İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12,8 milyon manatlıq tenderin qalibini açıqlayıb.
"MediaPost" xəbər verir ki, tender MEEM yaradılması, avadanlıq, proqram təminatı və dəstək xidmətinin göstərilməsi, cihaz, yaddaş qurğusu, proqram təminatı, lisenziya və digər mal, iş və xidmətləri alınması ilə bağlı olub. Qalib şirkət “Caspel” MMC-dir. "MediaPost" qalib şirkətlə bağlı maraqlı bir faktı üzə çıxarıb. Məlum olub ki, Dövlət Vergi Xidmətinin keçirdiyi tenderin qalibi olan MMC-nin 1,7 milyon manatdan çox vergi borcu yaranıb. Buna baxmayaraq şirkət tenderin qalibi elan edilib. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Ceyhun Məhi oğlu Quliyevdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının "Dövlət Satınalmaları haqqında" Qanununa əsasən bu satınalma vergi borcunun olması ilə bağlı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, qanunun 6.2.5-ci maddəsinə əsasən tenderdə iştirak edək kommersiya qurumunun vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Bundan əlavə, tenderdə iştirak edən şirkətlərin bir il ərzində gecikdirilmiş vergi borcu olmamalıdır.