Axtarış...

Problemli kreditlər artır! –“Banklara düzgün nəzarət olmalıdır ki…”

Problemli kreditlər artır! –“Banklara düzgün nəzarət olmalıdır ki…”

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 921,5 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu, aprelin 1-i ilə müqayisədə 0,4 faiz çoxdur. Problemli kreditlər ilin əvvəlinə nisbətən 3,2 faiz artıb, son 1 ildə isə 25,2 faiz azalıb.
Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1 faiz təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1 faiz, ötən il aprelin sonuna isə 8,1 faiz olub.

Məlumdur ki, ölkəmizdə uzun müddətdir pandemiya hökm sürur. Bu durum əhalinin gəlirlərinə də təsirsiz ötüşməyib. Çox güman ki, problemli kreditlərin artması məhz bu amillə bağlıdır. Bəs, hansı tədbirlər görülməlidir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Sherg.az”a bildirib ki, problemli kredit məsələsi yalnız Azərbaycanda mövcud deyil:

“Problemli kreditlər bank və kredit işinin aspektlərindən biridir. Kredit verilirsə, təbii ki, onların bir hissəsi qayıtmır, ya da qayıtmasında problemlər yaranır. Bunun səbəbləri də müxtəlifdir: Ya borc alanın maliyyə vəziyyəti pisləşib, ya bilərəkdən sui-istifadə edir ki, krediti ödəməsin, ya da bank rəhbəri qəsdlə həmin krediti verir ki, geri qayıtmasın. Problemin qarşısını almaq üçün sadəcə banklar üzərində düzgün nəzarət olmalıdır ki, onlar kimə və necə gəldi kredit verməsin. Lakin belə olduqda vətəndaşlar şikayət edir ki, niyə bizə kredit vermirlər. Ona görə verilmir ki, həmin şəxslərin məbləği qaytarmama ehtimalı daha çoxdur”.

Ekspertin fikrincə, ölkəmizdəki bank nəzarəti orqanı olan Mərkəzi Bankın əsas vəzifəsi kredit siyasətinə düzgün nəzarət etməkdir:

“Məqsəd isə verilən kreditlərin problemli məqama çevrilməməsidir. Ona görə də qanunvericilik təkmilləşməli və düzgün nəzarət olmalıdır. Ölkə Prezidenti artıq iki dəfə bank məcəlləsinin qəbul edilməsini tapşırıb. İlk dəfə 17 il, sonuncu dəfə isə 7 il əvvəl bu tapşırıq verilib, lakin hələ də icra olunmayıb. Problemin həlli üçün bank kadrları inkişaf etməli, banklarda idarəetmə sistemi dəyişməlidir”.


Daha çox xəbər

Şərh yaz