Ölkə üzrə qış mövsümünə ciddi hazırlıqlar getdiyi bir vaxtda ölkənin şimal-qərbində yerləşən və ilboyu ən çox yağıntının müşahidə edildiyi Qax rayonunda yerli sakinlərin giley-güzarı bitmək bilmir. Dövlət büdcəsindən ən çox maliyyənin məhz bu rayona ayrılmasına baxmayaraq, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev büdcədən ayrılan vəsaiti mənimsəyərək, mərkəzi küçələrin kosmetik təmiri ilə kifayətlənir və belə desək, “gözdən pərdə asmaqla məşğul olur”.
Belə ki, Qax kəndlərinin uzun illərdir bitməyən problemləri ilə yanaşı, Qax şəhərinin digər küçələrində də mövsümi problemlər həll olunmamış qalır. Belə ki, ötən gün Qaxa yağan güclü yağışlar sakinlərin illərdir davam edən problemlərini su üzünə çıxarıb. Ötən gün redaksiyamıza müraciət edən Qax şəhəri Milli Qəhrəman Cavanşir Rəhimov adına küçədə yaşayan bir qrup sakin illərdir əziyyət çəkdikləri problemin hələ də həll olunmadığını, dəfələrlə müraciət etmələrinə baxmayaraq, icra başçısı Musa Şəkiliyev və Qax Bələdiyyəsinin sədri Eyvaz Qocayevin laqeydliyindən şikayət ediblər.
Qaxda Milli Qəhrəmanın adını daşıyan sözügedən küçədə Birinci Qarabağ Müharibəsinin Qazisi Tural Zəkəryəyev də yaşayır. Ayağından ağır yaralanan və hazırda əmək fəaliyyətini itirən Tural bəyin yaşadığı ev hər dəfə yağış yağanda su altında qalır – evin həyətini və zirzəmisini yağış suları basır, ev nəmişlikdən çürüyür, Qazinin davam edən müalicəsinə mənfi təsirini göstərir.
Analoji problem Qax şəhərinin digər yaşasış massivlərində də müşahidə edilməkdədir. Dövlət büdcəsindən vəsait ayrılsa da, icra başçısı Musa Şəkiliyev və Qax Bələdiyyəsinin sədri Eyvaz Qocayev dövlətdən oğurladıqları vəsaitləri şəxsi maraqlarına xərcləməklə yanaşı, sakinlərin müraciətlərini qulaq ardına vururlar.
Məsələni diqqətdə saxlayacayıq.
Qax.org.az