Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun rəhbərlik etdiyi “Bakı Tikinti Kosntruksiya” Qapalı Səhmdar Cəmiyyətini (QSC) ilə bağlı araşdırma aparılır.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, araşdırma “Biznesmen məmur BTK-da qanunsuz tikintiləri necə aparır? – İcarə haqları da vergidən yayındırılır…” (LİNK) və “Saleh Məmmədovun biznesmen müşaviri: Milyonluq mülklər, şirkətlər necə əldə edilib?” (LİNK) başlığı ilə dərc olunan yazılardan sonra başlayıb.
Amma nədənsə müvafiq dövlət qurumları “Bakı Tikinti Kosntruksiya” QSC-də baş verən hadisələrlə bağlı rəsmi açıqlama vermək istəmirlər. Yazılanlarla bağlı QSC-nin özü də rəsmi mövqeyini bildirməyib.
Şahin İbadovun rəhbəri olduğu QSC-də qeyri-qanuni tikililərin mövcudluğu ilə bağlı Fövqəladə Hallar Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlasaq da, bu barədə nədənsə hələ rəsmi mövqe bildirilməyib. Görünür, sözügedən qurumlar ya açıqlama verməkdə maraqlı deyil, ya da tələsmirlər.
Nərimanov rayon İcra Hakimiyyətinə 27 dekabr tarixində rəsmi
[email protected] ünvanına göndərdiyimiz sorğuya isə belə cavab verilib: “Salam. Zəhmət olmasa bu linkdən müraciət edin: http://narimanov-ih.gov.az/feedback.html”.
Qeyd edək ki, iddialara görə, “Bakı Tikinti Kosntruksiya” QSC-nin ərazisində heç bir rəsmi dövlət orqanı tərəfindən razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarlar tikdirilib. Bu azmış kimi, sözügedən anbarlar sahibkarlara yüksək məbləğdə icarəyə verilir. İcarədən yığılan vəsaitin çox cüzi hissəsi isə vergi və digər dövlət rüsumlarına yönəldirilir.
Ərazidə yerləşən anbarlar, üstəlik buradan yığılan icarə haqqı qeyri-qanunidir, rəsmi bəyan olunan hissəsi çox cuzidir və realıqdan fərqlənir.
Nəticədə bu BTK-nın gəlirlərin gizlədilməsinə, birbaşa vergi və digər dövlət rüsumlarının ödənişlərindən yayındırılmasına gətirib çıxarır.
Məlumata görə, bir il öncə ərazidə növbəti qeyri-qanuni tikinti aparılıb. Nərimanov rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tikinti işləri dayandırılıb. Hətta tikinti işləri sonuncu dəfə polisin müdaxiləsindən sonra dayandırılıb.
Məlumat verən mənbə qeyd edir ki, bu ilin sentyabr ayından başlayaraq, FHN-nin və digər dövlət qurumlarının rəsmi razılığı olmadan QSC-nin ərazisində yenidən qanunsuz əsaslı tikinti işləri davam etdirilib.
06.09.2002-ci ildə yaradılan, nizamnamə kapitalı 205092 manat olan, Nərimanov rayonu, Dərnəgül S/Zonası, 507-ci küçə, ev 2096-da qeydiyyatda olan “Bakı Tikinti Kosntruksiya” QSC-nin hər hansı bir veb-saytı, ünvanı və əlaqə nömrəsi ictimaiyyətə təqdim edilməyib.
Qaynarinfo