Qazax və Tovuz rayon İcra Hakimiyyətləri tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqələrinin qalibi "Azərtranss” MMC şirkəti olub.
"Azərtranss” MMC Qazax və Tovuz rayon İcra Hakimiyyətlərindən ümumilikdə 1 milyon 914 min 456 manat 61 qəpik alacaq.
Bu vəsaitin 436 min 48 manat 95 qəpiyi Qazax şəhərində yolların əsaslı təmiri işlərinə, 918 min 395 manat 5 qəpiyi Qazax şəhərinin küçə və yaşayış binalarının həyətlərində abadlıq işlərinin aparılmasına, 560 min 12 manat 61 qəpiyi isə Tovuz rayonunda yolların təmiri işlərinə sərf olunacaq.
Onu da bildirək ki, cəmi 2 ay əvvəl Qazax rayon İcra Hakimiyyəti Qazax şəhərində yolların əsaslı təmiri işləri üçün "Azərtranss” MMC 483 min 198 manat 51 qəpik, Qazax şəhərinin küçə və yaşayış binalarının həyətlərində abadlıq işlərinin aparılması işləri üçün 918 min 395 manat 22 qəpik, yaşayış binalarının əsaslı təmiri işləri üçün isə 139 min 611 manat 92 qəpik verib.
Rəqəmlərdən də göründüyü kimi Qazax rayon İcra Hakimiyyəti son 2 ayda yolların təmiri və abadlıq işləri üçün "Azərtranss” MMC-yə 2 milyon 895 min 649 manat 65 qəpik ayırıb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan "Azərtranss” MMC 17.02.2010-cu il tarixində dövlət qeydiyyatına alının. "Azərtranss” MMC -nin qanuni təmsilçisi Qasımov Adil Məmməd oğludur. Şirkətin hüquqi ünvanı Qazax şəhəri, Heydər Əliyev, ev 58/5-də yerləşir.