Dərnəgüldə yerləşən taxta bazarında dəhşətli yanğın hadisəsinin baş verməsi, sahibkarların və işçilərin ciddi maddi ziyana düşməsinə səbəb olub. Burada çalışanların böyük bir qisminin sığorta müqaviləsi olmadığından, indi onlara dəymiş ziyanla bağlı hər hansı kompensasiyanın ödənib-ödənilməyəcəyi gündəmdədir. Ümumiyyətlə, son bir neçə ildə satış obyektlərində, digər iri ticarət mərkəzlərində baş verən bədbəxt hadisələr sığortanın nə dərəcədə zəruri əhəmiyyət kəsb etdiyini gündəmə gətirmiş olur. Bəs bunun baş verməməsi üçün hansı addımlar atılmalıdır? Sahibkarların öz əmlakını sığortalatması icbaridir, yoxsa könüllü? Sığorta üçün tələblər nələrdir? Hansı sənədlər qaydasında olmalıdır? Sığortanın hansı növləri var və kimlərə şamil edilir? Sığorta şirkətləri hansı sahibkarlarla müqaviləyə can atır və hansı ticarət obyektlərindən çəkinirlər?
Bu və başqa suallarla əlaqədar Bizimyol.info xəbər portalına şərh verən sığorta eksperti İlkin İbrahimov qeyd edib ki, təəssüf ki, baş verən bədbəxt hadisələr sığortanın nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.
"Ölkə ərazisində daşınmaz əmlakın icbari sığortası həm sahibkarlar, həm də fərdi vətəndaşlar üçün məcburi xarakter daşıyır. Bu, daşınmaz əmlakın icbari sığortası növü üzrə sığortalanır və adından da bilindiyi üzrə məcburi xarakter daşıyır. Sahibkarlarla bağlı daşınmaz əmlakın icbari sığortası ilə bağlı nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Əmlakla bağlı təhlükəsizlik qaydaları FHN tərəfindən yoxlanılır, eyni zamanda daşınmaz əmlakın icbari sığortasının olub-olmadığı müəyyən edilir.
Əlavə olaraq, mülki məsuliyyət sığortası deyilən bir sığorta növü var ki, bu, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbarı sığortasıdır. Bu, fərdi şəxslərə aid deyil, yalnız sahibkarlara şamil edilir.Bu sığorta növünün mahiyyəti ondan ibarətdir ki, sahibkarlar tərəfindən üçüncü şəxslərə dəyən ziyan həmin sığorta şirkəti tərəfindən qarşılanır və bununla bağlı sığorta kompensasiyası həyata keçirilir. Bu, daşınmaz əmlakla bağlı məsələdir. Bir də daşınan əmlak sığortası var, hansı ki, sahibkarlar öz məhsullarını, əmlakını gətirib satırlar. Ölkəmizdə daşınan əmlakın könüllü sığortası var. Satış məqsədilə mağazaya gətirilən həmin əmlakla bağlı bu sığorta növü qanunvericiliyə görə məcburi xarakter daşımır. Bu, sahibkarın istəyindən asılıdır.
Hal-hazırda taxta bazarındakı situasiya ilə bağlı qeyd etmək lazımdır ki, burada hansı sənədlər tələb oluna bilər. Vətəndaşlar sığorta şirkətlərinə hansı sənədləri təqdim etməlidirlər? Əgər əmlak daşınmazdırsa, o zaman həmin yerin çıxarış sənədi tələb edilir. İkinci sənəd olaraq, həmin yer üzrə FHN-in yanğın təhlükəsizliyi qaydaları barədə akt olmalıdır. Həmin akta əsasən, sığorta şirkəti ərazidə təhlükəsizliyin necə təmin olunmasını dəyərləndirir. Əgər yanğın təhlükəsizliyi aktı yoxdursa, o zaman sığorta şirkəti həmin əmlakı sığorta etməkdən çəkinir. Konkret olaraq, bugünədək baş vermiş yanğın hadisələri ilə bağlı, məsələn, "Eurohome" və ya Sədərəkdəki hadisə ilə bağlı olan yerlərdə onu müşahidə edirik ki, ya sənədləri tam şəkildə qaydasında deyil, ya da hər hansı sənəd çatışmazlığı var. Əsasən, ya yanğın təhlükəsizliyi aktı, ya da yer üzrə çıxarış sənədi olmayıb. Digər tərəfdən, hansı ki biz sahibkarlarla bağlı məsələdə əsas problemin daşınar əmlak üzrə olduğunu müşahidə edirik. Bəs daşınar əmlakla bağlı hansı sənədlər lazımdır? Qeyd olunan əvvəlki iki sənəd: ərazi çıxarışı və yanğın təhlükəsizliyi aktı ilə yanaşı, üçüncü sənəd kimi sahibkarlardan istənilən vergi bəyannaməsidir. Hansı ki, sahibkarlar öz məhsullarını xaricdən gətirərkən gömrükdə bəyan etməlidirlər.
