Axtarış...

Neftçala sakini nədən giley edir? - Müraciət

Neftçala sakini nədən giley edir? - Müraciət

Neftçala rayon Beşdəli kənd sakini, ikinci qrup Qarabağ Əlili Səmədov Gözəl Həşim oğlu Moderator.az-a ünvanladığı şikayət məktubunda Qaraqaşlı kənd bələdiyyə sədri Elman Sultanovdan ölkə başçısına şikayət edib.

Müraciətdə deyilir:

Hörmətli Ali Baş Komandan!

Yazıb sizə bildirmək istəyirəm ki, mən Səmədov Gözəl Həşim oğlu ikinci qrup Qarabağ əliliyəm. Ailəliyəm, iki övladım var. Heç bir yerdə işləmirəm, gəlir yerim yoxdur. Aldığım əlillik müavinəti ailəmin dolanışığını ödəyə bilmədiyi üçün əkinçiliklə məşğul oluram. Bunun üçün mənə torpaq sahəsi lazımdır. Beş hektar torpaq icarəyə götürmək üçün bələdiyyə sədri Elman Sultanova dəfələrlə müraciət etsəm də, heç bir faydası yoxdur. Məsələylə bağlı rayon icra hakimiyyəti başçısının müavinlərinin qəbulunda da olmuşam.

Qarabağda sağlamlığını itirən bir adam üçün beş hektar icarəyə torpaq verməyi bələdiyyə sədrimiz daşa-düyünə salıb. E.Sultanov qanunvericiliyə belə məhəl qoymur və hətta yazdığım müraciətlərimə belə rəsmi cavab verməkdən boyun qaçırır. Onu deyim ki, ərazidə əhaliyə məxsus olan torpaq sahələrində qanunsuz olaraq balıq gölləri yaradılıb. Bu göllərin çoxu da imkanlı adamlara məxsusdur və bələdiyyə sədrinin özü də bu adamlarla şərikdir. Bir sözlə E.Sultanov dövlətin qanunlarını saya salmır. Nə imkanım, nə də inamım var ki, məhkəməyə müraciət edərək bələdiyyə sədrinin tapdadığı haqqımı bərpa edim. Sizdən xahişim odur ki, məlum problemimin həlli üçün müvafiq qurumlara öz göstəriş və tapşırıqlarınızı verəsiniz.

Redaksiyadan: Məsələylə bağlı bələdiyyə sədri Elman Sultanovla əlaqə saxlamaq istəsək də təəssüflər olsun ki, telefon zənglərinə cavab vermədi. Amma biz yenə də qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz