Axtarış...

Sabunçuda bələdiyyə sakinlərdən nəyin pulunu yığır? - NARAZILIQ VAR...


"DogruXeber.az" xəbər verir ki, təqribən iki həftə əvvəl bir qrup Sabunçu rayon sakinləri tərəfindən redaksiyamıza müraciət daxil olub.

Belə ki, ünvan olaraq, Sabunçu rayon Sabunçu qəsəbə Qamboy Vəzirov 7, 8, döngə 4 və döngə 2 ərazilərində yaşayan sakinlər müraciətlərində bildirirlər ki, sözügedən ərazidə ərazi üzrə bələdiyyə sədri Əlfəddin Həsənovun göstərişi ilə bələdiyyə müfəttişi Gülgəz adlı xanım vətəndaşlara müxtəlif (100, 200, 300 və s) məbləğlərdə borclarının olduğunu bildirərək, onlardan qeyri-rəsmi şəkildə ödəniş etmələrini tələb edir.

Onların sözlərinə görə, hətta sakinlərin bir çoxu artıq, bu ödənişləri hissə-hissə həyata keçiriblər.

Qeyd edək ki, sakinlər müraciətlərində onu da bildirirlər ki, sözügedən ərazidə hər hansı bir tikinti apara bilmirlər, çünki həmin ərazinin "SOCAR" neft şirkətinə aid olduğu deyilir və onlara müəyyən problemlər yaradılır. Hətta , onlar yaşadıqları mənzillərə belə məhz bu səbəbdən rəsmi çıxarış da ala bilmirlər.

Belə olduğu halda sual yaranır, əgər sözügedən ərazi yerli bələdiyyənin balansında deyilsə, o, zaman bələdiyyə hansı əsasla onlardan ödəniş tələb edir?

Hətta, borclu olduqlarını deyib, cərimə ediləcəkləri ilə təhdid olunurlar.

P.S: Qeyd edək ki, məsələ ilə əlaqədar qarşı tərəfin də fikirlərini dinləmək məqsədilə "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında agentliyin rəhbəri və proqramın aparıcısı Kamal Əsgərov sakinlərdən ödəniş tələb edən bələdiyyə müfəttişi Gülgəz adlı xanımla telefon əlaqəsi saxladı.

Xanım gah təkzib edib, yalan məlumat olduğunu dedi, gah da bələdiyyə sədri Əlfəddin müəllimdən tapşırıq aldığını deyərək, onunla əlaqə saxlamağımızı istədi. Kamal Əsgərov məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi sorğular göndərəcəyimizi bildirdikdə isə xanım həyəcanla, - "prokurorluğa vermiyin, niyə verirsiniz? Mən danışa bilmirəm, Əlfəddin müəllimlə əlaqə saxlayın", - dedi.

Mənbə: "DogruXeber.az"
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz