Axtarış...

AMEA-da Ramiz Mehdiyev AB-HAVASI... HƏLƏ DƏ QALIR...

AMEA-da Ramiz Mehdiyev AB-HAVASI... HƏLƏ DƏ QALIR...

Ramiz Mehdiyev AMEA prezidenti postundan uzaqlaşdırıldıqdan sonra akademiyanın bir sıra strukturları ilə bağlı ciddi problemlər gündəmə gəlməyə başlayıb.

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə bağlı son iki ildə kifayət qədər problemlər, qalmaqallar ortadadır. R.Mehdiyev akademiyaya gələndən sonra “söküntü” işlərinin başladığı strukurlardan biri məhz MEK oldu, onun sərəncamı ilə ilkin olaraq MEK-in rəhbərliyi dəyişdirildi. Hətta həmin dövrdə işdən haqsız yerə uzaqlaşdırılan sabiq direktorlardan biri ilə R.Mehdiyev arasında məhkəmə qalmaqalı da baş verdiyinə dair mətbuatda məlumatlar öz əksini tapdı. R.Mehdiyevin MEK-ə yeni direktor təyin etməsini isə qurum əməkdaşları narazılıqla qarşıladılar. Bir sözlə, MEK-də baş verən proseslər barədə əməkdaşları çox narahatlıqla danışırlar. Mətbuatda yayılan məlumatlara görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının bir qrup əməkdaşı Prezident İlham Əliyevə müraciət qəbul edib. Müaciətdə deyilir: “...Söhbət AMEA-da “islahat” adı altında bəzi manqurtların öz halal zəhməti ilə dolanan, illərini fədəakarlıqla öz işinə həsr etmiş, Azərbaycan elminin keşiyində durmuş əməkdaşlara qarşı ədalətsiz qərarlar çıxaran işbazlardan gedir. Biz – AMEA-nın Mərkəz Elmi Kitabxanasının (MEK) əməkdaşları – yaranmış bu vəziyyətdən çıxış yolunu Sizə – daim ədalətin keşiyində duran, Azərbaycan xalqının ümid yeri olan Prezidentimizə müraciət etməkdə görürük.

Bildiririk ki, AMEA MEK-ə yeni təyin olunmuş direktor, ixtisası kitabxanaçılıq olmayan və bu işdən ümumiyyətlə xəbərsiz olan Məmməd Əliyev bir ilə yaxın müddətdə ölkədə tətbiq edilən xüsusi karantin rejiminə və bu vəziyyətdə insanların tutduqları vəzifədən əsassız ixtisar edilməsinin yolverilməz olduğuna baxmayaraq, bir çox azərbaycanlı ailəsini maddi sıxıntılar içində yaşamağa məhkum etmişdir. “Müqavilənizin vaxtı bitmişdir”, “Mənə ixtisar et deyilmişdir, mən də edirəm” kimi bəhanələrlə ömrünün 30-40 ilini kitabxana işinə sərf etmiş mütəxəssisləri işdən kənarlaşdırması ilə fəxr edən Məmməd Əliyev dövlətçilik, azərbaycançılıq, kitabxana işinin inkişafı naminə deyil, AMEA rəhbərliyinin xoşuna gəlmək, boşalmış vəzifələrə yeni işçilər götürmək üçün hər cür addımlar atır.

Onun hər bir göstərişi MEK-də əvvəl qurulmuş müasir strukturu dağıtmağa xidmət edir. İllər əvvəl ixtisası kitabxanaçı olmadan bu vəzifəni tutmuş və qanunazidd işlər görmüş sələfinin yolu ilə gedən Məmməd Əliyev də kitabxananın otaqlarını icarəyə verərək özü üçün əlavə gəlir əldə edir. Məmməd Əliyevdən əvvəl qısa müddətdə MEK-in direktoru olmuş şəxs isə bütün bu qanunsuzluqları aşkara çıxartdığna, kitabxananın binasında qanunsuz yerləşdirilmiş obyektləri oradan uzaqlaşdırdığına görə AMEA-nın rəhbərliyinə xoş gəlməmiş və peşəkar kitabxanaçı olmasına baxmayaraq, tutduğu vəzifədən kənarlaşdırılmışdır. Biz – uzun müddət bu kitabxanada yüksək olmayan əmək haqqı ilə, lakin vicdanla çalışan bir qrup əməkdaş yuxarıda sadaladığımız neqativ halların dövlətçiliyimizə, xalqımıza və elmimizə qarşı yönəldilmiş siyasət olduğunu yaxşı başa düşsək də, vəzifə səlayiyyətlərimiz çərçivəsində bu qanunsuzluğa qarşı tədbirlər görülməsinə nail ola bilməmişik. Elə bu səbəbdən müvafiq addımlar atılması üçün Sizə müraciət edirik. Azərbaycan elminin təhqirə məruz qoyularaq naşı və rüşvətxor məmurların əlində oyuncağa çevrilməsini Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı yolverilməz hesab edirik. Bu məktub qanun pozuntusu ilə işdən uzaqlaşdırılmış, lakin səsi heç kimə çatmayan bir çox peşəkar kitabxanaçının harayıdır...”

Müraciət müəllifləri ümid edirlər ki, Prezident AMEA-nın Mərkəzi Elmi Kitabxasında baş verən qanunsuzluqların, bu kitabxananın on illərlə orada işləmiş əmədaşlarına qarşı edilən ədalətsizliyin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi barədə göstəriş verəcək.

