Noyabrın 23-də Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında dəhşətli yanğın olub. Səhər saat təxminən 05:41 radələrində baş verən yanğınla bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Ümumilikdə FHN-in 20-dən artıq xüsusi texnikası, 100-ə yaxın canlı qüvvəsi yanğının söndürülməsində iştirak edib.
Hava şəraitinin küləkli olması yanğının ərazisini daha da genişləndirib. Buna baxmayaraq, FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın nəzarət altına alınıb.
Məlum olub ki, hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb.
Hadisə zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımov vəfat edib. Sonradan məlum oldu ki, sahibkar yanğından deyil, ürək tutmasından dünyasını dəyişib.
Bakıda inşaat materialları bazarında baş vermiş yanğınla bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 23-də paytaxtın Nərimanov rayonu, Dərnəgül şossesində yerləşən, Bakı şəhəri Ticarət və xidmət departamentinin Yeraltı keçidlər üzrə ticarət birliyinin mülkiyyətində olmaqla icarəyə verilmiş ticarət mərkəzinin (“Dərnəgül taxta bazarı”) ərazisində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb. Bundan başqa, hadisə zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımovun vəfat etməsi müəyyən olunub.
Fakta görə FHN-in Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb. Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları, həmçinin Razi Qasımovun ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edilib. Hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq həyata keçiriləcək.
Hadisə yerində olan “Yeni Müsavat”ın əməkdaşı yanğının təfərrüatlarını öyrənməyə çalışıb. Yanğından zərər çəkən sahibkar Əmrah Cəfərov hadisə ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bunları deyib: “Səhər saatlarında mənə zəng etdilər ki, gəl, yanğın var. Yanğın küləyə görə gücləndi. Yanğınsöndürənlər tez gəldi, amma güclü külək yanğını daha da alovlandırdı. Qısa müddətdə bir milyon yarımlıq əmlakım kül oldu. Ən pisi isə odur ki, bir vaqon material gətirmişdik”.
Sahibkar obyektlərinin sığortasının olmadığını deyib: “Sığortamız yoxdur. 4-5 il əvvəl də bu bazarda belə yanğın olmuşdu. Bu gün baş verən yanğının hansı səbəbdən olduğu məlum deyil. Qəsdən törədilməsi ehtimalı da yoxdur, çünki bazar mühafizə olunur”.
Digər sahibkarlar da obyektlərinin sığortasının olmadığını bildirdilər. Zərərçəkmiş sahibkar İntiqam Kərimovun bu barədə dedikləri: “İnşaat sexim var idi. Səhər saatlarında yanğın başlayıb. Mənə xəbər etdilər, qaçıb gəldim. Sex sığorta olunmamışdı. Heç biz sığorta ilə bağlı kimə müraciət edilməlidir, onu da bilmirdik. 60-70 min manat civarında mal yandı, kül oldu. Heç sexin qapısını da aça bilmədim. Bahalı cihazlar, dəzgahlar yandı. Mənə ümumilikdə dəymiş ziyan dəzgahlar və mal qarışıq 140-150 min manat dəyərindədir”.
Adını demək istəməyən digər sahibkar isə qeyd etdi ki, bazarda ümumiyyətlə heç kimin sığortası yoxdur: “Bura bazardır, məgər bazarda sığorta olur? Bütün mallarımız yanıb, kül oldu. Bundan sonra nə olacaq, bizə kompensasiya ödəniləcəkmi, ya yox, heç nə bilmirik”.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yanğın zamanı havanın küləkli olması, yanğının müxtəlif istiqamətlərə yayılmasını nəzərə alaraq, 3 saylı çağırış elan edilib: “Küləyin təsirindən yanğın 3 istiqamətə yayılaraq, 3 böyük mənbə yaradıb. Mənbələrin hər birinin sahəsi təxminən 1000-1500 kv.metr olub”.
Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı suala Rza Xuduyev bu cür cavab verib: “Yanğının hansı səbəbdən baş verdiyi barədə yalnız ekspert qrupu araşdırma aparıldıqdan sonra məlumat veriləcək”.
Xatırladaq ki, “taxta bazarı” kimi tanınan bu ərazidə 2018-ci ilin iyun ayında da yanğın baş vermişdi.
“Taxta bazarı”nda baş verən yanğın hadisəsinin sığorta tərəfi ilə əlaqədar Azərbaycan Sığortaçılar Assosiasiyası araşdırma aparıb. Bildirilir ki, yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada “Daşınmaz əmlakın icbari sığortası” yox, “Əmlakların yanğından və digər risklərdən sığortası” növü aktualdır. “Bununla əlaqədar olaraq bildirmək istəyirik ki, əldə etdiyimiz ilkin məlumatlara görə, bazarda mövcud olan daşınar əmlakların sığortası olmayıb. Əmlakların yanğından və digər risklərdən sığortası növünün könüllü sığorta növü olduğunu nəzərə alsaq, mövcud bazardakı mal və materialların sığortasının olmaması bir neçə səbəbdən qaynaqlana bilər. Burada ya sahibkarların sığortaya biganə yanaşması, ya da sahibkarlar tərəfindən sığortalanmaq üçün lazımi tələblərə riayət olunmaması halları kimi amillər başlıca səbəb ola bilər.
Hər bir halda, bu kimi hadisələr bir daha onu göstərir ki, daşınmaz və daşınar əmlakların sığortası bu kimi hallar nəticəsində yarana biləcək maddi itkini qarşılamaq üçün nəzərdə tutulub və vacib əhəmiyyətlidir.
Bildirmək istəyirik ki, daşınmaz əmlakın icbari sığortası hər bir əmlak sahibi üçün məcburidir. Burada yaşayış əmlakları üçün tariflər Bakı şəhərinə münasibətdə 50 manat, təminat məbləği 25 min manata qədər, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərinə münasibətdə tariflər 40 manat, təminat məbləği 20 min manata qədər, digər şəhər və rayonlara münasibətdə isə tariflər 30 manat, təminat məbləği isə 15 min manat qədərdir. Qeyri-yaşayış əmlakları üçün isə tariflər müvafiq əmlakın yeri, həcmi və təyinatı nəzərə alınmaqla hesablanır.
Əmlakların yanğından və digər risklərdən sığortası növü könüllüdür və xüsusilə daşınar əmlaklara şamil edilir. Burada başlıca tələb sığortalanan daşınar əmlakın müvaifq sənədlərinin qaydasında olmasından ibarətdir. Onu da vurğulamaq istəyirik ki, əmlak sahibləri daşınmaz əmlaklarını sığorta etdirərkən bu sığorta növü ilə təminat məbləğlərini artıra da bilərlər", - açıqlamada deyilir.