Babək rayon sakini, anadangəlmə qüsurlu olan Abasət Əliyevin uzun illər aldığı əlillik pensiyası bir ildən çoxdur ki, kəsilib.
Bu haqda "Gündəlik Naxçıvan"a onun özü məlumat verib. Ayaq barmaqlarında anadangəlmə qüsur olan şikayətçi deyir ki, bu vəziyyətdə o, nəinki işləmək heç normal yerimək iqtidarında deyil:
" Artıq 1 il 3 aydır ki, əlilliyimi əlimdən alıb, pensiyamı da kəsiblər. Mənim ayağımın vəziyyəti gözlə görünəndir, həkim müayinəsinə də ehtiyac yoxdur. Ancaq, insafsızlıq edib, dayandırdılar əlillik statusuma, kəsdilər pensiyamı. Necə olur ki, uzun illər məni əlil kimi tanıyırlar, indi deyirlər yox, sən sağlamsan. Necə sağaldım, anadangəlmə əlilliyim necə düzəldi. Xəstəliyimə görə heç bir iş görə bilmirəm. Pensiya ilə yarıac, yarıtox dolanırdıq, gözümüzü ona dikmişdi. İndi nə edəcəyimi bilmirəm".
Abasət Əliyev deyir ki, haqqını bərpa etmək üçün bir ildən çoxdur ki, döymədiyi qapı qalmayıb:
“ Muxtar Respublika Dövlət Sosial Müdafiə Fonduna, şəxsən səhiyyə naziri Niyazi Novruzova dəfələrlə müraciət etsəm də nəticəsi olmayıb. Mənə qanunla əlillik dərəcəsi düşür. Bir dəfə sosial şəbəkədə bununla bağlı status yazdım, Babək rayon İcra hakimiyyətindən zəng edib hədələdilər ki, silim statusu. Mən buradan mətbuat vasitəsilə aidiyyəti qurumlara bir daha müraciət edirəm ki, mənim əllik dərəcəmi bərpa etsinlər".
Naxçıvan MR Səhiyyə Nazirliyindən məsələ ilə açıqlama vermək istəmədilər.