Bu gün təhsil sistemində baş verən neqativ hallarla bağlı mətbu orqanlarda gedən xəbərlər bu sahəylə daha dərindən maraqlanmağı lüzum görür. Bəs bu problemlərin həllinin öz əksini tapmadığı halda minlərlə şagirdlərin, tələbələrin çıxılmaz bir vəziyyətə düşəcəklərini bilirikmi? Bilib yenə də göz yumuruqsa, xüsusilə aidiyyatı orqanlar bu məsələyə biganə yanaşırsa deməli dövlətin əsas strukturundan biri uçurumun astanasına doğru yaxınlaşır. Xarici ölkələrdə birinci təhsil sahəsinə xüsusilə diqqət ayrılır, məhz ondan dolayıdır ki, bu gün bir çox gənc xaricdə təhsil almaq arzusundadır. İmkanı daxilində bu arzunu gerçəkləşdirə bilməyənlər bir çox neqativ halların qurbanına çevrilir, rüşvətə boyun əyməli olur, təhsildən daha çox boş məşğuliyyətlərə yönlənirlər. Orta məktəblərdə direktor özbaşınalığı, müəllimlərin şagirdlərdən dəxlisiz pul tələb etmələri, ad olaraq fəaliyyət göstərib əslində şagirdlərin bir dəfə də olsun iştirak etmədiyi dərnəklər, hər hansı bir fənni başqa aidiyyatı olmayan bir müəllim tərəfindən kor-koranə keçirilməsi və s. bu təkcə orta məktəblərdə baş verən hadisələrin kiçik anonsudur. Bunun hələ kolleci, peşə məktəbləri, universitet və institutları və s. var. Amma indi haqqında danışacaqlarımız orta məktəblə bağlı olduğu üçün əsas olaraq bunun üzərində dayanacağıq. Həm də orta məktəb digər ali məktəblərə bir növ açar və ya giriş qapısı rolunu oynayır.
DogruXeber.az xəbər verir ki, deməli, cana-boğaza yığılan Lerik rayonu Daster kənd ümumi orta məktəb şagirdlərinin valideynləri ərizəylə redaksiyamıza müraciət ediblər. 2012-ci ildə tikilib istifadəyə verilən məktəb görünüşcə müasir standartlara cavab verirmiş. Lakin “xarici görünüş aldadıcı olur” deyimi burada yerinə düşür. Təbiətin şıltaqlığından dolayı yağan yağışlar birbaşa sinif otaqlarına və idman zalına dolduğu üçün məktəb pis vəziyyətə düşüb, daha doğrusu idman zalı və sinif otaqları. Təhsil nazirliyi məktəb tikintisi üçün büdcədən külli miqdarda vəsait ayırdığı halda niyə yağış suları sinif otaqlarına dolsun ki? Materiallar keyfiyyətsiz olub, ya da ustalar başdansovdu işləyiblər. İdman zalı dedikdə idman avadanlıqlarıyla təchiz olunmuş zal nəzərdə tutulsa da Daster kənd orta məktəbində heç bir avadanlığın olmadığını şikayətçi valideynlər ərizəylə bizə bildiriblər. Axı məktəbdə idman zalı tikilirsə nazirlikdən onun içini avadanlıqlarla təmin edilməsi üçün də pul ayrılır. Bəs niyə idman zalı boş qalıb? Yenə də maraqlıdır... biabırçı bir nüans daha var.
Deməli məktəbə verilən plazma televizor oğurlanıb. Məktəbdən oğurluq, xüsusilə düşünəndə ki, təhsil ocağından oğurluq edilir adamın tükləri biz-biz olur. Şikayətçilər bildirir ki, nazirlik tərəfindən məktəbə rəsmi sənədlə 10 ədəd komputer verilsə də lakin cəmi 3-4 komputer işlək vəziyyətdədir. Qalan komputerlərdən isə bir xəbər yoxdur. Nazirlik tərəfindən verilən hər bir əşya, cihaz və s. dövlətin mülki hesab olunur və onu mənimsəmək birbaşa cinayət işinin təməlini qoyur. Bu riskə hansı ürək sahibi imza atıb görəsən? Problemlər bitmir ki, bitmir. Üstəlik həmin məktəbə verilən 3 printerdən heç biri işləmir. Hətta müəllimlər və şagirdlər kserks üçün Lənkəran şəhərinə getməli olurlar. Modern dövrdə və inkişaf etmiş bir ölkədə belə bir halın baş verməsi dövlətin aidiyyatı qurumlarına və eləcə də birbaşa özünə xələl gətirir. Orada təhsil alan şagirdlərin heç bir günahı yoxdur. Bu problemlərlə təhsil şöbəsi ciddi məşğul olmalı olduğu halda sanki heç bir neqativ hal baş verməyibmiş kimi biganə yanaşır. Valideynlər aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də heç bir nəticə əldə olunmayıb. Həmin məktəb həm də maraqlı olayların necə deyərlər məskənidir. Buna misal olaraq rus dili fənnindən dərs keçən müəllimin həm də biologiya fənnindən dərs deməsini göstərmək olar. Bilirsiz bu nə qədər ciddi bir problemdir? Həmin şagird sabah qəbul imtahanında həqiqətən də ciddi problemlərlə üzləşəcək və demək olar ki, gələcəyə uzanan körpüləri məhv olacaq. Biz minlərlə bu cür gənci itirmiş oluruq. Xarici dilin də nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirik. Ən azından 21-ci əsrdə hər hansı bir işə qəbul üçün xarici dilin böyük rolu var. Xarici dil səviyyəsinin yüksək olması bir neçə addım öndə olmağın göstəricilərindən biri kimi qiymətləndirilir.
