Göyçay rayon Qasım Həsrətov adına Mırtı kənd tam orta məktəbi yararsız vəziyyətdədir.
Bunu sökülən qapılar, şüşəsiz pəncərələr, tökülən divarlar, qəzalı pilləkənlər, yararsız sinif otaqları, istismar müddətini başa vurmuş daş tavan, çürüyən taxta döşəmələr və illərlə qapısı bağlı üfunətdolu ayaqyolu hər gün məktəb kollektivinin gördüyü mənzərədir…
"Sinif otaqlarında siçanlar "dostumuz”a çevrilib”
Məktəb nə dağ kəndindədir, nə də şagird sayı azdır. Bu, hələ çatışmazlıqların zahiri təsviridir. Həmin otaqlarda gündəlik dərslərini keçən müəllim, şagird heyətinin üzləşdiyi çətinliklər, yaşadığı problemlər isə daha ciddidir.
Yararsız avadanlıqlar, yamaq pəncərələr, sökülən divarlar, hər an uçmaq təhlükəsində olan tavan və döşəmələr fonunda soyuqdan dolayı üst geyimi ilə əyləşən şagirdlərin görüntüsü ürək ağrıdır.
Bu məktəb 1981-ci ildə istifadəyə verilib. Hazırda 358 şagird, 53 müəllim heyəti var. Müəllimlərdən 20-i kişi, 33-ü qadındır.
Məktəbin müəllimləri deyir ki, ötən 40 ildə əsaslı təmir edilməyən məktəbin yarısı qəzalı duruma görə bağlıdır.
3 ildir ki, bu məktəbdə tərbiyəçi müəllim kimi çalışan Ayşən Əhmədova da azyaşlılara dərs keçdiyindən ona belə bir məktəbdə çalışmağın çətin olduğunu deyir. Yeni məktəb binasının inşası gənc müəllimin ən böyük arzusudur: "Məktəb həqiqətən çox pis vəziyyətdədir. Ayaqyolusu yoxdur. Dərs dediyim uşaqları məktəbin həyətində çox uzaq məsafədə yerləşən ayaqyoluna aparmaq məcburiyyətindəyik. Ora aparınca isə uşaqlar paltarını isladır. Döşəmələri pis gündədir. Sinif otaqlarında siçanlar "dostumuz”a çevrilib. Siçan dərmanı qoymaqdan bezmişəm, inanın. Ehtiyat edirəm ki, uşaq götürüb yeyər, zəhərlənər”.
"Qaz yoxdur. Qış mövsümündə odun sobası ilə otaqları istimək məcburiyyətindəyik. Onun da istiliyi yoxdur. Sinif otaqları soyuq olduğundan uşaqlar üst geyimlərini soyunmur. Mən daxil, bütün valideynlər, kənd camaatı istəyirik ki, yeni məktəb binası inşa edilsin. Axı belə binada keyfiyyətli təhsil və yaxşı tədris olmaz. Müəllim, şagird, valideyn olaraq hamımız çox əziyyət çəkirik”, – deyə Ayşən Əhmədova bildirib.
"Uşaqlarının xəstələnməməsi üçün valideynlərin özləri odun gətirir”
20 ilə yaxındır ki, həmin məktəbdə müəllim kimi çalışan Aynur Əhmədova da məktəbin vəziyyətindən narazıdır. Xüsusilə soyuq havarlarda məktəbin tədrisə tamamilə yararsız durumda olması onu bir müəllim kimi çətin vəziyyətə saldığını deyir: "Məktəb illərdir təmirsizdir. Qış vaxtı isitmə sistemi olmadığından çox soyuq olur. Nəm divarlar, soyuq otaqlar və soyuqdan tez-tez xəstələnən uşaqlar əziyyət çəkir, davamiyyət pozulur. Məsələn, mən beşyaşlılar üçün hələ dərs keçirəm, 2 saat oluram sinif otağında. 2-3 ədəd də odun olur və həmin odun 2-3 saata sinifi necə qızdırsın? Təbii ki, otaqlar isinmir və tez də soyuyur. Mənim sinfimdə uşaqlarının xəstələnməməsi üçün valideynlərin özləri odun gətirir. Yəni, ən əsası yeni bina inşa olunaraq istilik sistemi ilə təchiz olunmalıdır”.
