"İstifadə edilən avadanlıqların təhlil edilməsi ilə bağlı Bakı şəhərində, həm də ayrı-ayrı bölgələrdə yerləşən daş karxanalarında monitorinqlər aparılıb".
"Report" xəbər verir ki, bunu "Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi" mövzusunda dəyirmi masada Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri İlham Pənahov deyib.
Onun sözlərinə görə, monitorinqlər zamanı məlum olub ki, daş karxanalarında hazırda istifadə edilən avadanlıqlar sovet dövründə istehsal olunub və vaxtı keçib: "Karxanalarda istifadə olunan avadanlıqların çoxu tam aşınıb. Bəzi yerlərdə avadanlıqlar təhlükəsizlik tələblərinə cavab vermir. Heç bir ekoloji tələb gözlənilmir, ekoloji mühitə dəyən zərərin qarşısı alınmasa gələcəkdə vəziyyət daha da pis olacaq".
İ.Pənahov qeyd edib ki, daş karxanalarında elə də çox və çeşidli avadanlıqlara ehtiyac yoxdur: "Karxanalarda 3-4 adda avadanlıq tətbiq olunur ki, onları da günün tələblərinə cavab verən yeni avadanlıqlarla əvəz etmək lazımdır".