Azərbaycanda şirkət və sahibkarların bank hesablarından nağd pul çıxarılmasının çətinləşməsi təklif edilib.
FED.az xəbər verir ki, bu təkliflə Hesablama Palatası 2020-ci ilə üzrə dövlət büdcəsinə verdiyi rəydə çıxış edib.
Qeyd edək ki, 2018-ci ilin əvvəlindən Azərbaycanda 1% həcmində nağdlaşdırma vergisi tətbiq edilir. Yəni sahibkar hesabından çıxarılan vəsaitin 1%-i həcmində vergi ödənilir.
Buna baxmayaraq son iki ildə Azərbaycanın şirkətləri və sahibkarları bank hesablarından nağd vəsaitlərin çıxarılmasını nəinki azaltmayıblar, hətta artırmaqdadırlar.
Palatanın hesablamasına görə, 2018-ci ildə şirkətlər və sahibkarlar bank hesablarından 2,9 milyard manat nağd pul çıxarıblar. Bunun 2,7 milyard manatı hüquqi şəxslərin, 0,2 milyard manat isə fiziki şəxs olan sahibkarların payına düşür.
2019-cu ilin sonuna bu rəqəmin 3 milyard manata (hüquqi şəxslər 2,8 mlrd. manat, fiziki şəxslər 0,2 mlrd. manat) çatması gözlənilir.
Artıq 2019-ci ilin yanvar-avqust aylarında bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 2,5 mlrd. manata çatıb.
2020-ci il üçün isə nağd çıxarılan məbləğ bir qədər də artaraq 3,6 mlrd. manata (hüquqi şəxslər 3,4 mlrd. manat, fiziki şəxslər 0,2 mlrd. manat) çatmalıdır.
Bununla əlaqədar olaraq nağdlaşdırma üzrə vergi proqnozu da 36 milyon manata qaldırılıb.
Amma Palatanın fikrincə, bu tədbir nağd pul çıxarılmasına mane olmur. Ona görə də palata təklif edir ki, pul vəsaitlərini bank hesablarından nağdlaşdıran vergi ödəyiciləri üzrə demotivasiya tədbirləri gücləndirilsin. Hələlik bu tədbirlərin nədən ibarət olacağı məlum deyil, bu nağdlaşdırma vergisinin faiz dərəcəsinin artırılması və ya artıma doğru diferensiallaşdırılması, eləcə də, əlavə bank komissiyalarının tətbiqi formasında ola bilər.
Eyni zamanda, palata təklif edir ki, nağdsız əməliyyatlara üstünlük verilməsini təşviq edən motivasiya tədbirləri də gücləndirilsin.