyə vəsaiti ayrıldıqca, həmin ərazilərin təmir, bərpa işlərinin aparılması nəzərdə tutulur. Bakı şəhəri və onun ətraf qəsəbələrini əhatə edən Dövlət Proqramı hazırlanır. Həmin proqrama uyğun olaraq da təmirə ehtiyac olan Bakı qəsəbələrində nə qədər yol varsa hamısının təmiri həyata keçiriləcək”.
“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə deyib ki, Bakı şəhəri və ətrafı kənd və qəsəbələrdə qəzalı vəziyyətdə olan ərazi yoxdur: “ Harda problem varsa fərdi qaydada istehlaçımız bizə müraciət etsinlər, problem sürətli şəkildə aradan qaldırılır. İstismar müddətini başa vurmuş elektrik veriliş xəttləri, köhnəlmiş dayaqlar yenisi ilə əvəz edilir, o cümlədən yeni sayğaclar quraşdırılır. Bütün bunlar həm də Ramana qəsəbəsində həyata keçiriləcək. Xüsusilə, qaçqın-məcburi köçkünlər, sosial vəziyyəti aşağı olan istehlakçılar bizim həmişə diqqət mərkəzimizdədir. Yəni, rəhbərliyimiz tərəfindən xüsusi diqqətlə ilk olaraq onların işləri həyata keçirilir”.