“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Millitv.az-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin ofis sahəsini icarəyə götürmək məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi “Macaz Construction” MMC (VÖEN - 1302101451) olub.
Məşğulluq Agentliyi ümumi sahəsi 2000-2300 kv. metr olacaq ofis sahəsini 24 ay müddətində icarəyə götürəcək və qalib şirkətə 743 min 853 manat 12 qəpik vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, “Macaz Construction” MMC 18.11.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yadsamal rayonu, Zahid xəlilov, ev 16A, Məhəllə 523, m. 21-də yerləşir. Şirkətin qanuni təmsilçisi İsmayılov Rəşid Aslan oğludur.
Qeyd edək ki, “Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir. Şirkət Akim Bədəlovun oğlu Aqşin Bədəlov tərəfindən təsis olunub. Aqşin Bədəlov eyni zamanda “Macaz” MMC-nin (VÖEN -2001674501) də yeganə təsisçisi olub. Bundan başqa Aqşin Bədəlov Gürcüstanda “Macaz-Georgia” adlı şirkət də təsis edib. Sabiq Agentlik rəhbərinin oğlu bugünə kimi çoxsaylı tenderlərin qalibi olub.
Onu da bildirək ki, Akim Bədəlovun ailə üzvlərinə məxsus şirkətlərdən biri də “Azgüntex” MMC-dir (VÖEN – 1701151861). Hazırda bu şirkətin dövlət büdcəsinə 38 min manatdan çox vergi borcu var. Ötən il vergi borcuna görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Azgüntex” MMC-ni məhkəməyə də verib.