İslam ölkələrində geniş yayılmış mərasimlərdən biri də müsəlmanların Məhərrəmlik ayında qeyd etdikləri Kərbəla faciəsi və yaxud Aşura günüdür. Artıq 14 əsrdir ki, müsəlman ölkələrində Məhərrəmlik ayı matəm günləri kimi anılır. Şübhəsiz, İmam Hüseynin müsəlmanlar üçün yüksək mənəvi-əxlaqi dəyərə sahib olmasının ən önəmli cəhəti, onun tutduğu şəhadət yolu idi. Elə bir yol ki, burada nə var-dövlət, nə hakimiyyət, nə də buna oxşar heç bir məram və məqsəd yox idi. Bu yolda sadəcə olaraq dürüstlük, etibarlılıq, imanlılıq və Allaha sonsuz sevgi və sədaqət var idi.
Uşaq vaxtı hər il Məhərrəm ayında Aşura mərasimlərinin böyük izdihamla keçdiyini, təkcə kişilərin deyil, qadın və uşaqların da həmin gün böyük kədərlə Kərbəla şəhidlərini yad etdiklərini görsəm də mənasını dərk etmir, axıdılan göz yaşlarının səbəbini anlamırdım. Lakin illər keçdikcə mən bu tarixi hadisənin mənasını daha yaxşı anlamağa, Kərbəla fəlsəfəsini dərinliyi ilə dərk etməyə başladım. Müstəqilliyin bərpasından sonra sərhədlərin açılması bəzi saxtakar və riyakar adamlara bu mərasimlərin, Məhərrəmlik təziyələrinin bizə İrandan ixrac edildiyini deməyə bəhanə yaratdı. Halbuki Azərbaycanın əksər bölgələrində, hətta alllahsızlıq təbliğ edən sovet rejiminin ən güçlü vaxtlarında belə hakim qüvvələr Aşura mərasimlərinin keçirilməsinə əngəl ola bilmirdilər. İnsanlar bir yerə toplaşıb gizli şəkildə olsa da Kərbəla Şəhidlərinin yaşını tuturdu.
Bəlkə də əksəriyyət bu hadisənin səbəblərini, İmam Hüseynin( ə.) və 72 silahdaşının sayı minlərlə ölçülən Yezid (lənətullah) qaşunlarına qarşı çıxmasını bəsit bir qəhrəmanlıq nümunəsi kimi qəbul edir, Cənnət gənclərinin aqasının hansı məqsəd və müqəddas məram üçün özünü qurban verməsini dərinliyi ilə dərk etmirdilər. Amma bu insanların səmimi Əhil Beyt sevgisi qəlbən idi və bu gün bəzi əqidə dönüklərinin dediyi kimi, bu sədəqət və sevgi onların cahilliyindən, başqa ölkənin təbliğatından irəli gəlmirdi. Həmin siyasi dönüklər, mövqeyini gündə yüz dəfə cirkli corab kimi dəyişənlər, adlarını din xadimi qoyub müsəlmanlar arasında parçalanma yaratmağa xidmət edən beçinci kalon mənsubları, Fətullah Gülənin, xaricdəki radikal qüvvələrin Azərbaycandakı nökərlari aldıqları qrantların, bir qab yalın naminə insanların dini inanclarını təhqir etməkdən çəkinmir, vazifə sahibləri olmalarından sui-istifadə edərək cəzasız qalmağı bacarırlar. Onlar iddia edirlər ki, bu qiyam sadəcə hakimiyyət uğrunda baş verib və hadisənin mahiyyətini cahillər süni şəkildə böyüdürlər. Əgər həqiqətən belə idisə onda niyə İmam Hüseyn(ə) Kərbəlaya ailəsi ilə gəlmişdi? Yezidin qosununun sayı barədə məlumat alandan sonra niyə görə geri donmədi?
