Biləsuvar rayon Bəydilli (Bəydili) kənd sakini Xudaverdi Bədirov Allahverdi oğlu yerli məmurlardan narazıdır.
X.Bədirov konkret olaraq Bəydilli kəndinin ərazi icra nümayəndəsi Adil Cəfərovdan və Bəydilli kənd bələdiyyəsinin sədri İlqar Kərimovdan şikayətçidir.
“Məni zorla İcra nümayəndəliyindən uzaqlaşdırdılar”
“Cümhuriyət” qəzetinə müraciət edən Bədirov Xudaverdi bildirib ki, Adil Cəfərovla İlqar Kərimov məqsədli şəkildə onun əkin sahəsinin 35 sotunu Əliyev Cəlal adlı şəxsə satıblar:
“Mənə əkin üçün dövlət tərəfindən 1 hektar 46 sot torpaq sahəsi verilib. Lakin illərdir ki, Bəydilli kəndinin icra nümayəndəsi Adil Cəfərovla həmin kəndin bələdiyyə sədri İlqar Kərimov mənə məxsus əkin sahəsinin 35 sotunu Əliyev Cəlal adlı şəxsə satıblar. Bu barədə dəfələrlə Bəydilli kəndinin icra nümayəndəsi Adil Cəfərovun və bələdiyyə sədri İlqar Kərimovun qəbulunda olub bildirmişəm ki, əkin sahəmin bir hissəsi qanunsuz olaraq Əliyev Cəlal tərəfindən mənimsənilərək istifadə olunur. Gəlin dövlətin mənə verdiyi bu torpağı ölçün ki, Əliyev Cəlal tərəfindən qanunsuz əkilməsinin qarşısı alınsın. Lakin buna cavab olaraq Adil Cəfərov və İlqar Kərimov mənə dedilər ki, torpağının ölçülməsi üçün 175 manat ödəniş etməlisən. Bundan sonra isə sənin torpaq sahən peyk görüntüsü vasitəsi ilə ölçüləcək. Mən isə həmin məbləği ödəməyə imkanım çatmağını bildirərək dedim ki, Əliyev Cəlala mənim əkin sahəmi siz satmısınız. Əliyev Cəlal 20 ildir mənim əkin sahəmi əkdiyini və 5 ildir də onlardan bu torpağın, guya ona məxsus olduğunu təsdiqləyən sənəd aldığını bildirir. Dedim ki, axı mənə yaşamağa, təsərrüfat saxlamağa torpaq vermirsiniz. Bunlar azmış kimi, dövlətin mənə verdiyi əkin sahəmi də satırsız. Onda İlqar Kərimov Adil Cəfərova dedi ki, sahə rəisini çağır, Xudaverdi Bədirovu qəsbkar kimi həbs etsinlər. Dedim ki, mənə torpaq verməmisiniz, üstəlik də əkin sahəmi qanunsuz olaraq satıbsınız. Haqqımı tələb etdiyim üçün qəsbkar oluram? Məni zorla Bəydilli kənd icra nümayəndəliyindən uzaqlaşdırdılar. Heç bir şikayətimə də baxılmadı”.
