Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi "Xezer Construction" MMC (VÖEN- 1603218151) olub.
Tender müsabiqəsinin şərtlərinə görə "Xezer Construction" MMC “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nabatat Bağı"nın abadlaşdırılması işlərini həyata keçirəcək.
Abadlıq işləri üçün Bakı Şəhər İcra Hakimiyyəti "Xezer Construction" MMC-yə 57 milyon 999 min 905 manat 91 qəpik ayıracaq.
Məlumat üçün bildirək ki, “"Xezer Construction" MMC 26.02.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 1/8-də (Adore Plaza) yerləşir. Şirkətin qanuni təmsilçisi Abışov İslam Məhəmməd oğludur.
Onu da qeyd edək ki, “Bakı Şəhər Tikinti və Təmir” MMC bu yaxınlarda “Mərkəzi Nəbatat Bağı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərini hazırlamaq üçün “Feniks-AA” MMC (VÖEN- 2000094981) ilə 580 min 300 manat dəyərində müqavilə imzalayıb.
Məlumat üçün bildirək ki, “Feniks-AA” MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir. Şirkətin qanuni təmsilçisi Aydınlı Aydın İlqar oğludur.
Onu da bildirək ki, Aydınlı Aydın İlqar oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar Aydın oğlu İsbatovun oğludur. “Feniks-AA” MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib. 2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.