Axtarış...

6 milyonluq kompüter və 3 qəpiklik “kserokopiya” - Məktəblərdə bugünkü mənzərə...

6 milyonluq kompüter və 3 qəpiklik “kserokopiya” - Məktəblərdə bugünkü mənzərə...

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi kompüter avadanlıqlarının (noutbukların) alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “İnfinitech” MMC-dir. Qalib şirkətə 5 604,9 min manat ödəniləcək.

Dünən yayılan bu xəbər sosial şəbəkələrdə bir anda müakirə mövzusuna çevrildi. Qalib elan olunsa da ilkin olaraq tenderin nəticələri ilə bağlı ətraflı məlumatın olmaması cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Çünki həmin vəsaitin hara sərf edilməsi dəqiq göstərilmədiyindən məbləğlə bağlı şübhələr yarandı. Başqa sözlə desək, informasiyanın tam olmaması ictimai müzakirələrə rəvac verdi və insanlar 6 milyonluq kompüterin nəyə laızm olacağı barədə mülahizələr irəli sürməyə başladılar.

Müzakirələrin bu istiqamətdə getdiyini görən Təhsil Nazirliyi ictimai təpki qarşısında əlavə informasiya yaymağa məcbur qaldı. Notbukların alınması zamanı qanunsuzluğa yol verilməsi ilə bağlı iddialara münasibət bildirdi:

"Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən bu il ərzində ayrılan büdcə vəsaitləri çərçivəsində təhsil müəssisələrində təhsil alan şagirdlərin notbuklarla təmin olunması məqsədi ilə notbukların satınalınması üzrə tender elan edilib.Tender nəticəsində qalib gələn "İnfinitech" MMC ilə noyabrın 19-da 6 874 ədəd notbukların alınması üzrə 5604922,12 manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanıb".

Başqa sözlə, nazirlik ilkin informasiyanın natamamlığını ikinci informasiya ilə aradan qaldırmağa çalışdı. Halbuki bunu elə əvvəldən etmək mümkün idi və o zaman bəlkə də təpki bu qədər çox olmazdı. Hətta mətbuat üçün informasiyanı daha dolğun hazırlayıb hansı məktəblərə hansı sayda və hansi qiymətdə notbuk veriləcəyinə dair məlumatları da əlavə etmək olardı ki, bununla həm də şəffaflıq təmin edilərdi.

Əgər doğrudan da göstərilən sayda notbuk məktəblərə veriləcəksə, bunu müsbət qarşılamaq olar. İKT təminatı təhsildə əsasdır və pandemiya dövründə bu, daha aydın oldu.

Ancaq o da var ki, ictimaiyyət müxtəlif sahələrdə bir çox tenderlərin "nəticələri" ilə bağlı məlumatlıdır. Yəni tenderlərin qeyri-şəffaflığı heç kəs üçün sirr deyil və hətta ən yüksək səviyyələrdə də etirazlar bildirilib.

O ki qaldı məktəblərə kompüterlərin verilməsinə, hələ ötən dövrlərdə yeni kompüterlərin verilməsi adı altında müəyyən məbləğin "silinməsi" ilə bağlı fikirlər səslənir, məktəblərə yeni kompüter adı altında "ikinci əl" kompüterlərin verildiyi deyilir, danışılır, təkzib olunur, yenidən müzakirəyə çıxarılırdı. Ümid edirik ki, bu tenderin nəticələri özünü doğruldacaq, şagirdlər məhz onlara İKT-dən istifadəyə imkan verəcək kompüterlərə sahib olacaqlar.

Xatırladaq ki, pandemiya ilə bağlı distant təhsilə keçildiyində bir çox şagirdlər ancaq valideynlərinin köməyi ilə kompüterdən istifadə edə bilirdilər və bu da onların məktəbdə bu istiqamətdə lazımi səviyyədə məlumat əldə etməməsindən irəli gəlirdi.

Bundan başqa bu gün məktəblərdəki printerlərdən "pullu" istifadə ilə bağlı fikirlər də səslənir. Bu da "süpürgə pulu" toplanan, "başdansovdu" dərs keçərək evə repetitorluq üçün tələsən müəllimlərin olduğu, lazımi sənədlərin "pullu kserokopiya" olunduğu məktəblərimizdə bazar iqtisadiyyatının ən yüksək səviyyədə "inkişaf" etdiyini göstərir.

