Masallı rayonunun Miyankü kəndi dağlıq ərazidə yerləşdiyinə görə qışı sərt keçən kəndlərdəndir. Belə bir yerdə orta məktəbdə iki həftəyə yaxındır ki, istilik yoxdur.
Millitv.az xəbər verir ki, bu barədə Meydan TV-yə övladları Miyankü kənd orta məktəbində təhsil alan valideynlər danışıb.
“Qalın palto, papaqla oturmağın da xeyri yoxdur”
Kənd sakinlərinin sözlərinə görə, istilik olmadığına görə son bir həftədə şagirdlərin bir çoxu xəstələnib. Ona görə valideynlər uşaqları məktəbə buraxmamaq qərarına gəlib.
“Mənim iki övladım bu məktəbdə təhsil alır. İkisi də xəstələnib. Son bir həftədə məktəb demək olar ki, fəaliyyət göstərmir. Sinif otaqları buz kimidir, uşaqlar da, müəllimlər də soyuqdan donur. Heç qalın palto, papaqla oturmağın da xeyri yoxdur”, – analardan biri Maydan TV-yə bildirib.
“Uşaqlar təhsildən kənarda qalır”
Miyankü sakinləri deyir ki, məktəbi məşhur azərbaycanlı işadamı Mübariz Mənsimov təxminən 15 il əvvəl tikdirib. İş adamı əslən bu kənddəndir.
Məktəbdə normal şərait var. Bir müddət əvvələ qədər istilik də olub:
“Məktəbdə radiatorlar var, yaxşı isti olurdu. İki həftəyə yaxındır ki, istilik kəsilib. Bir-iki gün gözlədik, gördük ki, düzəlmir, müraciət elədik. Masallı Rayon Təhsil Şöbəsi də, Bakıdakılar da problemdən xəbərdardır. Amma tədbir görən yoxdur. Hamısı bir-birinin üstünə atır. Olan da uşaqlara olur. Uşaqlar təhsildən kənarda qalır. Kənd yeridir. Camaat güclə dolanır. Axı hamının uşağını müəllim yanına göndərməyə imkanı yoxdur…”
“Qazın verilməsi müvəqqəti dayandırılıb”
“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Miyankü kənd orta məktəbinə qazın verilməsində problem yoxdur. Hazırda məktəbdə yaranmış çətinlik binadakı qazanxana ilə bağlıdır: “Qazanxanada problem yaranıb, təhlükəsizliklə əlaqədar qazın verilməsi müvəqqəti dayandırılıb. Təmir işləri başa çatan kimi qaz veriləcək”.
“Azəristiliktəchizat” ASC-dən isə bildirilib ki, qazanxana məktəbin özünün balansında olduğuna görə yaranmış problemlə əlaqədar təmir işləri də onların özləri tərəfindən həyata keçirilməlidir.
“Ötür-ötür eləyirlər”
Meydan TV məktəb rəhbərliyindən münasibət öyrənə bilməsə də, adının çəkilməsini istəməyən müəllim bildirib ki, problemlə əlaqədar rayon təhsil şöbəsinə məlumat verilib: “Qazanxananı təmir elətdirmək xırda məsələ deyil, bunun üçün vəsait lazımdır. Ötür-ötür eləyirlər, nəzərə almırlar ki, vaxt gedir…”
Bir neçə il əvvəl də qazı kəsmişdilər…
Miyankü sakinləri yada salır ki, bir neçə il əvvəl də bu məktəbdə bənzər hadisə yaşanmışdı. “Azəriqaz” 2016-cı ilin noyabrında qazpulu borcuna görə məktəbə qazın verilməsini dayandırmış, şagirdlər bir müddət məktəbə gedə bilməmişdi: “Həmişə fikirləşirik ki, həmkəndlimiz də olsa, Mübariz Mənsimov sağ olsun, bu məktəbi abad elədi, avadanlığını aldı. Hökumət də heç olmasa, istiliyini, işığını, suyunu kəsməsin, bu uşaqlar oxusun, bir günə çıxsın…”
Masallıda məktəblilər NİYƏ MƏKTƏBƏ GEDƏ BİLMİR?
Masallıda məktəblilər NİYƏ MƏKTƏBƏ GEDƏ BİLMİR?