Bir neçə gün öncə, Rəşad Nəbiyevin və Tahir Mirkişilinin gözündən uzaq, gözəl Bakımızın çiçəklənən yollarına istəmədən daha bir maşın əlavə etmək məcburiyyətində qalıb, taksi çağırdım. Gəldi: köhnə, yamaqlı, içi tozlu, bərbad gündə...
Bu hələ hamısı deyil – qapısı bağlanmırdı, daha doğrusu, qapı açılan kimi 10 sm aşağı düşürdü, bağlananda isə söykənməmək lazım gəlirdi...
Maşın yerindən tərpənəndə 8 balllıq zəlzələ baş verdi, yol boyu içində yırğalanmaqdan başım fırlanırdı: təkərlərin balansı deyil, bütün mərkəzləşmə pozulmuşdu. Əlbəttə ki, belə maşında kondisionerdən, normal oturacaqdan danışmağa dəyməz.
Texniki baxışdan keçib-keçmədiyini soruşdum – bal kimi keçibmiş. Təəccübləndim və dostlardan maraqlanmağa çalışdım.
Məlum oldu ki, dostlardan biri texniki baxış üçün yenicə müraciət edib: xarici maşındır, 5-6 ilin, yüksək səviyyədə də saxlanılır; dövlət rüsumunu verib, texniki baxışdan keçməsini istəyib. Maşına ilk baxışdaca dərman qutusunda bəlli dərmanların çatmadığını deyiblər. Siyahı istəyib və tənbəllik etməyib, verilən 10 adda dərmanı apteklərdən almaq üçün gəzib. Bahalı dərmanlar deyil, biri 50-60 qəpikdir, ancaq hər aptekdə də tapılan deyilmiş.
Dərman boğçasını hazırlayandan sonra təkrar “Binə” TM sarıda yerləşən texniki baxış mərkəzinə yollanıb. Burda isə maşına bir də göz atılıb və deyiblər ki, əyləc sistemində qüsur var.
Xarici maşını olanlar yaxşı bilir: əyləc sistemində hər hansı qüsur olarsa, avtomatik xəbərdarlıq işığı yanır, diaqinostika tələb edilir. Bunu əsas gətirib, hansı əsasla, gözəyarı baxmaqla, maşını heç işə salmadan əyləc sistemində qüsur olduğu qənaətinə gəldiklərini soruşub dostumuz...
Uzun-uzadı müzakirədən sonra bəlli olub ki, xeyri yoxdur, qət-təzə maşını belə texniki baxışdan keçirməmək üçün bəhanə tapa bilirlər. Səbəb isə odur ki, texniki baxışın dövlət rüsumu 30 manatdır, 80-100 manat verirsən, heç maşını boksa salmağa da ehtiyac yoxdur, dərhal texniki baxışdan keçmə sənədini alırsan.
Yəqin ki, son model xarici maşında “problem” tapan həmin “mütəxəssislər” mənim getdiyim taksini də görmədən, pul alaraq texniki baxışdan keçiriblər.
İnsanlara əziyyət verməyə heç bir ehtiyac yoxdur: elə texniki baxış rüsumunu 100 manat təyin edin, insanlar zəhmət çəkib gəlməsinlər də - onlayn qaydada rüsumu köçürüb, “texniki baxış” sənədini alsınlar. Bu, dövlətə də onmilyonlarla xeyir gətirər.
Yoxsa cənab nazir Rəşad Nəbiyevlə millət vəkili Tahir Mirkişili də başlayıblar ki, “tələblərə cavab verməyən” taksi belə gəldi, elə getdi...
Tələblərə cavab verməyən maşına Bakı yollarında şütümək üçün sənəd verən sadə vətəndaşlardır, yoxsa taksi şirkətləri?
Yenipress.az