Lakin Daster kənd orta məktəbində hadisələr başqa cür cərəyan edir. Valideynlər DogruXeber.az-a bildirirlər ki, ötən ilin may ayının 15-dən iyun ayının 15-nə kimi ingilis dili müəllimi Bakı şəhərində olub. Məsələnin maraqlı tərəfi budur ki, həmin müəllim Bakıdaykən Daster kənd orta məktəbində uşaqlara qiymət verib. Bu möcüzə deyil bəs nədir? Fərqli məkanlarda eyni zaman kəsiyində peyda olmaq vallah möcüzədir, ilahi bir vergidir. Amma həmin ərəfədə dərslər boş qalıb və həmin şagirdlər o dərsdə iştirak etmədikləri üçün qiymət belə alıblar. Həmin məktəbin müəllimlərindən şagirdlərinə qayğısı və sevgisi bu cür tərənnüm oluna bilərdi. Təbii ki, alqışa və təqdirə layiq bir addımdır. Amma eyni anda fərqli məkanlarda peyda olan müəllim haqqında yəqin ki, müasir nağıllarda bir personaj yaradılacaqdır. Müəllimin şagirdlərə örnək olması və tərbiyə aşıladığını gözləsək də onların yanında zərərli vərdişlərdən istifadə etməsi şagirddə şüuraltı nələrsə yaradır. Məsələn, siqaret çəkməyən hər hansı bir şagird gələcəkdə buna aludə ola bilər. Psixoanaliz sahəsində şüuraltının nə dərəcədə insan həyatında mühüm rol oynadığını yaxşı bilirik. Şagirdlər müəllimlərə bir ziyalı kimi baxmalı, müəllimlər də eynən o cür davranmalıdır ki, şagird gələcəyin zialısı kimi ondan örnək götürsün. Xülasə həmin məktəbdə nələrsə oğurlanır, nələrsə yox olur, otaqlar yağış sularına qərq olur və s. adam lap belə məktəbi gördükdə M.Ə.Sabirin “Oxutmuram əl çəkin” şeirini ürəkdən oxumaq istəyir.
Bəs Lerik rayonu təhsil şöbəsi məktəblərdə yoxlama aparmır? Bunun üçün komissiya təşkil olunmayıb? Komissiya yaradılıbsa və bu problemlər öz əksini tapıbsa deməli onlar da nələrəsə hansısa səbəblərdən göz yumurlar. Axı bu təhsil ocağıdır, burada gələcəyin alimləri, professorları, önəmli elm adamları yetişə bilər. Kimlərinsə hərcmərcliyi ucbatından hər hansı bir Azərbaycan övladı niyə bədbəxt olmalıdır ki? Bu xəbərdən sonra ümidvarıq ki, təhsil nazirliyi bu məsələylə bağlı ciddi tədbirlər görər, problemlər də öz əksini tapar. Unutmayaq ki, təhsil dövlətin əsas dayaqlarından biridir.
Redaksiya olaraq məsələylə bağlı Lerik Rayon Təhsil Şöbəsiylə telefon əlaqəsi saxladıq. TŞ-nin müdiri Salayev Zöhrab Hüseyn oğlu verdiyimiz suallara qısa cavab verməyi üstün tutaraq, sözügedən məktəbdə deyilən iddialar həqiqət olmadığını bildirdi.
P.S. Bizim üçün müəmmalı olan budur ki,redaksiyamıza müraciət edən bir qrup Daster kənd tam orta məktəb şagirdlərinin valideyinləri,məktəbdə baş verən analoji hallar barədə verdikləri məlumata TŞ-in müdri Salayev Zöhrab Hüseyn oğlu qısa və qeyri obyektiv cavab verməsidir.
Məsələylə bağlı araşdırmalarımız davam edir:
Bizi izləyin....