Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevi ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə görə sərt tənqid edib. O bildirib ki, Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur və COVİD-ə yoluxmuş baş direktorun səhhətiylə maraqlanmayıb”.
Məsələ ilə bağlı Qaynarinfo AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov professor Kərim Şükürovun mediada yayımlanan fikirlərinə qısa münasibət bildirib.
"İstefası ilə bağlı heç nə deyə bilməyəcəyəm. Amma onu deyə bilərəm ki, Ramiz müəllim onun səhhəti ilə maraqlanıb və hətta ona zəng edib. Qalan təfərrüatı bilmirəm”.
Kərim Şükürov iddia edir ki, Ramiz Mehdiyev AMEA-da məişət səviyyəli intriqalarla məşğul olur. Bəs dünən keçirilən o məlum iclasda iştirak etmiş Arif Həşimovun bu fikirlərə münasibətiniz necədir?
"İştirak etmişəm. Ramiz müəllim akademiyanın prezidentidir. O, burada gedən hər bir prosesə qiymət verməlidir. O cümlədən rəhbər şəxslərə də. Kim nə işlədi, kim nə işləmədi bilməlidir”.
Arif Həşimov Kərim Şükürovun istefası ilə bağlı mətbuatda dərc olunan fikirlərinə isə belə münasibət bildirib:
"Mən məlumatı hələ oxumamışam. Bu gün qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar tədbirlərimiz var. Sabah bu məsələyə münasibət bildirə bilərik”.