Müəllimlər deyir ki, əvvəllər daha çox sayda şagird təhsil alardı. Zamanla məktəbin və təhsilin durumu bir çox şagirdi məktəbdən uzaq salıb. Valideynlər daha təhlükəsiz və keyfiyyətli təhsil üçün qonşu kənd, yaxud şəhər məktəblərinə üz tutur. Qonşu Alıkənd kənd tam orta məktəbin binası dörd illik olduğundan ordakı yuxarı sinif şagirdləri də 4-5 km-lik yolu qət edib Mırtı kənd məktəbinə yollanır. Ancaq qəzalı bina üzündən həmin şagirdlərin böyük qismi təhsil yolunu şəhər məktəblərinə dəyişməli olublar. Nəqliyyat, zaman və xərc tələb etsə belə.
"Ayaqyolu yoxdursa, hansı mədəniyyətdən danışırıq?”
Valideynlər bildirirlər ki, onlara əlavə xərc xoş deyil, xüsusilə kasıb yaşam durumunda. Ancaq qəzalı məktəb binasında yaşanan çətinliklər və təhsilin keyfiyyətinə edilən təsirlər onları bu üsula əl atmağa vadar edir.
Kənd sakini Lalə Babayeva tək övladının təhsili üçün çox narahatdır. Oğlu Məcid bir il Mırtı kənd tam orta məktəbində təhsil alsa da, sonradan valideyni məhz məktəbin durumundan dolayı onu məktəbdən çıxarmalı olub.
"Biz də bu məktəbdə oxumuşuq. Ən azı bizim dövrdə məktəbin pəncərələri vardı, lövhələr tam idi, tavan dammırdı. İllər sonra oğlumu məktəbə aparanda çox pis durumda olduğunu gördüm. Məktəb həm də mədəniyyət mərkəzidir. Mədəniyyət isə ayaqyolundan başlayır. Ayaqyolu yoxdursa, hansı mədəniyyətdən danışırıq? Bir tualet var, hər yeri uçuq, uşaq ora girsə, tavan başına çökəcək”.
Vaideyn deyir ki, məktəbi odun sobası ilə isidirlər. Yaş odunu birinci saatda sobaya qoyurlar, beşinci saatda odun yanmağa başlayır, otaq olur buz kimi: "Siniflərə nöyüt vururlar, iydən uşaqlar pis vəziyyətə düşür, allergiyası olanı var. Özüm neçə dəfə Məcidə sistem vurdurmuşam. Məktəbin idman zalından tutmuş bufetinə qədər qəzalıdır, yararsızdır. Uçur, sökülür, tökülür. Məktəb təmir olunmalıdır, yenidən tikilməlidir. Məhz buna görə mən övladımı ordan çıxardım. Hazırda bu məktəbin uşaqları çıxıb Ləkçıplaq kənd tam orta məktəbinə gedir. Axı belə olmaz”.
"Bəzi otaqlar tamamilə bağlıdır, çünki orda dərs keçmək mümkün deyil”
Ceyran İsayeva da valideyndir. İki övladı hazırda Mırtı kənd tam orta məktəbində təhsil alır. Bir valideyn olaraq hər gün kiçik övladına görə məktəbə gedib-gəlmək məcburiyyətindədir.
