Problemli kreditlərin həcmi günü-gündən artır.
Son rəsmi məlumatlara görə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 1 milyard 746 milyon manat təşkil edib. Bu da iyun ayı müqayisədə 2 faiz çoxdur. Hazırda ümumi kredit portfelinin 16 faizini problemli kreditlər təşkil edir. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm təqribən 25-30 faiz civarındadır. Problemli kreditlər də özlüyündə iki hissəyə ayrılır. Məhkəmə qərarları və müəyyən gecikmələrlə olsa da qaytarılan kreditlər və ümumiyyətlə qaytarılmayan, yəni, “ölü kredit”lər. Hazırda problemlər üzləşən kreditlərin böyük hissəsi də məhz “ölü kredit”lərin payına düşür.
Bu günə qədər problemli kreditlərin həlli istiqamətində müəyyən təkliflər, tövsiyələr verilsə də, bu problem hələ də həllini tapmır. Aidiyyatı qurumlar problemi birtərəfli qaydada, yəni bütün yükü vətəndaşın üzərinə qoymaqla həll etməyə çalışırlar. Banklar bunda daha çox maraqlı görünür. Bankların bu günə qədər borclulara təklif etdiyi həll variantları məhz bunu deməyə əsas verir. Amma əslində devalvasiya yükünün ən az iki tərəf, bank və vətəndaş arasında bölünməsi təklif olunurdu ki, ekspertlər bunu daha effektiv variant kimi qiymətləndirirdi.
Əslində problemli kreditlərin bu səviyyədə olmasının əsas səbəbkarı elə bankların özlərinin apardığı yanlış maliyyə-kredit siyasəti oldu. Çünki bank 12 faizlə depozit cəlb edir, sonra o pulu 25-30 faizlə kredit verir. Donor təşkilatlardan cəlb olunan depozitlərin faizi isə daha az, 10 faiz civarındadır. Amma bunun müqabilində verilən kreditlər həddindən artıq bahadır. Ekspertlər kredit faizlərinin bu həddə yüksək olmasının səbəbini bazarda rəqabətli mühitin olmaması ilə izah edirlər.
Digər tərəfdən problemli kreditlərin əsas hissəsini xarici valyuta, dolların təşkil etməsi də təsadüfi deyil. Kredit bumu dövründə banklar demək olar ki, kredit müqavilələrinin 80-90 faizini dollarla bağlayırdı. Devalvasiyadan sonra isə həmin müqavilə ilə götürülən kreditlər ən az 150 faiz bahalaşdı. Bu da əhalinin əlavə xərcə düşməsinə səbəb oldu. Hazırda da eyni proses davam edir və artmayan gəlirlər xərcləri ödəmək gücündə deyil. Bu da problemli kreditlərin həcminin durmadan artmasına səbəb olur.
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə şərhində problemli kreditlərinin həcmində baş verən artımı bankların manipulyasiyası kimi izah edib: “Problemli kreditlərə ikili yanaşma var. Məsələn, 10 min manat kredit götürülüb və aylıq olaraq 500 manat ödənilməlidir. Amma iki ay heç bir ödəniş olmayıb. Bank problemli kredit kimi həmin günə olan iki aylıq ödəniş borcunu göstərir. İkinci yanaşma isə odur ki, kredit bütövlükdə problemli olaraq göstərilir. Amma hər bir halda bilinir ki, problemli kreditin həcmi ümumi olaraq qalan borcdur. Təbii ki, bir neçə aydan sonra onsuz da bank məcbur edilir ki, həmin krediti bütövlükdə problem kimi göstərsin. Yəni, artıq 1000 manatı deyil, 10 min manatı problem kredit kimi göstərməyə məcbur olur. Banklar isə problemli kreditlərin həcmini aşağı göstərmək istəyəndə eyni üsuldan istifadə edir. Sonradan sual verilir ki, problemli kreditlər niyə artır? Əslində tam olaraq artmır, sadəcə olaraq banklar məcbur olur ki, heç olmasa ödənilməyən məbləğləri problemli kredit kimi göstərsin”.
“Ölü kredit”lərin həlli məsələsinə toxunan ekspert bu borcların silinmə ehtimalının da olduğunu deyib. Ə.Həsənovun sözlərinə görə, qanunvericilik bunu tələb edir: “Geri dönüşü olmayan kreditlərin həlli yolu isə qanuni yolla bankın məhkəməyə müraciət etməsidir. Əgər borclu şəxsin girovu varsa, ondan tutula və ya borc şəxsin əmlakına yönləndirə bilər. Amma qanunda göstərilir ki, bəzi əmlaklar vətəndaşdan alına bilməz. Məsələn, borclunun 1 evi varsa, evində onun üçün zəruri olan hansısa bir əşyası, bank heç bir halda onu ala bilməz. Qalan əmlakı varsa, borcun əvəzinə alına bilər. Amma əgər şəxsin krediti qaytaracaq heç bir əmlakı yoxdursa, borcu silinməlidir. Qanun bunu deyir, sadəcə olaraq praktikada riayət olunmur”.