Hazırkı tender şagirdlərin İKT istiqamətində məlumatlanmasına imkan verəcəkmi?

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, ölkədə tenderlərin keçirilmə texnikası və keçiirlmə qaydası məlumdur:

"O ki qaldı Təhsil Naziriyinin İKT avadanlıqlarının alınması ilə bağlı olan tenderinə, bu saytda da elan olunub. Təbii ki, kompüterlrin sayı, yaxud hansı İKT avadanlığının alınması ilə bağlı ehtiyaclar qabaqcadan öyrənilir. Bu ehtiyaclar zəruri ehtiyaclar sırasına daxil edilib. Əlbəttə, bu tender məktəblər üçündürsə, kompüterlər məktəblərə veriləcək. Son illərdə məktəblərə kifayət qədər İKT avadanlığı, o cümlədən kompüter, printer, elektron lövhələrin verilməsi artan dinamika ilə gedir".

Ekspert deyib ki, hazırda ölkədə 4432 ümumtəhsil məktəbi var. Az sayda məktəb olar ki, ona İKT avadanlığı indiyədək verilməsin:

"Bu sayda məktəb üçün 6 milyon vəsait elə böyük məbləğ deyil. Ümumilikdə belə məktəblərin sayı az ola bilər. Yaxud elə məktəb var ki, elektron lövhəsi olmasın, ancaq bütövlükdə az məktəb ola bilər ki, kompüter verilməsin. Daha çox sevindirici hal olar ki, mənəvi cəhətdən köhnəlməmiş və yaxud son model kompüterlərin alınmasına sərf olunsun. Çünki kompüterlər 3-4 ildən sonra mənəvi cəhətdən köhnəlmiş sayılırlar. Təcrübə göstərir ki, 5-7 il bundan əvvəl dəbdə olan kompüterlər alınır və göndərilir ki, bir neçə ildən sonra onlar köhnəlmiş sayılır. Daha çox arzu olunar ki, yeni nəsil kompüterlər alınıb göndərilsin. Ancaq mən kompüteri və printer avadanlığı olmayan məktəblə qarşılaşmamışam. Elektron lövhələrlə bağlı problemlər var".

Ekspert onu da vurğuladı ki, məktəblərdə informatika otaqlarında, və xidməti kompüterlər olur:

"Təcrübədə belədir ki, bir çox hallarda kompüter və printer avadanlıqları ayrıca bir otağa qoyulur. Müəllimlərin, tədris proqramları üzrə ehtiyacların ödənilməsi üçün istifadə edilir. Ancaq bəzi faktları da qeyd etmək olar. Belə ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı məktəbə yeni direktor təyin olunan Kəmalə Babayeva məktəbdə "biznez mühitinin" yaradıması üçün "uğurlu" addımlar atır. Məktəbin müəllimlər otağında olan printerdən istifadə "pulludur". İstər Təhsil Naziliyi, istərsə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu neqativ hallara ya göz yümür, ya da sadəcə nəzarət edə bilmir".

Sosial şəbəkə istifadəçilərindən olan bir müəllim isə bildirib ki, çalışdığı məktəbdə printerlər də müəllimlərin öz vəsaiti hesabına alınır. Kiçik summativ qiymətləndirmə (KSQ) üçün A4 kağızları, kartric doldurulması müəllim hesabına təmin olunur. Ancaq o da var ki, məktəblərdə hələ də fond pulu yığılması halları var və həmin vəsait daha çox katric dolumu, summativlər üçün kağız alınması, xadimələr üçün əlavə ödəniş kimi əsaslandırılır.

Beləliklə, bu gün məktəblərin texniki vəsaitlə təmini ilə bağlı görünən mənzərə belədirsə, ümid edirik ki, yeni tender məktəblərdəki mövcud problemləri həll etməyə imkan verəcək. Yetər ki, istək olsun… Vəsait isə göründüyü kimi, var.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz