"Ruslar V.Putinin Federal Məclisə müraciətində mühüm bir şey və irəliləyiş gözləyirdilər. Xalq gözləyirdi ki, ölkənin ən yüksək vəzifəli şəxsi hazırki vəziyyəti, nəyin baş verdiyini izah edəcək, fəaliyyət proqramını irəli sürməklə öz mövqeyini ortaya qoyacaqdır".
Bunu "millitv.az"-a Azərbaycanda kommunist hərəkatının lideri Ədalət Abdinov dedi.
Ədalət Abdinov: V.Putinin Federal Məclisdəki çıxışından sitat gətirdi: “Qərb elitaları Rusiyaya, necə deyərlər, strateji məğlubiyyət vermək məqsədini gizlətmirlər. Bu bizim üçün nə deməkdir? Bu nədir? Bu, bizi birdəfəlik bitirmək deməkdir. Yəni lokal münaqişəni qlobal qarşıdurma mərhələsinə çevirmək niyyətindədirlər. Biz hər şeyi belə başa düşürük və buna görə də reaksiya verəcəyik, çünki bu halda söhbət ölkəmizin varlığından gedir”.
Respublika kommunist hərəkatının lideri qeyd etdi ki, bu sözlərdən sonra Rusiya prezidentinin əks-hərəkət planının nədən ibarət olması məlum olmadı. Əslində o, faktlar göstərməli, baş verənlərin təhlilini verməli, Rusiyanın strateji məğlubiyyətinin qarşısını almaq, ölkəni məhv olmaqdan xilas etmək üçün xalqın nə etməli olduğunun proqramını verməli idi. Vermədi və ya verə bilmədi! Rusiyanın mövcud vəziyyəti, sanki 1941-ci il iyulun əvvəlini xatırladır. O zaman dahi Stalinin ölkənin taleyi və onun mövcudluğuna təhlükə ilə bağlı məşhur nitqində də analoji qiymətlər və nəticələr verilmişdi. Sonra Stalin SSRİ-nin məhv olmasının qarşısını almaq üçün dəqiq vəzifələr və görülməli olan proqramlar ortaya qoydu. Lakin Stalindən fərqli olaraq, Putin öz bəyanatı ilə məhdudlaşdı: nə plan, nə də proqram ortaya qoya bilmədi. V.Putin Rusiyanın görünməkdə olan məhv olma təhlükəsindən başqa hər şeydən danışdı: analıq kapitalından, vergi islahatlarından, ipotekadan, hətta ekoturizmin, yəni ekoloji turizmin inkişafını da ölkənin mühüm vəzifələri sırasına daxil etdi.
- SSRİ-ni dağıdan Qorbaçov və Yeltsinin xələfi olan V. Putinin davranışları çoxlu suallar yaradır - Ədalət Abdinov vurğuladı - Niyə o, Ukraynanın pilotsuz təyyarələrinin Saratovdakı nüvə obyektlərinə hücumları barədə heç nə demir? Amma Rusiyanın nüvə doktrinasına edilən son düzəlişlərdə belə bir hücumun qarşısı nüvə silahından istifadə etməklə alınması nəzərdə tutulur. Nə üçün ABŞ-a, onların Avropadakı peyklərinə vəziyyətin fəlakətli dərəcədə mürəkkəbləşdiyi, bu cür hərəkətlər dayanmasa, Rusiyanın Ukraynaya nüvə zərbəsi endirəcəyi barədə xəbərdarlıq etmir? Niyə o, Rusiyanın real ölüm təhlükəsinin üstündən sükutla keçir?
Ədalət Abdinovun fikrincə, V.Putin sıradan bir adam deyil, o, dövlətin ən yüksək vəzifəli şəxsidir, Ali Baş Komandandır. Və bu adam, müdafiə sahəsində strateji qərarlar verəndir. Bu şəxsin fəaliyyətini izləyəndə, dinləyəndə başa düşdüm ki, onun əslində siyasi iradəsi yoxdur, o, hətta real fəlakət zamanı, hətta Ukrayna qoşunları əgər Moskvanın yaxınlığında olasa belə, sona qədər getməyə hazır deyil. V.Putin xalqla danışmağa və Ukraynada il ərzində baş verən uğursuzluqların və hətta məğlubiyyətlərin səbəbinin nə olduğunu, minlərlə rus əsgərinin ölümünə səbəb olan Qərb silahlarının və hərbi texnikasının Ukraynaya fasiləsiz verilməsində qəribə hadisələrin baş verməsini izah etməyə hazır deyil. Niyə indiyədək bu tədarüklərin dayandırılması üçün heç bir tədbir görülməyib? Niyə bu barədə və bu vəziyyətdən çıxmaq üçün bir söz demədi? Hətta putincevərlər də bu dəfə prezidentin müraciətindən məyus oldular. Açığı, onlar da gözləyirdilər ki, Putin nəhayət, xüsusi hərbi əməliyyatla bağlı nəsə deyəcək və Rusiyanın hara getdiyini və bu əməliyyatla bundan sonra nə edəcəyini izah edəcək. Amma etmədi! V. Putinin əməliyyatın gedişi ilə bağlı deyəcəyi heç nə olmadığını göstərdi. Mövzu haqqında danışmaqdan yayındı.
