Axtarış...

"Etiraz edirsən, baş həkim deyir ki, sənədləri vurmuram..." - GİLEY

"Etiraz edirsən, baş həkim deyir ki, sənədləri vurmuram..." - GİLEY

Astaranın Kolatan kənd sakini Yaqut Cəfərova elefantiaz (fil xəstəliyi) xəstəliyindən əziyyət çəkdiyini deyir.

O, Meydan TV-yə bildirib ki, on dörd ildir ki, həm də şəkərli diabetlə mübarizə aparır.

Səhhətilə əlaqədar əllillik dərəcəsi almaq istəsə də, Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Oktay Əmənullayevin ona müxtəlif maneələr törətdiyini iddia edir: "Gözlərim görmür, mirvari suyu var. Fil xəstəliyi ilə əlaqədar çəkim gündən-günə artır. Ayaqlarımın arasından irin axır. Xəstəxanada isə buna imkan vermirlər”.

"Camaatın xəstəlik anketlərini oğurlayırlar ki, pensiya işi düzəlməsin. Mənim də anketimi guya itiriblər, illərlə toplanan xəstəlik kağızlarım yoxdur. Etiraz edirsən, baş həkim deyir ki, sənədləri vurmuram. Get, hara istəyirsən, şikayət et”, – o belə deyir.

Yaqut Cəfərova bildirir ki, səhhəti ilə əlaqədar işləyə bilmir. Hər ay müalicəsinə və iynə-dərmanına iki yüz manat pul xərcləyir: "Qardaşımla həyat yoldaşı vəfat edib. Onların dörd övladını zülm-müsibətlə böyütmüşəm. Həyətdə tərəvəz əkirəm, birtəhər dolanırıq. Bütün kənd bilir ki, Oktay Əmənulayev mənə qan uddurur. Xəstəxanaya gedirəm, məni necə əsəbləşdirirlərsə, şəkərim qalxır. Dilim qatlanır, qaşığı ağzıma salıb dilimi çıxarırlar. Bəs yaxşı, mən necə dolanım? Acından ölüm?”

Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Oktay Əmənullayev Meydan TV-yə deyib ki, Yaqut Cəfərovanın sənədləri qaydasında deyil: "Vətəndaşa xəstəxana tərəfindən heç bir maneə yaradılmır. Elefantiaz xəstəliyini təsdiq edən sənədlər olmalıdır. İxtisaslaşmış xəstəxanadan sənəd gətirməlidir. Ambulotar müayinə və stasionar müalicə keçməlidir, xəstəxanada yatmalıdır. Bunlar hamısı olduqdan sonra biz sənədlərini sistemə vura bilərik”.

Qusarın Kuzun kənd sakini Aydın Qırxlarov isə 2014-cü ildə keçirdiyi avtomobil qəzası nəticəsində qapalı kəllə-beyin travması alıb, koma vəziyyətinə düşüb.

Vətəndaş Meydan TV-yə deyir ki, 2002-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmət edib.

Keçirdiyi qəzadan sonra ərizə yazaraq işdən uzaqlaşıb: "Səhhətimlə əlaqədar mənə verilən sosial müavinət dayandırılıb. Özbaşınalıq edirlər, II qrup əlilliyi III qrupla əvəzləmək istəyirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir neçə dəfə olmuşam, şikayətimə baxılmayıb. Nazirlikdə mənə dedilər ki, Sahil Babayev pensiya alanların sayının azaldılması ilə bağlı göstəriş verib. Ona görə də qrupumu dəyişdirmək istəyirlər”.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Meydan TV-yə bildirib ki, Aydın Qırxlarovun əlillik müddətinin uzadılması ilə bağlı tibb müəssisəsi tərəfindən "Əlillik” altsisteminə göndəriş daxil edilib.

Onun sözlərinə görə, şəxsin əlilliyi hərbi səbəblə əlaqədar olduğu üçün o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə cəlb edilib: "Müayinə zamanı Aydın Qırxlarovun diaqnozu ilə bağlı ixtisaslaşmış həkim rəyi və müayinəsi olmadığı müəyyən edilib. Buna görə də o, müvafiq rəy və müayinə üçün göndərilib. Həmin sənədlər təqdim edildikdən sonra onun əlilliyi ilə bağlı yekun qərar veriləcək”.

Bakı sakini Tamara Əsədova şəkərli diabet xəstəliyindən əziyyət çəkir.

Meydan TV-yə dediyinə görə, diabet xəstəliyi ayaqlarında ciddi problem yaradıb.

İkinci qrup əlilliyə görə aldığı müavinətin vaxtı 2021-ci il mayında bitib.

1953-cü il təvəllüdlü qardaşı Rauf Nəsirova hemiparez (nevroloji sindrom) xəstəsidir.

Dediyinə görə, qardaşının bir ayaq və bir qolu işləmir, yataq xəstəsidir. Tamara Əsədova qardaşına qulluq etdiyi üçün xəstəxanaya yatıb, təkrar pensiya ala bilmir.

"Mənə deyirlər ki, xəstəxanada yatmalıyam. Mən xəstəxanada yatsam, evdəki xəstəmə kim baxacaq?”, – şikayətçi deyir.

Məsələ ilə bağlı Meydan TV-nin sorğusunu "DOST” Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktor müavini Teymur Hacıyev cavablandırıb.

Tamara Əsəsdovanın əlillik müddətinin 31.05.2021-ci il tarixində bitdiyini, vətəndaşın həmin vaxta qədər xəstəliyi ilə əlaqədar hər hansı bir ixtisaslaşmış müalicə müəssisəsində müalicə almadığını bildirib: "Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən, diaqnozuyla əlaqədar stasionar müalicənin, eyni zamanda müayinə və müalicə müddətinin yetərli olmaması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilib. Sağlamlıq vəziyyətinin dəqiqləşdirilməsi üçün Respublika Kardiologiya İnstitutunda müayinə və müalicə keçməsi məsləhət görülüb”.

Teymur Hacıyev həmçinin bildirib ki, mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilən məlumata əsasən, Rauf Nəsirova bacısı Tamara Nəsirova deyil, digər şəxs qulluq edir. Həmin şəxsə aylıq təqaüd ödənilir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2021-ci ildə ümumilikdə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edildiyini bildirib.

Nazir 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edildiyini deyib.

Bu illər ərzində illərdə 7000-dən çox saxta əlillik təyinatı ləğv edilib.

Nazir həmçinin deyib ki, 2021-ci ildə bir nəfərin də əlilliyi nə kəsilib, nə də dayandırılıb.

Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin edilib.

Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz