Axtarış...

Prezident qaziyə torpaq verdi, bələdiyyə satdı - NARAZILIQ!

Prezident qaziyə torpaq verdi, bələdiyyə satdı - NARAZILIQ!

1994-cü il mayın 9-da Qarabağ döyüşlərində baş və boğaz nahiyəmdən ağır yaralanmışam. Bədənimdə 40-dan çox qəlpə var. Çoxuşaqlı ata olduğum üçün 2004-cü ildə cənab Prezident İlham Əliyevin göstərişi ilə bələdiyyə torpağından mənə təsərrüfat üçün 50 sot torpaq verildi. 2021-ci ilin may ayına qədər torpaq məndə idi. Lakin yeni bələdiyyə sədri Elçin Manafov məndən xəbərsiz torpağı başqasına satdı.

Bu sözləri Axar.az-a Quba rayonu Qacar Zeyid kənd sakini, Qarabağ qazisi Bəybala Əliyarov deyib.

“Bu torpaq həm şəhid ailəsinə, həm də mənə aid idi. Torpağı əkib-becərirdim. Köhnə bələdiyyələr mənə hörmətlə yanaşırdılar. Bildirirdilər ki, torpaq sənindir, qanunla bu torpaq uzunömürlü qaydada sənə veriləcək. Elçin Manafov torpağı yaxşı pula satıb, adını da qoydu ki, icarəyə vermişəm. İcarəyə veribsə, mənə və şəhid ailəsinə niyə vermədi? Cənab Prezidentə və aidiyyəti qurumlara bununla bağlı məktub ünvanlamışam. Rayon İH, bələdiyyə və Quba rayon prokurorluğu da bundan xəbərdardır. Prezidentin mənə təmənnasız verdiyi torpağı niyə məhkəmə yolu ilə almalıyam? Prezident bütün qurumlara tapşırıb ki, qazilərin və şəhid ailələrinin haqqına girməsinlər. Bizim bu vəziyyətimizdən yararlananlara nə ad vermək olar”, - B.Əliyarov bildirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Quba rayonu Qacar Zeyid kəndinin bələdiyyə sədri Elçin Manafov bildirib ki, sözügedən torpağı bələdiyyə icarəyə vermir, mövcud qanunvericiliyə uyğun olaraq məsələ Hərrac Komissiyasına göndərilir:

“Hərracın qalibi kim olursa, şəhadətnamə ona verilir. Hazırda Bəybala Əliyarovun iddiası ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Bizdə B.Əliyarovun 2004-cü ildən sonra sözügedən torpağı istifadə etməsi ilə bağlı heç bir məlumat yoxdur. Məsələnin hüquqi tərəflərini vətəndaşa izah etmişik. 2012-ci ildən sonra əraziyə baxılmayıb. Orada bağdan əsər-əlamət qalmayıb. Tamamilə baxımsızdır. Qanunvericiliyə uyğun olaraq B.Əliyarov narazılığı ilə bağlı məhkəməyə müraciət edə bilər”.

Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehman Mahmudov isə qeyd edib ki, B.Əliyarovun məsələsi kənd bələdiyyəsi ilə birgə araşdırılıb:

“Bəybala Əliyarov torpaq sahəsi ilə bağlı kənd bələdiyyəsi ilə rəsmi müqavilə bağlamayıb. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparlacaq, vətəndaşa rəsmi məlumat veriləcək”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz