Xeyli müddətdir mətbuat AMEA-da baş verənləri diqqətlə izləyir.
AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Ramiz Mehdiyevi istefaya çağırıb.
O, APA-ya açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyanın inkişafına dair təqdim edilən proqram dünya elminin daha intensiv inkişaf etdiyi müasir dövrdə onun tələblərini nəzərə almaq əvəzinə, elmətrafı məsələlərə həsr edilib:
“Ən əsası isə akademiya elminin idarə edilməsi sahəsində səriştəsizlik göstərildi. Elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyən edilməsi və inkişaf etdirilməsində xüsusi rolu olan mövcud koordinasiya şuraları parçalandı, az sonra bu dəfə hədsiz dərəcədə mərkəzləşdirildi. Əsas elmi tədqiqat mərkəzləri olan elmi tədqiqat institutlarının strukturunun yeni çağırışlara uyğun olaraq təkmilləşdirilməsi əvəzinə, burada da kosmetik dəyişikliklər həyata keçirildi. Baş direktor və icraçı direktor vəzifələri təsis edildi ki, bunlar da işin keyfiyyətinə ciddi təsir edə bilmədi. Bu cür mənasız eksperimentlər digər sahələrdə də davam etdirildi”.
K. Şükürov qeyd edib ki, Ramiz Mehdiyev pandemiya şəraitinin tələblərinə uyğun olaraq akademiyanın səmərəli fəaliyyətini təşkil edə bilmədi, vəziyyətdən sui-istifadə edərək şəxsi hakimiyyətini möhkəmləndirməyə çalışdı:
“Ən yolverilməz məsələ isə akademiya prezidentinin şəxsi keyfiyyətlərinin ictimaiyyət arasında ciddi tənqid hədəfinə çevrilməsidir. Ramiz Mehdiyev Azərbaycan elminin liderindən daha çox, onun əngəlinə çevrilib. Bütün bunlar göstərir ki, Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsində qalmasına dair inam boşa çıxıb. Ən doğru yol onun rəhbərlik etdiyi akademiya sisteminin böhranının daha da dərinləşməsinə yol verməməsi, tutduğu vəzifəni tərk etməsidir”.
AMEA-də əslində nə baş verir? R.Mehdiyevin fəaliyyətini digər institutlarda necə dəyərləndirirlər? DİA.AZ-ın məlumatına görə cebhe.info AMEA-nın institut rəhbərlərinin bununla bağlı fikirlərini öyrənməyə çalışıb.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli mövzu ilə bağlı danışmaq istəmədiyini bildirib.
O, "Ora başqa institutdur, biz başqa. Məsələnin bizim instituta aidiyyəti yoxdur. Üzrlü sayın, mənim bu mövzu ilə bağlı heç bir fikrim yoxdur", - deyə bildirib.
Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov isə bu işlərə qarışmadığını deyib:
"Mən bu işlərə qarışmıram".
AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanovun səsi telefonda əvvəlcə çətin duyulsa da, təkrar zəngə cavab verilməyib.
Fizika İnstitunun baş direktoru, akademik Arif Həşimov da mövzudan telefon zəngini əsas gətirərək yayınıb və digər şəxslərlə danışmağı məsləhət görüb.