Maştağa qəsəbəsi Savalan massivinin sakinləri küçə itləri qorxusuyla yaşayır.
Axar.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yaşayış evlərinə yaxın ərazidə təxminən 17-18 küçə iti sürü halında gəzir. Bu da ciddi narahatlıq yaradır.
Sakinlər bildirirlər ki, itlərin daimi gəzişdiyi ərazi 28 nömrəli məktəbin arxa hissəsidir. Bu səbəbdən məktəbliləri dərsə tək yola salmağa ehtiyat edən valideynlər bildirir ki, sübh tezdən uşaqla bərabər küçəyə çıxmağa qorxurlar.
“Uşaqlarımın həyatı üçün çox qorxuram. İşdə olarkən də fikrim onların yanında qalır”, – deyə sakin Fəridə Rüstəmova bildirib.
Sakinlər itlərin öldürülməsi və ya incidilməsinin tam əleyhinədir. Lakin bu işə bir əncam çəkilməsini aidiyyəti qurumlardan tələb edirlər.
Sakinlər problemlə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə nümayəndəliyinə dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülməyib.
Xatırladaq ki, bir neçə il öncə Bakı Şəhər İcra Hakimiyyətində Sahibsiz Heyvanlara qarşı Mübarizə İdarəsi yaradılıb. Hər bir vətəndaş küçədə və yaşadıqları ərazidə onları narahat edən itlərin ərazidən təmizlənməsi ilə bağlı günün 24 saatı ərzində 012 565 09 26 /27 nömrəsi ilə əlaqə saxlaya bilər.