“Bakı şəhərində boş ərazidə çoxmərtəbəli bina tikmək sahibkarlara sərf edir. Lakin onlar düşünməlidirlər ki, əhalinin sayı, mövcud ekoloji parametrlərin reallığı mütləq nəzərə alınmalıdır”.
Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.
O qeyd edib ki, Bakıda yeni yaşayış binalarının tikilməsinə artıq ehtiyac yoxdur:
“Çünki həmin tikililər sonda ekoloji prosesin müəyyən mənada pozulmasına, mənzərənin pisləşməsinə gətirib çıxarır. Bu gün mərkəzi yerlərdə parkların yaradılmasına diqqət yetirilməlidir. Hər hansı ağacın götürülməsi labüd olarsa, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir”.
Qeyd edək ki, son illər Bakıda yeni tikilən yaşayış binalarının sayı xeyli artıb. Bununla yanaşı paytaxtda abadlaşma işləri aparılıraq, yeni parklar salınıb, çox sayda ağaclar əkilsə də, şəhərdə əvvəlki illərə nisbətən yaşıllıqlar daha da azalıb. Digər tərəfdən isə bu gün mənzilə ehtiyacı olan çox sayda vətəndaş var.
Bəs vəziyyətdən çıxış yolu nədir, yeni yaşayış binalarının tikilməsinə artıq ehtiyac yoxdursa, insanlar harada yaşamalıdırlar? Yaxud yeni tikililər ekoloji prosesin pozulmasına gətirib çıxarırsa, müvafiq qurumlar tərəfindən buna niyə icazə verilir? Dia.az-ın məlumatına görə, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, bu gün Bakı şəhərində minlərlə istismar müddətini bitirmiş köhnə tikili bina var və 100-dən artıq bina FHN tərəfindən qəzalı kimi qeydə alınıb:
“Bu binalar birmənalı olaraq sökülməlidir ki, yerində hər hansı bir bina tikilsin, vətəndaş oraya köçürülsün. Çünki qəzalı bina qaldıqca daha da təhlükəyə çevrilir. Ekoloji cəhətdən baxsaq, Bakı və Abşeronda 2 minə yaxın çoxmənzilli, yeni tikili yaşayış binası var. Barmaqla sayılacaq qədər bu binaların özlərinin ümumi qazanxanası var. Hər yeni tikilən binalarda 50-100 mənzil var və hər mənzildə kombi aparatı qurulur, onun borusu eyvandan çıxarılır ki, birbaşa zəhərli qaz havaya axır, ekologiyanı məhv edir.
Yalnız bu kombidən çıxan zəhərli qazı nəzərə alsaq, ekologiyanı məhv etməyə bəs edir. Yetərincə avtomobillərdən çıxan qazlar da var. Bakı şəhəri 90-cı illərə qədər regionun ən “yaşıl şəhəri” idi. Bu gün həmin yaşıllıq daş binalara çevrilib. Parklar salınsa da, döşəmələri hamısı mərmər döşəmələdir. Halbuki orada yaşıllıq, ağaclar, gül-çiçək olmalı idi. Yaşıllığa daha çox önəm verilməlidir. Binalar təbii ki, tikilməlidir. Ancaq hər ərazidə mütləq şəkildə ekologiyanın qorunması üçün yaşıllıq sahələri salınmalıdır. Bu həm ekologiya, həm də sağlamlıq baxımından vətəndaş üçün vacibdir. Bakı ətrafında böyük bağlar, parklar salınır. Ancaq mərkəzdən söhbət gedirsə, artıq yaşıl ərazini barmaqla saymaq mümkündür. Dekorativ ağaclar əkilib ki, onların da oksigen ifrazı az hallarda olur, sadəcə görüntüsü var”.
Ekspert deyir ki, bütün şəhərlərdə hava axını olur və hava axını olan ərazilərdə binaları tikmək olmaz, çünki qarışısını alır:
“Hündürmərtəbəli binalara gəldikdə isə bu gün normativlər ona icazə vermir. Yəni 10 xırda binadansa, bir hündürmərtəbəli binanın tikilməsi daha effektivdir. Ancaq tikintiləri aparan özəl sektordur və bu onlara sərf edirmi, yaxud o imkanlar verilirmi?
Məsələn, “Ağ şəhər” layihəsinə baxsaq, əvvəllər onun adı “Qara şəhər” idi və neftə bulaşmış çirkab torpaqlar idi. Həmin ərazidən insanlar, müəssisələr köçürüldü, torpaq təmizləndi və dövlət standart layihə ayırdı, tikinti şirkətlərinə verdi. Tikinti şirkətləri burada 8-12 mərtəbəli binalar tikdilər. Bu binalar həm dənizdən gələn havanın qarşısını almadı, çünki çox hündürmərtəbəli deyillər. Digər tərəfdən də binalararası məsafə də qorundu.
Bu kimi layihələri həyata keçirmək üçün mütləq Bakının Baş planı hazırlanmalıdır. Lakin hələ də Baş plan hazır deyil. Bu qədər pərakəndə, uyğun olmayan, bir-birinə yaxın binala tikilir. Halbuki Baş plan hazırlananda artıq onlar sökülməlidir. Bizim ən son Baş plan 1986-cı ildə hazırlanıb. Yəni şəhərin bütün infrastrukturu, binalararası məsafə, yolun eni, məktəblər və s. həmin plana uyğundur. Ancaq 86-cı ildən bu yana uzun illər keçib və Bakının genişlənməsi bir tərəfə, iki-üç dəfə içindən tikiblər. Mütləq Baş plan hazırlanmalı, tenderlə tikinti şirkətlərinə layihələr verilməlidir ki, ona uyğun tikilsin. Orada mütləq şəkildə yaşıllıqlar nəzərə alınmalıdır”.
Ekspertin sözlərinə görə, bu gün sosial şəbəkələrdə də yaşıllıqların, parkların sökülməsi, ağacların kəsilməsi və yerində binalar, kafe, restoranlar tikilməsi ilə bağlı məlumatlara rast gəlinir:
“Gələcək nəsillərə yalnız bina tikmək deyil, həm də sağlam bir həyat da bəxş etmək lazımdır. Eyni zamanda vətəndaşlar birinci növbədə mənzillə təmin edilməlidir. Bugünlərdə ölkə başçısıının imzaladığı yeni layihəyə əsasən evsiz insanların uçotu aparılacaq. Bu o deməkdir ki, dövlət vətəndaşları evlə təmin etmək üçün hansısa addımlar atmağa hazırlaşır.
Digər tərəfdən, bu o deməkdir ki, tikinti sahələrinin əraziləri genişləndiriləcək. Tikinti aparılarkən aidiyyəti dövlət qurumlarının hamısından razılıq alınır və ETSN-in bir normativi olmalıdır ki, bu ərazidə tikinti aparılsa nə qədər yaşıllıq olmalıdır”.