MEK: “Yazılanlar qətiyyən həqiqəti əks etdirmir və yalandır”
MEK direktoru M.Əliyev barədə səsləndirilən ittihamlarla bağlı MEK-lə əlaqə saxladıq. MEK-in İctimaiyyətlə Əlaqələr və İnformasiya şöbəsinin müdiri Mina Qasımova bildirdi ki, mətbuatda yazılanlar həqiqəti əks etdirmir: “Bu müraciət həqiqətə uyğun deyil, çünki orada imzalar yoxdur, anonimdir. Yazılanlar qətiyyən həqiqəti əks etdirmir və yalandır. Hələ ki, bu barədə mətbuata geniş açıqlama vermək istəmirik. Biz özümüz sizinlə əlaqə saxlayacağıq”.

MEK əməkdaşı: “Mən həqiqətən də istəyirəm ki, baş verənlərlə bağlı gedib hansısa qurumlara müraciət edəm”
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının bəzi əməkdaşları isə bizimlə əlaqə saxlayaraq müraciətdə qeyd olunanların tamamilə həqiqət olduğunu bildirdilər və dedilər ki, deyilənlərin hamısı doğrudur. Onlar bildirdilər ki, MEK direktoru qeyri-kitabxanaçıları müxtəlif ştatlara işə götürür, amma peşəkar kitabxanaçılara “ştat yoxdur” deyir.

Əməkdaşlar bildirdilər ki, onların prezidentə müraciətindən sonra direktor çox narahatlıq keçirir və şöbə əməkdaşlarına MEK-ə komissiya gələcəyini deyir. MEK əməkdaşları qeyd etdi ki, Məmməd Əliyev Ramiz Mehdiyevin yaxın adamı olub və bu səbəbdən də istədiyini edib. R.Mehdiyev getsə də, hələ də onun akademiyada xofunun qaldığını deyən əməkdaşlar bildirirlər ki, vəziyyət o qədər kritikdir, hər kəs ayağa qalxıb. M.Əliyevin onlara hədə-qorxu gəldiyini deyən əməkdaşların bildirdiyinə görə, məsələ tezliklə çözülməlidir. MEK əməkdaşlarından biri bizimlə söhbətində bildirdi ki, biblioqraf-kitabxanaçıdır, hazırda da magistraturada oxuyur. “Bu adam iki ildir mənə qəti ştat vermir. Ştatı kimə verib? Bu günlərdə həbs olunan AMEA Prezidenti katibliyinin rəisi Eldar Əmirovun adamlarını işə götürüb. O çox adamları bura gətirib. Əsas da öz profilinə uyğun adamları bura gətirib. Direktorun özü kitabxanaçı deyil. Texnikumu bitirən, yaxud heç yeri bitirməyən adamları gətirib burada işə götürüb hamısına ştat verib. Mən də deyəndə ki, mənə ştat verin, “ştat yoxdur” deyir. Axı yalan deyir. Bilirəm ki, ştat var, o ştatları paylayıb. Ştat pulladır. Mənim pulum yoxdur ştat ala bilmirəm. Yəni mən həqiqətən də istəyirəm ki, baş verənlərlə bağlı gedib hansısa qurumlara müraciət edəm. Həmişə məni dekret yerində saxlayır. Mənim maaşım niyə kəsilməlidir? Mən xəstə adamam, aldığım pul heç dərmanlarıma çatmır. Pulumu dərmana verim, yeməyə verim, bilmirəm. Direktor hər ay mənim maşımı kəsir. Təkcə mənim maaşımı kəsmir, hamının maaşını kəsir. Bu adam açıq-aşkar pambıqla baş kəsir”.

MEK əməkdaşlarının Prezidentə müraciətindən müsahibmizin xəbəri olub-olmadığını da soruşduq, o qeyd etdi ki, müraciətdən xəbəri yoxdur. “Mənim o müraciətdən xəbərim yoxdur. Sadəcə özüm haqqımda danışa bilərəm. Bir onu deyə bilərəm ki, MEK-də direktordan narazılar həddən artıq çoxdur. Kitabxanaçıları sıxışdırmaq düzgün deyil. Bura kitabxanaçıların yeridir. Bura texnikum bitirmiş qeyri-profillərin yeri deyil. Mənim qorxacaq bir yerim yoxdur. Amma hələlik adımın açıqlanmasını istəmirəm. Lazım gələrsə, bu dediyimi istənilən yerdə deyə bilərəm. Amma hələlik adımı qeyd etməyin”- deyə müsahibimiz vurğuladı.

Bir məqamı da vurğulayaq ki, son günlər mətbuatda MEK-dən kitabların kütləvi şəkildə yoxa çıxması ilə bağlı iddialar da yer alır. Ümid edirik ki, bütün iddialara MEK rəhbərliyi cavab verəcək. Eyni zamanda MEK rəhbərliyinin bu barədə hər hansı açıqlaması olarsa dərc edə bilərik, çünki bizim qurumun ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinə göndərdiyimiz sorğunun cavabı tam olaraq verilməyib. Yəqin ki, MEK-dən cavab göndəriləcək.
İradə SARIYEVA //azinfo.tv//
Text-to-Speech

DİNLƏ






Şərh yaz