Ədalət Abdinov diqqətə çatdırdı ki, Konstitusiyaya görə Prezidentin Federal Məclisə müraciəti hər il dinlənilməlidir. Amma keçən il bu olmadı. Putin sonuncu dəfə 2021-ci ilin aprelində, yəni təxminən 2 il əvvəl Federal Məclisə müraciət edib. Bu 21 fevral 2023-cü ilə qədər davam edib. Ötən müddət ərzində Xüsusi Hərbi Əməliyyat haqqında heç vaxt siyasi bəyanatlar verilmədi. Bu mövzu Putinin çıxışlarının mövzusundan praktiki olaraq itib, ondan uzaqlaşdığı təəssüratını yaradır. Yəni, sanki onun bu xüsusi hərbi əməliyyatla heç bir əlaqəsi yoxdur. Müdafiə Nazirliyi, Baş Qərargah var, qoy bu işlə məşğul olsunlar. Bəs, Putin Ali Baş Komandan deyilmi? Amma cəbhədə işlər gözlənildiyi kimi getmir. Hərbi sursat və texnika çatışmır. Bir müddət əvvəl Putin demişdi ki, Rusiya Federasiyasının bütün silahlı qüvvələrinin 80 faizdən çoxu yeni hərbi texnika və silahlarla yenidən təchiz olunub. Amma Ukraynadakı vəziyyət rus ordusunun həmin 80 faiz yeni silahlarla döyüşdüyünü söyləməyə imkan vermir. Əslində texnika hamısı köhnədir, sovet silahlarıdır. Deyəsən, yenidən silahlanma olmayıb, müharibə şəraitində olan ordu isə köhnəlmiş silahlarla təchiz olunub. Və əslində, bu gün Ukraynanın daha müasir silahları var, lakin öz silahları deyil, ABŞ və NATO ölkələrindən təchizat var. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya sənayesi ordunu bütün lazımi silahlarla təmin etməyə qadir deyil. Niyə? Birincisi, 8 il ərzində Yeltsin hərbi sənayeni darmadağın etdi, artıq 23 ildir ki, bu, Putinin dövründə də baş verir. Məhv olan təkcə kombayn və ya traktor istehsal edən bəzi müəössisələr deyil, çoxlu müdafiə zavodları da məhv edilib.
- Müharibəni video süjetlərdə diqqətlə izləsəniz görərsiniz ki, "T-90" 80-ci illərdə hazırlanmış olsa belə, yeni tank modellərinin əvəzinə 1975-ci ildə dayandırılmış "T-62" tanklarından istifadə olunur. Hətta 1943-cü ildə xidmətə qəbul edilmiş Vətən Müharibəsi dövründən qalan haubitsaların, eyni dövrün zenit silahlarının da döyüşlərdə öndə olduğunu görürük. Bəs, Rusiyanın yeni haubitsaları haradadır? Deyəsən, onlar artıq yoxdur, ya gövdələrini vurublar, ya da məhv olub, zədələniblər - Ədalət Abdinov əlavə etdi.
Ədalət Abdinovun xəbərdarlıq etdi ki, vəziyyət çox çətindir. V.Putinin ölkəyə və ilk növbədə müdafiə sahəsinə rəhbərlik etmək istəmədiyini göstərən, ölkənin təhlükəsizliyinin təmin edilməsi və gözlənilən strateji məğlubiyyət fəlakətinin qarşısının alınması ilə bağlı əhval-ruhiyyəsi rus xalqını, xüsusilə kommunistləri narahat etməyə bilməz. Bu etinasızlıq dərinləşir və Rusiyanın 1000 ildən çox mövcud olan suveren müstəqil ölkə kimi ölümü ilə başa çata bilər. Bütün bunları izləmək çox üzücü və ağrılıdır. Kursu dəyişməyə, real mübarizəyə başlamağa hazır olmaq hələ görünmür. Prezidentin xüsusi hərbi əməliyyatın aşkar uğursuzluqlarını, nöqsanlarını, səhvlərini etiraf etməyə, ona tabe və uğursuzluğa görə cavabdeh olan generalların və silahlı qüvvələrin komandanlığının məsuliyyətini müəyyənləşdirməyə hazır olduğu məlum deyil.
- Ukraynanın yaxşı möhkəmləndirilmiş müdafiəsinə qarşı Rusiyanın hücumları davam edir. Rus ordusu itkilər verməkdədir. Əgər əvvəllər söhbət Ukrayna ordusunun üyüdülməsindən gedirdisə, indi rus ordusunun üyüdülməsindən danışmaq vaxtıdır. Ən əsası odur ki, nə prezident, nə də onun cavabdeh generalları baş verənlərdən nəticə çıxarmağa hazır deyillər. Vladimir Putinin Federal Məclisə müraciəti bunu təsdiqləyir - Ədalət Abdinov bildirdi.
Rövşən Qasımov