Məktəbin qəzalı vəziyyəti, sinif otaqlarının təhsilə yararsız durumu, çat verən divarlar, şüşəsiz pəncərələr, damcılayan tavan, sökülən döşəmə onu da narahat edir: "Oğlum 3-cü sinifdə, qızım məktəb daxilindəki bağçaya gedir. İcma əsaslı bağça üçün ayrıca bina olmadığından həmin məktəbin otaqlarından birində dərs keçirilir. Məktəbin girişindən, çıxışına qədər durumu o qədər bərbaddır ki, çox hərəkət etməyə, toxunmağa, qaçmağa qorxursan. Düşünürsən nəsə uçar, uşaqlar onun altında qalar”.
Valideyn deyir ki, sinif otağındakı yarımçıq lövhələr, bərbad durumda olan yazı masaları və oturacaqlar çox köhnəlib. Divarlar içəridən iri çat verib, bəzi qapılar çürüyüb tökülür, daş döşəmələr isə istismar müddətini başa vurub: "Bəzi otaqlar tamamilə bağlıdır, çünki orda dərs keçmək mümkün deyil. Məktəbin üst örtüyündən isə danışmayaq. Yağış yağan kimi otaqlara su damcılayır. Siçovullar məktəbin ayrılmaz dostudur. Az uşaq dərs keçmir burda, axı belə məktəblə hansı keyfiyyətli təhsildən danışmaq olar?”
"Nə vaxt ölçü götürüləcək, biz onu bilmirik”
Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Rahib Burcaliyev deyir ki, Mırtı kənd məktəbi tam yararsızdır. Məktəb binasının təmiri, yaxud yenidən tikintisinə gəldikdə isə dövlət proqramına salındığını bildirir: "Bizdə ümumiyyətlə qəzalı məktəblər yoxdur, yararsız məktəblər var. Mırtı məktəbi də yararsız məktəblər siyahısına aiddir və o da dövlət proqramına salınıb.Yəni Mırtı məktəbi təmir üçün Təhsil Nazirliyinin balansında var. Nə vaxt onlara uyğun olacaqsa, – ya vəsait ayrılan kimi, ya da proqrama salınan kimi məktəb təmir olunacaq. Nə vaxt olacaq, biz onu bilmirik. Həm də mən yeni təyin olunmuşam, məktəbin durumu və təmiri ilə bağlı əvvəlki əməkdaşlar, məktəb direktoru daha yaxşı bilər”.
Nazirlik cavab əvəzinə gördüyü işi təqdim edir
Təhsil Nazirliyinin Tikinti və Təchizat İdarəsinin rəisi Valeh Mirzalıyevin göndərilən sorğuya verdiyi rəsmi cavabında isə göstərilən problemin nə zaman həll olunacağı qeyd olunmayıb. Heç cavab məktubunda Mırtı kənd məktəbinin adı da çəkilmir. Yanız ümumi vurğulanır ki, təhsil müəssisələrinin təmiri idarənin nəzarətindədir.
Valeh Mirzalıyev problemin nə zaman həll olunacağına cavab vermək əvəzinə, gördükləri işləri sadalamaqla kifayətlənib: "2022-ci ilin Dövlət İnvestisiya Proqramı çərçivəsində Göyçay rayonunun Bığır kəndində 264 şagird yerlik tam orta məktəbin tikinti işlərinə başlanılmışdır.
Sorğuya cavab
Son 3 il ərzində isə rayonun Ləkçıplaq kəndində 1 nömrəli 764 şagird yerlik tam orta məktəb əsaslı təmir olunmuş, Hacıağabəyli kəndində 40 şagird yerlik, Ərəbşahverdi kəndində 20 şagird yerlik, Alıkənd kəndində 20 şgird yerlik, Veysəlli kəndində isə 20 şagird yerlik modul tipli məktəblər quraşdırılmışdır”.
Belə çıxır ki, indi kənd sakinlərinə Cəlilabad rayonunun Musalı kənd tam orta məktəbində, eləcə də Bərdə rayonunun Mehdili kənd tam orta məktəbində baş verən qəzaların təkrarlanmaması üçün dua etmək qalır. //meydan.tv//