Axtarış...

Cənab nazir, bura Suriyanı xatırladır... - GİLEY



Bu il böyük dramaturq, şair, yazıçı Cəfər Cabbarlının 120 illik yubiley ilidir. Dahi ədibin adını əbədiləşdirmək üçün respublikanın müxtəlif şəhər və rayonlarında onun adını daşıyan kinostudiya, küçələr, kitabxanalar, məktəblər var. Belə məktəblərdən biri də Masallı rayonunda yerləşən Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbdir.

1981-ci il də istifadəyə verilən məktəb vaxtı ilə həmin dövr üçün regionun ən yaxşı məktəblərindən sayılırdı. Mərkəzləşdirilmiş istilik sistemi, qapalı voleybol zalı, akt zalı, emalatxana, bufet, hərbi dərslər üçün kabinet, müasir laboratoriyalar bir vaxtlar göz oxşayırdı. İstifadəyə verildiyi vaxtdan 38 il keçməsinə baxmayaraq heç vaxt əsaslı təmir edilməyən məktəb hazırda çox bərbad vəziyyətdədir. Akt zalı, idman zalı yararsız, laboratoriyalardan, bufetdən isə əsər-əlamət yoxdur.

Ərkivan qəsəbəsinin tam qazlaşdırılmasına baxmayaraq, bu məktəbdə sinif otaqları hələ də odun sobaları ilə qızdırılır. Əslində isə xarici və daxili fasadda olan suvağın tökülməsi, divarların çatlaması, pəncərə şüşələrinin qırıq və ya heç olmaması, döşəmənin dağılmasına görə sinif otaqları isinmir. Məktəbin dam örtüyü yararsız olduğundan yağıntı suları məktəbin içinə tökülür. Şagirdlər yağıntı suları altında, soyuq, ala qaranlıq sinif otaqlarında dərs alırlar. Bu səbəblərdən qış aylarında şagirdlər tez-tez xəstələnir, dərsə davamiyyətdən geri qalırlar.

Onlarla qəsəbə sakini isə 3 oktyabr tarixində məktəbin təmiri ilə əlaqədar imza toplayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova ərizə ilə müraciət ediblər.

Qəsəbə sakinləri yazdıqları müraciətlərdə, Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin illərdir ki, əsaslı təmirə ehtiyac olduğunu və tezliklə bu iş üçün müvafiq sərəncam verilməsini xahiş ediblər.

Məktəbin direktoru Mənijə Yəhyayeva bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib: “Məktəbin təmiri ilə bağlı Masallı Rayon Təhsil şöbəsinə məlumat verilib. Təhsil şöbəsindən bizə bildiriblər ki, məktəb plandadır, gələcəkdə təmir ediləcək”. //bakupost.az//










Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz