Gürşad Ramazanov Çernobıl əlilidir. Bədənində 25 faiz şüalanma var. Daim həkim nəzarətindədir. Övladlarının ikisini məhz şüalanmaya görə itirib. Digər 3 övladı isə eyni səbəbə görə xəstədir. Müalicə məqsədilə tez-tez Bakıya gəlməli olur. Məhz bu səbəbdən qərara gəlir ki, imkanı daxilində Bakıya yaxın bir ərazidə torpaq sahəsi alıb, ev tiksin. Lakin onun nəzərə almadığı bir məqam olub, o da başına gəlib.
Şikayətçi başına gələnləri Musavat.com-a danışıb:
“Bakı ətrafı qəsəbələrin birində 2-3 otaqlı ev tikdirmək qərarına gəldik. Bu səbəbdən də 2015-ci ildə etibarnamə ilə Bakı şəhəri Maştağa qəsəbəsi Savalan yaşayış massivindən torpaq aldım. Torpaq sahəsi sənəd üzrə Bakı şəhəri 9 A mikrorayonu, M. Cəlal küçəsi ev 41, mənzil 33 ünvanında qeydiyyatda olan Şirinov Füzuli Rəsul oğlunun adına idi. Mənə satılan torpaq sahəsini rəsmiləşdirmək məqsədi ilə biz Bakı şəhəri 17 saylı notarial kontoruna getdik. Sabunçu rayon Maştağa qəsəbəsi 1055 D saylı sahədə 12 sot torpaq sahəsindən 400 kv.m-ni mənim adıma sənədləşdirdilər. Amma dəllallar həmin 12 sot torpaq sahəsini (mənə satılan 4 sot torpaq sahəsi daxil olmaqla) Cəbrayılov Fərzani Nəcəf oğluna satıbmış. Əlavə edim ki, Fərzani həmin torpaq sahəsinin bir hissəsində 2 mərtəbəli ev tikdirmiş və ailəsi ilə orada yaşayırdı. Torpağı mənə Füzuli Şirinov satsa da, mən torpağa görə Füzulinin yanında Fərzaniyə 8000 (səkkiz min) manat pul verdim. Fərzaniyə pul verdiyimi və torpağı aldığımı onun ailə üzvləri də bilirdi. İş burasıdır ki, bir müddət öncə Fərzani özünü yandıraraq intihar etdi. Bundan sonra Fərzaninin qardaşı, əvvəllər polisdə işləmiş İlqar Cəbrayılov işə qarışdı və həmin torpaq sahəsini (mənim aldığım torpaq sahəsi daxil olmaqla) mənim xəbərim olmadan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə satıb. Hazırda həmin ərazidə çoxmərtəbəli bina tikilir".
Gürşad Ramazanovun sözlərinə görə, İlqar Cəbrayılovun həmin ərazini komitəyə neçə satdığı ona aydın deyil, çünki onun həmin torpaq sahəsinin komitəyə satması ümün heç bir hüquqi səlahiyyəti olmayıb: "Bəzi məlumatlara görə, o köhnə əlaqələrindən istifadə edərək saxtakarlığa gedib və həmin torpaq sahəsini komitəyə satıb. Arada isə mənim zülmlə, xəstə halımla, xəstə uşaqlarımın boğazından kəsərək topladığım 8 min manat pul it-bata düşdü. Belə dələduzların üzündən çıxılmaz vəziyyətə düşmüşük. Fərzaninin ailəsindən əldə etdiyim məlumata görə, İlqar Cəbrayılov torpaq sahəsini komitəyə 1,5 milyona satıb. Bu necə olur? Həmin pul qızımın çehizliyi idi. Aldım ki, qızım orda ev tiksin, həkimə gedib- gəlmək məsələsi yüngülləşsin. Amma İlqar Cəbrayılov buna imkan vermədi. Odur ki, 8000 manat pul verib aldığım 4 sot torpaq sahəsinin taleyinin komitə tərəfindən araşdırılması və verdiyim məbləğin geri alınıb mənə qaytarılmasını istəyirəm”.