Çünki İmam Hüseyn (ə) İlahi elminə görə onu gözləyən hadisələrdən xəbərdar idi. Yaxşı bilirdi ki, qarşıda onu şəhadət gözləyir. Bəs nə üçün İmam (ə) ailəsini təhlükəyə salacağını bilə-bilə, onları özü ilə aparmışdı? İmam Hüseyn (ə) bilirdi ki, onu qarşıda şəhadət gözləyir. İnsan müəyyən hallarda səfərə çıxanda, ailəsini də özü ilə aparmaq istəyir ki, onları təhlükədən qorusun. Amma əgər İmam (ə) ailəsi ilə birlikdə olmasaydı, bu hadisə gələcək nəsillərə bu cür ötürülə bilməyəcəkdi. Çünki İmamın (ə) ətrafında olanların sayı çox az idi. Əgər Həzrət Zeynəb (s.ə) və İmam Səccad (ə) olmasaydı, Aşura hadisəsi unudulub gedəcəkdi. İmam Hüseyn (ə) ailəsini özü ilə götürməsəydi, miskin təfəkkürlü insanlar iddia edəcəkdilər ki, İmam Hüseyn (ə) hakimiyyət üçün qiyam edib. Bu gün də bütün açıq dəlilərə rəğmən, bəsit təfəkkürli adamlar yenə də həmin saxta iddianı səsləndirməkdə davam edirlər. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və Məhəmmədin nəvəsi olan imam Hüseyni peyqəmbərimiz Məhəmməd (s.ə. s.) qardaşı Həsən ibn Əli ilə birgə cənnət gənclərinin ağası olaraq elan edib. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında iştirak edərək, qэhrəmanlıla döyüşüb. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olub və Müaviyə həyatda olduğu müddətcə Həsənin sülh müqaviləsinə sadiq qalıb. 680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvəti üzərinə Məkkədən Kufəyə doğru yola çıxmışdı. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizlikləri üzündən Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə Şəhid edildi.
Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq Kufə və oradan da Şama göndərildi.Hüseynin həyatı və şəhidliyi, Əməvilərə qarşı üsyanı adının müqavimət, mübarizə və şəhidliklə xatırlanmasına, eyni zamanda qəddar və zalım zəmanə hakimlərinə, züllmə və despotizmə qarşı genişmiqyaslı mübarizələrin başlama səbəbi və ilham qaynağı oldu. I Yezidin 4.500 Və ya 30,000[1] nəfərlik ağır silahlarla silahlanmış qoşunu ilə qarşılaşsa geri dönmədi, qəhrəmanlıla düyüşüb Şəhid oldu. İmam Hüseynin (ə) böyük hədəflərindən biri Allah bəndələrinə azğınlıq və zəlalətdən nicat vermək idi. İmam Sadiq (ə) "Ərbəin" ziyarətnaməsində belə buyurur: "İlahi Hüseyn (ə) ki, sənin vəliyyin və vəliyyinin oğlu idi. Öz qanını və canını sənin yolunda verdi ki, sənin bəndələrin cəhalət, nadanlıq, azğınlıq və sərgərdanlıqdan nicat tapsın".
Aşura İslam tarixində daha çox peyğəmbərimizin nəvəsi imam Hüseynin Kərbəla çölündə şəhid edilməsinin illər boyu unudulmamasının, yaşadılmasının ifadəsidir. Təbii ki, bu zaman şəhidlərimizin əziz xatirəsini də anırıq. Çünki ermənilərlə döyüşlərdə həlak olmuş minlərlə Şəhid övladımız özünü könüllü olaraq qurban verməyə, insanlığı, Vətəni, gələcək nəsilləri xilas etməyə məhz Əhli Beyt məktəbinin məzunları olaraq atılmişdılar. Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubu xatırlayın. Ulduza hürən köpəklərin riyakar və şərəfsiz sayıqlamalarına baxmayaraq, bu gün insanlar Hüseyn(ə) sevgisini yaşatmağa, onu hüzn və qururla yad etməyə izdihamla axın edirlər. Nə qədər ki, bəşər tarixi davam edir, qiyamət gününə qədər Əhli Beyt sevgisi, Kərbəla müsibəti nəsildən nəslə ötürüləcək və əbədi olaraq sevgi ilə anlılacaq.