Bəzən gömrük bəyannaməsində elə hallar olur ki, sahibkarlar məhsullarını başqa ad altında və fərqli üsullarla gətirirlər. Belə olduqda, məhsullarını qanuni şəkildə bəyan etmiş olmurlar. Bəyan etmədikdə, bu zaman vergidə öz əksini tapır. Sığorta şirkətinin də bu sənədi tələb etməsinin əsas səbəbi də odur ki, məhsul üzrə sığorta haqqını müəyyən edə bilsin. Sığorta haqqı həmin vergi bəyannaməsinə uyğun şəkildə tərtib olunmalıdır. Məsələn, bazara daxil olacaq əmlak bir milyon manat dəyərindədir və həmin məbləğdə sığortalanır və sığorta kompensasiyası müəyyən edilir ki, sahibkar əmlak dəyərinin müəyyən faizini ödəsə, bu məbləğdə onun üçün sığorta kompensasiyası hesablanacaq. Yəni hadisə baş verdikdən sonra dəymiş ziyanın məbləği nə qədərdirsə, sığorta onu ödəyir.
Bu günədək baş vermiş yanğın hadisələri ilə bağlı bir çox yerlərdə ya həmin yerin sənədləri olub, ya da olmayıb. Sənədi olan əmlaklarla bağlı məsələn, "Gənclik Mall"u misal çəkmək olar. Bu ticarət mərkəzinin bütün sənədləri qaydasındadır. Bəs bunu hardan bilirik? Ordan bilirik ki, bu ticarət mərkəzində yerləşən bütün satış obyektlərinin yüz faizi sığortalıdır. Ona görə sığortalıdır ki, həmin obyektlər vergi bəyannaməsini təqdim edirlər, sahibkarlar müqavilə bağlayırlar. Həmin sənədlərə adekvat olaraq, sığorta şirkətlərinin nümayəndələri həmin ticarət mərkəzində sıraya düzülüb, hətta bir-birləri ilə rəqabət aparırlar ki, təmsil etdikləri şirkət həmin əmlakı sığortalasın. Bu da ticarət obyektlərində bütün sənədlərin qaydasında olduğunu göstərən göstəricidir.
Elə ticarət mərkəzləri də var ki, sığorta şirkətləri həmin yerlərə getməkdən çəkinirlər. Məsələn, bundan əvvəl yanğın baş vermiş "Eurohome" işçiləri bəyan edirdilər ki, hər biri bu ticarət mərkəzinə bir, üç, beş milyon manat dəyərində mal gətiriblər. Daha sonra onlar vergi ilə bağlı dəvət olunurdular ki, gəlin, baxaq, görək, sizin dövriyəniz nə qədərdir? Məlum olurdu ki, onların ay ərzində beş-altı min manatlıq dövriyələri olurdu, yaxud olmurdu. Ona görə də sığorta şirkətləri elə yerlərdən çəkinirlər. Çünki bu şirkətlər də gəlir əldə etmək istəyir, onlar yüksək riskli yerlərə yüksək riskli sığortalar təyin edirlər. Belə olduqda, sahibkarın özü də çəkinir ki, mən nəyə görə bu qədər məbləği sığortaya ödəməliyəm? Ancaq düşünmür ki, əmlakı barədə məlumatları vergi bəyannaməsində düzgün qeyd etsə, bu halla rastlaşmayacaq. O ki, qaldı işçilərə, onlara işlə bağlı müəyyən kompensasiyalar verilə bilər. Buna Əmək Müfəttişliyi nəzarət edir. Orada işçilərlə müqavilə imzalanır. Baş verə biləcək hər hansı hadisə ilə əlaqədar - bu, işin dayanması və ya hansısa bədbəxt hadisə ola bilər - sığorta növləri və işsizliyə görə müavinət var. Bədbəxt hadisələrlə bağlı sığorta növü var ki, o da icbari qaydadadır. Ölüm halı və ya başqa bədbəxt hadisələr zamanı işçi ilə sahibkar arasında müqavilə olsaydı, o zaman kompensasiya ödəmək də mümkün ola bilərdi" - deyə, ekspert bildirib.