2019-cu ilin iyul ayında Azərbaycanda kredit qoyuluşları 198,7 milyon manat artaraq 13 milyard 681,3 milyon manata yüksəlib.
İyunun sonunda kredit qoyuluşları 13 milyard 482,6 milyon manata çatmışdı. Mərkəzi Bankın məlumatına görə, cari ilin 7 ayı ərzində isə kredit qoyuluşları 661,1 milyon manat artıb. Ötən ilin sonunda kredit qoyuluşları 13 milyard 20,3 milyon manat təşkil etmişdi.
Kredit qoyuluşlarındakı artımın böyük hissəsi istehlak kreditlərinin artması ilə bağlıdır. Belə ki, iyun ayının sonu ilə müqayisədə iyulda ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat, ötən ili sonu ilə müqayisədə cari ilin 7 ayı ərzində isə 618,7 milyon manat artaraq 5 milyard 938,3 milyon manata çatıb. Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 43,4 faizə yüksəlib (kreditlərin yarıya yaxını ev təsərrüfatlarına verilən kreditlərdir).
Ev təsərrüfatlarına verilmiş 5 milyard 938,3 milyon manat kreditlərin 1 milyard 926,2 milyon manatı daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər təşkil edib. Bu kreditlər iyulda 4,9 milyon manat, 7 ay ərzində isə 55,4 milyon manat artıb. Beləliklə, istehlak kreditləri iyulda 131,6 milyon manat, 7 ay ərzində isə 563,3 milyon manat artıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov əhaliyə verilən cəmi kreditlərin bankların kredit portfelinin yarısına yaxınlaşmasının problemlər yarada biləcəyi barədə xəbərdarlıq etmişdir: “Mərkəzi Bank hesab edir ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər”.
Analitiklər hesab edir ki, bankın passivlər aktivlərdən çoxdursa, yəni verəcəkləri alacaqlarından çoxdursa, bir müddət sonra problem idarəolunmaz hala gələ bilər. Ona görə də, yaxın gələcəkdə bank sektorunda növbəti problemli kredit dalğasının yenidən aktuallaşa biləcəyi ehtimal olunur.
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Mərkəzi Bankın məlum statistikasında kreditlərinin artdığı, amma onun problemli kreditlərə nə dərəcədə təsiri etdiyi deyilmir:
“Yəni birmənalı olaraq, problemli kreditlərin artmasını sırf istehlak kreditləri ilə bağlılığı qeyd olunmur. Təəssüf ki, yerli banklar real iqtisadiyyata yox, çox zaman istehlak kreditləri hesabına dolanmağa üstünlük verirlər. Bu əsnada pensiyaçılara, stabil əməkhaqqı olan şəxslərə kredit verirlər. Ən başlıcası həmin kreditlərin faiz dərəcəsi kifayət qədər yüksəkdir və hesab edirlər ki, orada risk azdır. Amma sahibkarlara kredit vermirlər ki, uzunmüddətlidir, risklər çoxdur və sair. Bütövlükdə bu yaxşı hal deyil, banklar əsasən istehlak kreditləri üçün yox, biznes kreditləri üçün fəaliyyət göstərməlidirlər. Yəni sahibkarlara kredit verilməlidir ki, ölkədə iqtisadi inkişaf olsun, yeni iş yerləri açılsın. Əks halda, istehlakçıya kredit verməklə onun son vəsaitini də əlindən almaqdır”.
Analitik onu da vurğulayıb ki, ilk baxışdan məlum statistikanı problemli kreditlərin həcmi artımı kimi qiymətləndirmək olar:
“Bu, reallıqda banklar tərəfindən məcburən problemi kreditlərin həcminin etirafıdır. Mütəmadi olaraq müstəqil ekspertlər, eləcə də beynəlxalq reytinq agentlikləri qeyd ediblər ki, Azərbaycanın bank sistemində problemli kreditlərin real həcmi bəyan edildiyindən xeyli çoxdur. Sadəcə, banklar bu həcmi gizlədirlər, indi isə açıqlamağa məcbur olublar. Amma bu heç də o demək deyil ki, indi verilən kreditlər problemli kreditlərə çevrilə bilməz. Yaxınlarda Maliyyə Bazarlarına Nəzarət Palatası bank inzibatçılarının mükafatlandırılması şərtlərini yumşaltdı.
Yəni Palata banklarda korporativ idarəetmə standartlarını qəbul etdi. Təxminən 5-6 il əvvəl məhz bunun nəticəsi idi ki, bank rəhbərləri və inzibatçıları çoxlu kredit verməkdə maraqlı idi. Bu bir faktdır ki, hər bir kredit mütəxəssisi nə qədər çox kredit verirsə, bonus qazanır. Son nəticədə məlum oldu ki, onlar verdikləri kreditlərin çoxu qaytarılmayandır. Amma onlar yaxşı qazanc əldə etdilər. Son dövrlərdə Mərkəzi Bank bonusların verilməsini məhdudlaşdırmışdı, amma Palata buna yenə imkan açdı. Bu da ona gətirir ki, bank inzibatçıları daha çox kredit verməkdə maraqlı olur və bonus götürür. Amma verdiyi kreditin qayıdıb-qayıtmayacağı müəmmalıdır. Təəssüf ki, bu işdə Palata problemli kreditlərin həcminin artmasının qarşısını almaq əvəzinə buna yardım etmiş olur”.