“İllərdir ki, torpağımın 35 sotunu qanunsuz olaraq əkib-biçib”
X. Bədirov bildirib ki, bundan sonra Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı, korrupsiya və bir sıra cinayət əməllərinə görə həbs olunan Mahir Quliyevin qəbuluna girməyə qərar verib:
“Məsələnin bu yerdə olduğunu gördükdən sonra Biləsuvarın keçmiş İcra başçısı Mahir Quliyevin qəbuluna getməyə qərar verdim. Lakin İlqar Kərimovla Adil Cəfərov qarşımı kəsib dedilər ki, gedək sənin əkin sahəni ölçək. Gəlib ölçdükdən sonra dedilər ki, sənin torpağının sahəsi düzdür, heç bir müdaxilə yoxdur, çünki özləri satmışdılar və etiraf etmək istəmirdilər. O torpaq mənə veriləndə işarələr qoymuşdum. İşarələri müəyyənləşdirilmiş sərhəd nöqtələrinə söyüd ağacları əkməklə qoymuşam. Lakin buna baxmayaraq, Cəlal Əliyevi yenə də mənə məxsus torpaq sahəsini qanunsuz əkməkdən daşındıra bilmirdim. Dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq, davam edirdi. Qanuni ölçü götürülməsini istəyirdim. İstəyirdim ki, bələdiyyə dövlətin ədalətli qanunları ilə mənim əkin sahəmi ölçüb özümə təhvil versin. Lakin onlar da məni aldatmağa çalışırdılar. Buna görə də mövcud problem öz həllini tapmadı və mənim torpağımı Əliyev Cəlal əkməyə davam etdi. Belə olanda icarəyə bir traktor götürüb öz ərazimi nişanladığım ölçülərlə şumladım. Buna qarşılıq olaraq Adil Cəfərov və İlqar Kərimovla əlbir olmuş Əliyev Cəlal məni polisə verdi ki, guya onun əkin sahəsini şumlamışam. Buna görə də polis şöbəsinə çağırıb məndən izahat aldılar. Bildirdim ki, mən yalnız özümə məxsus olan ərazini şumlamışam və pambıq əkmək istəyirəm. Bu barədə zavodla müqavilə də bağlamışam.
Əgər torpağımı şumlamaqla bağlı hansısa şübhə varsa, gəlib ölçsünlər. Beləliklə, mənə məxsus əkin sahəsi təkrar ölçüldü və məlum oldu ki, Əliyev Cəlal illərdir ki, torpağımın 35 sotunu qanunsuz olaraq əkib-biçib. Bu faktla bağlı 7 nəfər hal şahidinin imzası ilə protokol tərtib edildi. Lakin yenə də problem həll edilmədən qaldı. Belə olanda Biləsuvar rayonunun Milli Məclisdəki təmsilçisi, millət vəkili Bəhruz Məhərrəmova müraciət edib mənə dövlətin qanunları ilə yaşamaq üçün həyətyanı torpaq verilmədiyini, əksinə, əkin sahəmin də qəsb edildiyini və bu məsələlərin aidiyyəti qurumlar tərəfindən həll edilmədiyini bildirdim. O da çox sağ olsun ki, şikayətimi yazılı müraciətlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədova çatdırdı. Lakin həmin mərkəzdən də heç bir reaksiya bildirilmədi”.
“Əgər çəkiliş etsən, sənin ayağına zəbt yazacağıq”
X.Bədirov deyib ki, bundan sonra Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edib və mövcud qanunsuzluqları bildirib:
“Bütün bunlardan sonra Daxili İşlər Nazirliyinə ərizə yazıb bildirdim ki, mən 2005-ci ildən özüm, 2012-ci ildən isə övladlarım həyətyanı torpaq növbəsinə durmağımıza baxmayaraq, qanunla müəyyənləşdirilmiş rüsumla mənə torpaq verilmir. Mənə Bəydilli kəndinin icra nümayəndəsi və bələdiyyə sədri deyir ki, hansısa ərazini sənə veririk. Gətirib ərazini göstərirlər və tələb edirlər ki, təcili bura tikinti materialı tök. Deyirlər ki, əgər material tökməsən, torpaqdan imtina kimi dəyərləndiriləcək və başqasına veriləcək. Bu yolla mənə təsərrüfatımın bir hissəsini dəyər-dəyməzinə satdırıb məhv etdirdilər və həmin sahəyə daş, armatur