Axtarış...

Azərbaycan banklarının cəlbedici kredit təklifləri risk yaradırmı? - ARAŞDIRMA

Azərbaycan banklarının cəlbedici kredit təklifləri risk yaradırmı? - ARAŞDIRMA

Azərbaycan bankları manatın 2015-ci ildəki devalvasiyasından əvvəl olduğu kimi, yenidən əhaliyə aktiv şəkildə pul təklif etməyə başlayıb.

Bunu bankların adından vətəndaşlara göndərilən SMS-lərdən də hiss etmək olur. İsmarıclarda insanlara 20-40 min manat arasında nağd pul krediti təklif olunur və bu təkliflərdən faydalananlar da az deyil. Son nəticədə 2021-ci ilin yekununda Azərbaycanda ev təsərrüfatlarının aldığı kreditlərin ümumi məbləği təxminən 2020-ci ilin yekunu ilə müqayisədə 28 % artaraq 8,6 milyard manatı keçib. Onların kredit qoyuluşundakı payı isə uzun illərdən sonra yenidən 50 %-i üstələyib.

Bəs bu cür aqressiv kreditləşmə devalvasiyadan sonra olduğu kimi yenidən Azərbaycanın bank sektoruna problem yarada, vaxtı keçmiş kreditləri artıra bilərmi? Milli valyutanın 7 il əvvəlki ucuzlaşdırılmasından sonra ölkədə vaxtı keçmiş kreditlərin ümumi məbləği təxminən 50 % artaraq 1,5 milyard manatı keçmiş, onların kredit qoyuluşundakı xüsusi çəkisi isə tədricən artaraq 14 %-ə yüksəlmişdi. Yalnız 2019-cu ildə manatın məzənnəsi sabitləşdikdən sonra kredit ödənişləri nizama düşmüş, problemli kreditlər azalmağa başlamışdı. Odur ki, bankların hazırki kredit siyasəti narahatlıq doğurmaya bilməz.

“Bu gün banklar ehtiyatlıdırlar”

Bununla bağlı “Report”a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov hesab edir ki, bankların cəlbedici təkliflərinə baxmayaraq bu gün həmin məbləğlər elə də əlçatan deyil və kredit təşkilatları ehtiyatlıdırlar: “Hazırda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycandakı iqtisadi aktivlik elə də yüksək olmadığı üçün banklar yenidən istehlak krediti verməyə meylləniblər. Amma bu gün banklar kifayət qədər ehtiyatlıdırlar. Kredit vermək üçün daha çox əlində inzibati alətlər olan banklar fəallıq göstərir, məsələn, əmək haqqı hesabı nəzarətində olan şəxslərə böyük məbləğlər təklif edirlər. Çünki vətəndaş sabah krediti ödəməsə, bank onun əmək haqqı kartından bütün məvacibi tuta bilir. Əgər əmək haqqı kartı başqa banka məxsus olsa, bank problemli müştərini məhkəməyə verməlidir, bu proses isə illərlə davam edə bilər”.
Azərbaycan banklarının cəlbedici kredit təklifləri risk yaradırmı? - ARAŞDIRMA

“İş şəxsiyyət vəsiqəsi ilə bitmir”

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Baş iqtisadçısı Əzizağa Haxverdiyev də deyir ki, istehlak kreditinin şərtləri kənardan göründüyü kimi sadə deyil: “İlk baxışdan elə görünə bilər ki, təkcə şəxsiyyət vəsiqəsinin olması kredit almağa bəs edir, amma iş onunla bitmir. Çünki, kredit veriləndə vətəndaşın icazəsi əsasında onun iş yerinə baxılır, digər banklar qarşısındakı öhdəlikləri öyrənilir. Yəni, heç də hər şey deyildiyi qədər sadə deyil”.

Bununla belə, ABA rəsmisi istehlak kreditləşməsinin genişlənməsinə mənfi yanaşmır. Onun sözlərinə görə, nağd pul kreditləri iqtisadi aktivliyi artırır: “Götürülən kreditlərin böyük hissəsinin yerli istehsal məhsulların alışına yönəldiyini nəzərə alsaq, bu, ölkə daxilində biznesin inkişafına dəstəkdir”.
Azərbaycan banklarının cəlbedici kredit təklifləri risk yaradırmı? - ARAŞDIRMA

“Əsas odur ki, pul təyinatı üzrə xərclənsin”

Bank mütəxəssisi Emil Əliyev isə deyir ki, bu gün ölkədə istehlak kreditləri kifayət qədər əlçatandır: “Hətta regionlardan gəlib Bakıda kirayədə qalan adamlar belə 6 ay bir yerdə işləsə, maaşının azı 10 misli qədər kredit götürə bilir. Bunun risklərinə gəlincə də, əsas odur ki, pul təyinatı üzrə xərclənsin. Məsələn, müştəri pulu təmir üçün götürdüyünü deyib, onunla avtomobil almasın. Adətən, kredit verilməzdən əvvəl bu kimi məsələlər öyrənilir, məbləğ ona uyğun ayrılır. Odur ki, böyük risklər gözlənilmir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz