Keçmiş deputat Hacı Qalib Salahzadə yaşadığı küçəyə atasının adını verdirib. Bu barədə Modern.az-a Sabunçu rayon sakinləri məlumat veriblər.
Sakinlər Qalib Salahzədənin Modern.az-a verdiyi bununla bağlı açıqlamada dediyi “Yaşadığım küçə atamın adına deyil axı.. Bilgəh qəsəbəsində 90-cı illərə qədər küçələrin adları olmayıb. Bu ərazi vaxtilə Abşeron rayonunun kəndi olduğuna görə, Bilgəhdə yaşayan hörmətli insanların adı Kənd soveti tərəfindən siyahıya alınıb, adlarına küçə verilib. O cümlədən də atam Aslan Salahzadənin. Lakin hazırda həmin illərdə verilən küçə adlarının hamısı ləğv olunub, həmin küçələr başqalarının adına keçirilib. İndi mənim yaşadığım küçə Aslan Salahzadə deyil, Qələbə küçəsi adlanır” sözlərini tamamilə cəfəngiyat adlandırıblar.
“Kənd icra nümayəndəliyi bunu necə edə bilər axı? Əgər Aslan Salahzadə adına küçənin adı ləğv edilibsə, 20 gün bundan öncə verilmiş bələdiyyə sənədində bu ünvan necə göstərilib?” -deyən Bilgəh sakinləri qeyd ediblər ki, Qalib Salahzadə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşadığı küçəyə atası Aslan Salahzadənın adını verdirib.
“Hazırda da Bilgəh bələdiyyəsinin yerləşdiyi ünvan Aslan Salahzadə küçəsi 12-dir. Buradan da görünür ki, Hacı Qalib Salahzadə yalan danışır”,-deyə bilgəhlilər vurğulayıblar.
“Əgər poçt indeksi həmin ünvana verilibsə, bələdiyyə sənədində həmin ünvan göstərilirsə, küçəyə Aslan Salahzadənin adı vurulduğu təqdirdə Qalib Salahzadə mətbuata necə yalan məlumat verə bilər? Vətəndaşların Baş Prokurorluğa ünvanlandığı məktubda Aslan Salahzadə küçəsi 12 göstərilirsə, Qalib Salahzadə bunu necə inkar edə bilər?”.
Məlumat üçün bildirək ki, AZ 1094 saylı poçt indeksi məhz Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi 12-yə verilib.
“Bəs, bunu Hacı Qalib Salahzadə necə inkar edir? Axı poçt idarəsi xidmət etdiyi ərazinin sənədini əldə etməsə ora xidmət edə bilməz” deyən sakinlərin Modern.az-a göndərdiyi şəkildən məlum olur ki, Sabunçu rayonu, Bilgəh bələdiyyəsi Aslan Salahzadə küçəsi 12 ünvanında yerləşir.
Digər əldə etdiyimiz məlumata görə isə Sabunçu rayonunun Bilgəh bələdiyyəsinin nizamnaməsi hazırlanan dövrdə Hacı Qalib Salahzadə bələdiyyə sədri olub. Buradan da görünür ki, Hacı Qalib Salahzadə atasının adını elə həmin vaxt “əbədiləşdirmək” üçün küçəyə verib.
Sabunçu rayonunun Bilgəh bələdiyyəsi nizamnaməsinin 1.5-ci bəndində ünvan aşağıdakı kimi göstərilib:
1.4. Bələdiyyənin adı: Sabunçu rayonunun Bilgəh bələdiyyəsi.
1.5. Bələdiyyənin ünvanı: Sabunçu rayonunun Bilgəh qəsəbəsi, A. Salahzadə küçəsi 12.
Buradan http://www.e-qanun.az/alpidata/framework/data/38/f_38225.htm tanış ola bilərsiniz.
Digər məlumata görə, Baş Prokurorluq Hacı Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb.
"Yeni Müsavat" qəzeti xəbər verir ki, məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsi haqda yazılıb. Məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanlanan müraciətdir.
Müraciətdə deyilir ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək, dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yolda maneə yaranıb. Vətəndaşlar xahiş ediblər ki, həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktub 1 həftə əvvəl göndərilsə də, Qalib Salahzadənin bağladığı yol hələ də açılmayıb.
“Yeni Müsvat” qəzeti yazır ki, Qalib Salahzadənin barəsində Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılır. Hacı Qalib Salahzadə vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir. Bundan başqa, sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib.
Qəzet yazır ki, fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir. “Yeni Müsavat”ın məlumatında deyilir ki, iş üzrə Cinayət Məcəlləsinin 259-cu - qanunsuz ağac kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma aparılır. Hazırda Hacı Qalib Salahzadədən şikayətçilərin sayı 4 nəfərdir. Amma şikayətçilərin artacağı da istisna deyil.
“Yada salaq ki, bu ilin aprelində şikayətçi Seymur Quliyev və Nurid Əliyevin əmlaklarının dağıdılması ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Seymur Quliyevin sözlərinə görə, Hacı Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Hacı Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. 10-a yaxın şahid də Seymur Quliyevin dediklərini təsdiq ediblər. Seymur Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə Azərbaycan Qanunlarını və Konstitusiyasını saymadığını ortaya qoyub”,-deyə “Yeni Müsavat” qeyd edib.