tökdürdülər. Lakin bir müddətdən sonra gəlib dedilər ki, o torpağı şəhid ailəsinə verdik. Mənim tikinti materiallarımı, daş və armaturları oğurlatdırdılar. Torpağımın şəhid ailəsinə verilməsinə narazılıq etmədim, lakin bildirdim ki, mənə heç olmasa, başqa yerdə torpaq verin. Eyni zamanda əmlakımın oğurlanması ilə bağlı polis şöbəsinə müraciət etdim, baxmadılar. Əksinə, mənim işığıma, suyuma əsassız borc yazıldı. Övladlarımı öyrədilmiş şəxslərlə şərləyib mənim yanımdan uzaqlaşdırmağa çalışdılar. Bütün bunları ərizəmdə qeyd edib Daxili İşlər Nazirliyinə göndərəndən bir neçə gün sonra Biləsuvar rayon polis şöbəsinin rəisi, polis polkovnik- leytenantı Nəsib Məmmədov məni qəbul edərək dedi ki, sənin əkin sahənin təzminatını ödətdirsəm, daşların oğurlanması məsələsindən imtina edərsən? Mən də heç bir cavab vermədim. Onlar isə bunu razılıq kimi qəbul etdilər. Lakin o məsələ də həll olunmadı və mənə qarşı edilən təzyiqlər artmağa başladı. Polislər həyətimdə qanunsuz formada məni hədələyəndə çəkiliş etməyə başladım. Bu, ictimai iş olduğu və mənim həyətimdə baş verdiyi üçün tam hüququmun olduğunu düşündüm. Baş leytenant Nicat Şirinov mənə dedi ki, əgər çəkiliş etsən, sənin ayağına zəbt yazacağıq. Guya mən Əliyev Cəlalın torpağını zəbt etmişəm. Halbuki mənim torpağımın zəbt edildiyi barədə protokol tərtib edilib”.
“Onlar dövlətin imicinə ləkə vurmağa çalışırlar”
X.Bədirov ona qarşı olunan təzyiqlərin bununla da bitmədiyini bildirir:
“Bəydilli kəndinin icra nümayəndəsi və bələdiyyə sədrinin mənə qarşı olan təzyiqləri bununla da bitmədi. Hər il dövlət əkinə dəstək məqsədi ilə vətəndaşlara səpin pulu ayırır. Ona görə qeydiyyatdan keçmək üçün torpağın sənədinin üzünü kənd İcra nümayəndəliyinə verməli oluruq ki, qeydiyyata alınsın. Özüm yaşlı adam olduğum üçün sənədi oğlum Rüfət Bədirli ilə göndərdim. Lakin bilmədən sənədin üzünü deyil, əslini Adil Cəfərova verib. Adil Cəfərov isə məni qeydiyyata salmayıb. Belə olanda səbəbini soruşdum. Dedi ki, guya ona sənəd verilməyib. Əlavə etdi ki, qeydiyyata düşmək üçün yenidən torpağın sənədini əldə etməli, bunun üçün 11 manat ödəniş etməlisən. Dedim ki, mən hər yerə gedib-gələ bilmirəm, uşaqlarımı da mənim yanımdan uzaqlaşdırmısız. Dedi ver, özüm ödəniş edərəm. Pulu versəm də, nə sənəd düzəldi, nə də dövlətin ayırdığı yardım. Beləliklə, Adil Cəfərovla İlqar Kərimov aylarla mənim torpaq pulumu mənimsəyir və mənə əkinə imkan vermirlər. Məndən Əliyev Cəlala satdıqları 35 sot torpağımı şumlatdırmağımın acığını çıxırdılar. Bütün bu problemlər hələ də qalmaqdadır. Həyətyanı torpağı vermədikləri üçün sabiq Ombudsman Elmira Süleymanovaya ərizə yazdım. Həmin ərizədən sonra mənə yenə bir həyətyanı torpaq verdilər və onlara cavab yazdılar ki, vətəndaş torpaqla təmin olunub. Bir neçə gün keçəndən sonra təkrar dedilər ki, bu torpağı da məcbur olub şəhid ailəsinə verdik. Yəni hər dəfə mənim qarşımı şəhidlərimizin əziz xatirəsi ilə kəsdilər. Bu məmurlar bununla dövlətimizin imicinə də ləkə vurmağa çalışırlar ki, guya şəhidlərimizin ailələrinə verilə biləcək torpağımız yoxdur. Məsələ burasındadır ki, mənə torpağın sotunun neçəyə olduğunu da demirlər. Dəfələrlə ödəniş etmişəm. Xahiş edirəm,mənə yaşadığım ərazidə 1 sot torpaq üçün nə qədər dövlət rüsumu tələb olunduğu bildirilsin”.