Axtarış...

"5 il pensiya almışam, indi təyinatım dayanıb..." - GİLEY

"5 il pensiya almışam, indi təyinatım dayanıb..." - GİLEY

Masallı rayonu Boradigah qəsəbə sakini Bəyverdiyev Asif Məhərrəm oğlu özünün və həyat yoldaşının pensiyasının bərpa olunmamasından şikayətçidir.
Millitv.az bildirir ki, o, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.

A.Bəyverdiyev deyib ki, problemi ilə bağlı 48 rəsmi müraciət ünvanlayıb:

“Mən 5 ildir nevroloji əsəb xəstəliyindən əziyyət çəkirəm. 5 il pensiya almışam, indi təyinatım dayanıb. Bu barədə Prezident Administrasiyasına, Dövlət Sosial Müdafiə Fonduna, TƏBİB-ə dəfələrlə rəsmi müraciətim olsa da, mənə cavab verilməyib. 48 dəfə rəsmi müraciətim olub. Şablon formada mənə cavablar verilir. Mən Sahil Babayevin müavini Anar müəllim ilə Masallı şəhərində görüşdüm. Hətta o da mənə söz verdi. Bir dənə pensiyamız var. Onu da almasaq, nə yeyək, necə dolanaq, acından ölürük”.

Vətəndaş qeyd edib ki, həyat yoldaşı Bəyverdiyeva Səbinə Mürvət qızı da eyni xəstəlikdən əziyyət çəkir və onun da pensiyası kəsilib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmisi Tural Qurbanov Yeniavaz.com-a bildirib ki, Bəyverdiyev Asif Məhərrəm oğlunun əlilliyinin qiymətləndirilməsi ilk növbədə tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edilmiş göndəriş əsasında, özünün iştirakı olmadan aparılıb:

“Müəyyən olunub ki, göndərişdə vətəndaşın mövcud diaqnozuna əsasən aktiv sürücülük vəsiqəsinin olması uyğunsuzluq yaradıb.
Bu baxımdan ona 22.05.2022-ci il tarixdə e-sistem üzərindən imtina qərarı verilib.

Buna baxmayaraq, vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Müayinə nəticəsində şəxsin əlavə müayinə və müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilib”.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz